Aktrisalar yeni çəkilən filmlərə nə dedilər?
Bizi izləyin

Magazin1

Aktrisalar yeni çəkilən filmlərə nə dedilər?

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Köşk” adlı tammetrajlı bədii filmin çəkilişlərinə başlanıb.

Filmdə baş rolları yerli aktyorlarla bərabər Gürcüstandan dəvət olunmuş Nini İaşvili və Zaza Asanişvili canlandıracaq.

Ümumiyyətlə, son vaxtlar yerli filmlərin titrlərində əcnəbi aktyorların adlarına daha çox rast gəlinir.

Maraqlıdır, yerli aktrisalarımızın buna münasibəti necədir?

Əməkdar artist Dilarə Əliyeva Publika.az-a açıqlamasında belə deyib: “Başqa ölkələrin tanınmış aktyor və aktrisalarınının yerli filmlərə dəvət olunması ənənəsi dünya praktikasında da var. Ola bilər ki, rejissor o simanı, o görünüşü əcnəbi aktrisada tapsın və onu filminə dəvət etsin. Yaxud da məşhur aktyorları filmə çəkib, onların sayəsində uğur qazanmaq mümkündür. Amma bir də var rejissor dost, tanış xatirinə kimlərisə filmə çəksin, o da sıravi aktyor yaxud da, aktrisa olsun. Elə beləsini gətirib çəkməkdənsə, beş manatını ver, özününkünü çək də”.

Aktrisa Zümrüd Qasımovanın məsələyə münasibəti bir qədər fərqli olub: “Əgər hansısa rejissor xəyalında o aktrisanı tapıb, onu canlandırmaq üçün filminə əcnəbi aktrisa dəvət edirsə, bunu normal qəbul etmək olar. Amma özümüzdə də gözəl, istedadlı aktrisalar var. Ola bilsin bizim aktrisalar 15 min qonorar istəyir, bu rejissora sərf etmir. Əcnəbi aktrisa isə verilən hər hansı məbləğə razılaşır və buna görə də onu gətirib filmə çəkirlər. Şəxsən mən, hansısa filmə dəvət alsam, birinci növbədə ssenari və alacağım məbləğlə maraqlanıram. Bu şərtlər məni təmin etmirsə, çəkilməkdən imtina edirəm”.

Əməkdar artist Mehriban Zəki hesab edir ki, filmə hansı aktyor, ya aktrisanı çəkmək rejissorun öz seçimidir: “Rejissor hansı aktrisanı o rolda görürsə, onu da çəkir. Buna normal yanaşıram. Ola bilər yerli aktrisalar onu qane etməsin və başqa ölkədən çağırsın. Mən rejissorun seçiminə müdaxilə edə bilmərəm.

Bu, mənim narazılığıma səbəb ola bilməz! Mənim narazılığıma yalnız və yalnız çəkiliş meydanında, iş münasibətlərində, müqavilələrdəki qeyri-peşəkarlıq səbəb ola bilər! Bizim aktyorlarla əcnəbi aktyorların zəhmət haqları arasındakı haqsız fərq səbəb ola bilər! Bəzən dəvət olunmuş aktyorların peşəkarlıq və istedadı özümüzünkülərlə müqayisədə kölgədə qalır. Bəzi rejissorların qeyri-peşəkar insanları filmə “çəkmələri” onların bacarıqsız olmalarını bir daha təsdiq edir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm