• USD 1,7000 0,00% EUR 2,0179 -0,08%
    • GBP 2,3668 +0,16% RUB 0,0233 0,00%

Müğənnilər kinoya gəlsin, gəlməsin? – SORĞU

  • Magazin1
  • 30 Aprel 2016 11:30
  • 1 207 Baxış
Müğənnilər kinoya gəlsin, gəlməsin? – SORĞU

Müğənnilərin aparıcılıq eləməsinə, filmlərə çəkilməsinə dünyanın bir çox ölkələrində rast gəlmək olar. Zaman-zaman bizdə də bir çox müğənniləri aktyor və aktrisa qismində görmək olur. İfaçıların özünü aktrisa kimi sınamasına normal yanaşanlar olsa da, bunu qınaq hədəfinə çevirənlər də olur.

Bəs tanınmış aktyor və aktrisalar müğənnilərin filmə çəkilməsini necə qiymətləndirir? Publika.az bu sahədə təcrübəsi olan sənətçilərimizin fikirlərini öyrənib.

Sənubər İsgəndərli hesab edir ki, müğənnilərin özünü aktrisa kimi sınaması normal haldır: “Əgər istedadı varsa, buyursunlar. Niyə də olmasın?”

Xalq artisti Firəngiz Mütəllimovanın qənaətinə görə, müğənnilərin filmə çəkilməsi artıq dünyanın hər yerində qəbul olunub: “Müğənni rolunun öhdəsindən layiqincə gələ bilirsə, bunu ancaq alqışlaya bilərəm. Əgər onlar hər hansı teatr tamaşasında oynasaydılar, onda mən bu məsələyə bir qədər başqa cür münasibət bildirərdim. Rejissor müğənnini o rola uyğun görürsə, onun seçiminə hörmətlə yanaşmaq lazımdır”.

Aktrisa son illərdə çəkilən filmlərin ssenarisi haqqında da öz fikirlərini bölüşüb: “Bəzi filmlərin ssenarisini qənaətbəxş adlandırmaq olar. Bəzən də hind, türk filmlərinin qarışığı olur, yaxud da əvvələ baxanda filmin necə bitəcəyini artıq təxmin edirsən. İndiki dövrlə Sovet dövründə çəkilmiş filmlər arasında çox böyük fərq var. Bizim filmlərdə təkrarlanmış ssenariləri görmək istəməzdim. Filmlərin sonu heyrətləndirici bitməlidir ki, tamaşaçı ondan zövq alsın”.

“Sadəcə sev” filmində baş rollardan birini ifadə edən Azərbaycanın əməkdar artisti Elşən Rüstəmov müğənni Günay İbrahimlinin aktrisa kimi bacarıqlı olduğunu deyib: “Əslində, hər insan aktyor və ya aktrisa ola bilər. Bunun peşəkar şəkildə üzə çıxmasında rejissorun böyük rolu var. Günay xanım müğənni olsa da, filmdəki rolu uğurlu alınıb, onunla işləmək maraqlı idi”.

Tanınmış aktyordan müasir filmlərin ssenarisindən razı qalıb-qalmadığını da soruşduq: “Cəmiyyət necədirsə, onun filmləri də ona uyğun çəkilir. Teatr və film cəmiyyətin güzgüsüdür. Sovet dövründə quruluş tamam başqa idi. O vaxtkı cəmiyyət və atmosfer necə idisə, onun kino və teatrı da ona uyğun idi və insanların tələbatını ödəyirdi. İndiki dövr, indiki quruluş başqadır, deməli, yanaşma da başqa olmalıdır. Ancaq müasir Azərbaycan filmləri ilə Sovet filmlərini müqayisə etsək, onlardan öyrənməli çox məqamlar olduğunu etiraf etməliyəm. Gənc rejissorlar da yaxşı iş ərsəyə gətirmək üçün əllərindən gələni edir. Nə qədər çox film çəkilsə, bir o qədər yaxşıdır. Çünki onlar ələnir və yaxşıları tarixdə qalır. Bəzən çox keyfiyyətli filmlər meydana çıxmaya bilər. Məsələn, 100 filmdən 90-ı pis ola bilər, amma 5-i yaxşıdırsa, bu, artıq inkişaf deməkdir”.

Gənc aktyor Sənan Əlləz də bu məsələ barədə fikirlərini bildirib: “Mən aktyoram, amma radioda aparıcılıq edirəm. Heç kim mənə demir ki, bunu niyə edirsən. Əgər bunu mənə deyən bir nəfər olsa, o zaman mən də kiməsə nəsə deyə bilərəm. Bir də müğənnilərə rejissorlardan dəvət gəlirsə, bu, artıq onların seçimidir. Müğənnilərin aktyorluq və aktrisalıq bacarıqları barədə, ümumiyyətlə, danışmaq istəməzdim. İşim aparıcı kimi danışmaq olsa da, aktyor kimi susmağa üstünlük verirəm. Hətta öz çəkildiyim filmlər barəsində belə müsahibələrdən bacardığım qədər qaçıram. Aktyor filmdən kənar danışmaz!”

Müasir filmlərimizdə ssenarilər filmlərin özü kimi inkişaf edir. Yeni ssenarilər, yeni nəfəs deməkdir, heç kimin işini, əziyyətini yerə vurmaq olmaz. Amma ssenaridə nəsli kəsilən delfinlərdən yazırsansa, onda bu, heç kimə maraqlı olmaz. Sən tamaşaçının özünü yazıb, özünü göstərməlisən”.

Mövzu barədə Toppuş bacı kimi tanınan Tünzalə Əliyevanın da fikirlərini öyrəndik. O da digər həmkarları kimi rejissorun fikirlərinə hörmət etdiyini deyib: “İndi müğənnilərin çoxu filmə çəkilir. Rejissor belə məqbul bilibsə, deməli, onu rola uyğun görür. Fikrimcə, çoxunda yaxşı alınır, şəxsən mən bəyənirəm”.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR