Almaz Ələsgərli yenidən Musiqili Teatrda
Bizi izləyin

Magazin1

Almaz Ələsgərli yenidən Musiqili Teatrda

Əməkdar artist Almaz Ələsgərli Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyətə başlayıb. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu yaxınlarda Almaz Ələsgərlinin baş rolu ifa edəcəyi yeni səhnə əsəri tamaşaçılara təqdim olunacaq.

Almaz Ələsgərli Publika.az-a açıqlamasında bu sözləri deyib: “Mən Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyorluğu” fakültəsində təhsil almışam. İlk dəfə 1985-ci ildə məhz burda – Musiqili Teatrda səhnəyə çıxmışam. Emin Sabitoğlu və Xalidə Hasilovanın “Nəğməli könül” əsərində baş qəhrəmanı Könül obrazını canlandırmışam. Sonra tale elə gətirdi ki, teatrdan uzaq düşdüm, əsasən müğənnilik fəaliyyəti ilə məşğul oldum. Amma bütün bu illər ərzində ürəyim həmişə teatrın, səhnənin yanında oldu. Elə bilirdim ki, həyatımda nəsə çatmır. Əmin olanda ki, içimdəki teatr, səhnə sevgisi məni heç vaxt tərk etməyəcək, qərar verdim ki, yenidən bu şöhrətli kollektivə qayıdım. Xeyirxah insan, əvəzsiz dost kimi tanıdığım Əliqismət müəllimə müraciət etdim. Sağ olsun, məni qəbul etdi, dinlədi və Musiqili Teatrda aktrisa kimi fəaliyyət göstərməyim üçün şərait yaratdı. Hazırda baş rollardan birini ifa etdiyim yeni tamaşanın məşqləri gedir. Burda çox gözəl yaradıcı mühit, səmimi, işgüzar kollektiv var. Yaxın zamanlarda hazırladığımız tamaşanın premyerası olacaq.

Bu səhnə əsərinin quruluşçu rejissoru, həm də bu tamaşada mənim tərəf-müqabilim olan xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamaldır. Fürsətdən istifadə edib bir daha mənə göstərdiyi etimada görə Dövlət Musiqili Teatrının direktoru, Azərbaycanın böyük ziyalısı Əliqismət Lalayevə təşəkkür edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm