Rejissordan əcnəbi məsələsinə sərt REAKSİYA: “Aktrisalarımıza hörmət etmək lazımdır”
Bizi izləyin

Magazin1

Rejissordan əcnəbi məsələsinə sərt REAKSİYA: “Aktrisalarımıza hörmət etmək lazımdır”

Əcnəbilərin Azərbaycan filmlərində çəkilməsi və yerli aktrisaların buna etirazı kino aləmini bir-birinə vurub.

Peşəkar Rejissorlar Gildiyasının sədri, tanınmış rejissor Hüseyn Mehdiyev də məsələyə münasibət bildirib.

Publika.az-a açıqlama verən rejissor hesab edir ki, Azərbaycanda gənc və istedadlı aktyorlar var, sadəcə onlara sevgi və hörmət göstərmək lazımdır: “Dünya kino aləmində digər ölkələrdən aktyor və aktrisa seçimində iki variant əsas götürülür. Aktyorun populyarlığına görə filmin tanıdılması, bir də rejissorun axtardığı obrazı məhz həmin aktyorda, yaxud da aktrisada tapması. Əslində bu işlə kasstinq keçirən xüsusi adamlar məşğul olur. Onlar rejissorla danışıb, razılıq əsasında yerli aktyorları filmə cəlb edə bilər. Ola da bilər ki, rejissor mütləq şəkildə əcnəbi aktyorun çəkilməsini tələb etsin. Hesab edirəm ki, Azərbaycanda yetərincə istedadlı, gənc aktrisa və aktyorlar var. Əgər yaxşı rejissor varsa, yaxşı aktyor da var. Rejissor yoxdursa, demək ki, yaxşı aktyor da yoxdur. Sovetlər dönəmində də olub hansısa rejissor özünə cığır açmaq üçün tanışlıqla kimisə filmə çəkib. Amma istedadlı rejissor özü-özünə cığır açıb”.

Rejissor deyir ki, Azərbaycanda prodüser məktəbi yoxdur: “Bəzi prodüserlər belə hesab edirlər ki, az pula yaxşı film çəkmək olar. Xeyr, keyfiyyətli film üçün büdcə lazımdır. Kino həm də komanda işidir, bu işlə məşğul olanlar maddi cəhətdən təmin olunmalıdır. Aktyor çəkiliş meydançasında düşünməməlidir ki, iki manat haradan tapım və uşağıma yemək alım? Onun beyni təmiz olmalıdır ki, ortaya uğurlu iş qoya bilsin. Bizim aktyor və aktrisalar heç də istedadlarına görə əcnəbi aktyorlardan geri qalmır. Bunu yüz faiz əminliklə deyirəm. Sadəcə olaraq onları sevmək və hörmət etmək lazımdır”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm