Tənqidçilərdən Nizaməddin Şəmsizadəyə reaksiya gəldi
Bizi izləyin

Magazin1

Tənqidçilərdən Nizaməddin Şəmsizadəyə reaksiya gəldi

Professor, tənqidçi və ədəbiyyatşünas Nizaməddin Şəmsizadə “Kulis.az”a verdiyi müsahibəsində qadın tənqidçiləri bu işlə dəb xatirinə məşğul olmaqda ittiham edib.

Publika.az “Diqqətimi çəkən imza yoxdur. İndi tənqid qadınlar arasında çox yayılıb. Ancaq çoxu dəb xatirinə məşğul olur. Hər şeydən yazırlar, ancaq hər şeydən yazacaq təfəkkürləri yoxdur”, deyən Nizaməddin Şəmsizadənin bu fikirlərinə digər tənqidçilərin reaksiyasını öyrənib.

Məryəm Əlizadə: “Mənim Nizaməddin müəllimə böyük hörmətim var. İnanmaq istəmirəm ki, o belə fikir səsləndirib. O, bizim görkəmli alimimizdir, universitetimizin pedaqoqudur, onun şəxsiyyətinə hörmət edirəm. Yəqin ki, Nizaməddin müəllimin konkret olaraq nəzərdə tutduğu şəxslər var. Güman etmirəm ki, o bu fikirləri tənqidlə məşğul olan bütün qadınlara aid etsin. Çünki Nizaməddin müəllimin mədəniyyətinə, tərbiyəsinə bələdəm”.

Aygün Aslanova: “Mən öz işimi görürəm. Başqalarının nə dediyi və ya nə düşündüyü məni maraqlandırmır”.

Əsəd Cahangir: “Nizaməddin Şəmsəddin ustaddır. Ustad sözü müzakirə olunmaz. O, elə deyibsə, deməli elədir. Mən Nizaməddin müəllimin əleyhinə çıxmadan onu demək istəyirəm ki, qadın tənqidçilər arasında ədəbi-tənqid sahəsinə öz töhfəsini verən də var, ədəbi proseslərdən xəbəri olmadan tələsik qərar çıxaranlar da. Məsələn, İradə xanımın (Musayeva) “Vaqif Səmədoğlunun poetik dünyası” adlı monoqrafiyası maraqlıdır. Ancaq bir sıra məqalələrində lüzumsuz fiquralar haqqında o qədər geniş yazır ki, buradan onun müasir ədəbi prosesləri izləmədiyi başa düşülür. Lakin düşünürəm ki, qadın tənqidçilər əllərindən gələni edirlər. Allah hamıya bir idrak tutumu bəxş edib. Ona görə də, bundan artığını gözləmək və tələb etmək düzgün deyil. Bu o demək deyil ki, kişi tənqidçilər idealdır, onların yazdıqları “Quran” ayələridir. Ümumiyyətlə, bizdə filologiya və ədəbi tənqid elminin səviyyəsi yüksəldilməlidir. Avropa və ya rus filoloqlarının məqalələrini, monoqrafiyalarını da oxuyun, bizimkiləri də, görəcəksiniz ki, aralarında yerlə göy qədər fərq var. Yaxşı tənqidçi asan yetişmir. Necə ki, yaxşı futbolçu, musiqişünas olmaq üçün müəyyən mərhələlərdən keçməlisən, tənqidçi olmaq üçün də 25 illik zəhmət tələb olunur. Yaxşı tənqidçinin yetişməsi üçün ibtidai təhsilin, orta məktəblərin, universitetlərin səviyyəsi yüksəlməlidir”.

İlknur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm