• USD 1,7000 0,00% EUR 1,9343 0,00%
    • GBP 2,1630 0,00% RUB 0,0254 0,00%

Azərbaycan teatrının qaranlıq taleyi – Zövqsüzlük, pulsuzluq, yoxsa keyfiyyətsizlik? - ARAŞDIRMA

  • Magazin1
  • 28 Avqust 2016 13:00
  • 873 Baxış
Azərbaycan teatrının qaranlıq taleyi – Zövqsüzlük, pulsuzluq, yoxsa keyfiyyətsizlik?  - ARAŞDIRMA

Müstəqillik dövründə inkişaf edən sahələr olduğu kimi geriləyən, unudulmağa başlayan və artıq tarix olmağa hazırlaşan sahələr də var. Bunlardan biri də teatr, daha dəqiq desək, dramaturgiyadır.

Publika.az Azərbaycanda dramaturgiyaya verilən qiymət mövzusunu araşdırıb.

Son vaxtlar Azərbaycanda niyə sanballı pyeslər yazılmır? Teatr salonları niyə boş qalır? Bəlkə tamaşaçı marağının və aldıqları məvacibin aşağı olması dramaturqları həvəsdən salır? Bütün bu suallara cavab tapmaq üçün teatra ömrünü vermiş insanlara müraciət etdik.

Məşhur dramaturq, “Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" kimi pyeslərin müəllifi Camal Yusifzadənin fikrincə, dram əsərlərinin tələbləri çox artdığı üçün onunla ayaqlaşmaq çətindir. “Bizim klassiklərimiz, indiki dövrdə də böyük dramaturqlarımız var, ancaq müasir dünyanın dramaturgiyası tamam başqadır. Çox böyük kontrastlar, təzadlar, şəxsiyyətlər dünyasıdır. Bizdə belə əsərlərin azlığı marağın azalmağına səbəb olur. Dünya standartlarına cavab vermək çox çətindir. Buna görə də dramaturgiyaya böyük potensiala malik, insanları tanıyan mütəxəssislər gəlməlidir”.

Yusifzadə hesab edir ki, ölkədə dram əsərlərinin yayımlandığı bir jurnalın olmaması vəziyyəti daha da pisləşdirir: “Pyesə görə qonorar demək olar ki, verilmir. Ya da çox azdır. Hökm deyil ki, o pyes mütləq səhnəyə qoyulsun. Bu bədii əsərdir, ən azından oxunmalıdır. Bəlkə oxucu onu bəyənəcək və ya hansısa rejissorun xoşuna gələcək. Belə bir jurnalın olması məncə, bu sahənin dirçəlişinə kömək edər”.

“Cənab 21-ci əsr”, “Yovşan qağayılar”, “Tut ağacı boyunca”, “13-cü həvari, 141-ci Don Juan” kimi bir çox kitab və pyeslərin müəllifi Elçin Hüseynbəyli isə düşünür ki, problem bir az da tamaşaçı zövqünün aşağı olmağından qaynaqlanır: “Teatr ümumiyyətlə, kübar sənətdir. Azərbaycanda istər öz klassiklərimizin, istər dünya nəhənglərinin əsərləri yüksək səviyyədə tamaşaya qoyulsa da, tamaşaçı üçün maraqlı olmur. Çünki, bizim teatr mədəniyyətimiz Avropadan geri qalır. Mən düşünmürəm ki, Azərbaycanda ictimai cəmiyyətin səviyyəsi o dərəcədədir ki, onlar doğrudan da teatrı cəmiyyətdə istirahət vasitəsinə çevirə bilsinlər. Görünür, sovetlərin gəlişi ilə Azərbaycanda yaranmış zadəgan nəsli demək olar ki, bir heç olub”.

Səhnəmizə “Ağqoyunlular və Qaraqoyunlular”, "Onun iki qabırğası", "Yeddi məhbusə", "İtkin ər", "Səhnədə məhəbbət", "Varlı qadın", "Mesenat" və sairə pyeslər bəxş edən ssenarist, dramaturq Əli Əmirli isə dram əsərlərinə marağın öldüyü fikri ilə razılaşmır. Pyesi anlamaq və yazmağın müəyyən mədəni səviyyə tələb etdiyini deyən əməkdar incəsənət xadimi bu janrın başqa ədəbi növlərə nisbətən daha çox uğur qazandığını söyləyib: “Sadə bir hesablama aparaq: Akademik Milli Dram Teatrında müəllifi olduğum "Şah Qacar" iki teatr mövsümündə 48 dəfə anşlaqla oynanıb, hələ oynanacaq da. Bu o deməkdir ki, bu əsərin tamaşasına 48 dəfə 400-500 tamaşaçı baxır. Deməli, “Şah Qacar”a azı 20 min tamaşaçı baxıb. Hələ demirəm ki, həmin pyes paralel olaraq, Naxçıvan Teatrında da tamaşaya qoyulub. "Şah Qacar" haqqında 30-dan çox müsbət resenziya yazılıb. İndi mənə deyin görüm, çağdaş Azərbaycanda hansı özündən deyən roman 20 min tirajla çap edilib və satılıb? Əminəm ki, misal göstərə bilməzsiniz. Kitabların orta tirajı yaxşı halda 500-dür, o da satılmır. “Varlı qadın” adlı komediyam iyirmiyə yaxın teatrda, o cümlədən yeddi xarici ölkə teatrında tamaşaya qoyulub. Xalq yazıçısı Elçinin “Qatil”i ölkəmizdə və xaricdə dəfələrlə tamaşaya qoyulub, böyük uğur qazanıb. Firuz Mustafanın dramaturgiyası da artıq ölkə sərhədlərini aşır. Elçin Hüseynbəyli, İlqar Fəhmi, Mehman Musabəylinin dram əsərləri artıq teatrların diqqətini cəlb edir. İndi bu dediklərimdən sonra da dramın öldüyünü iddia edən adam sadəcə cığallıq edir”.

Qonorar məsələsinin dram yaradıcılığına çox təsir etmədiyini bildirən Əli Əmirli tamaşaçı alqışının müəllifin ən böyük qazancı olduğunu deyib: “Bəzən də deyirlər pyesə görə qonorar azdır, ona görə gənclər dramaturgiyaya həvəs göstərmirlər. Bu da yanlış fikirdir, bəlkə də bəhanədir. Bizim reallıqda dramaturgiya bədii yaradıcılığın yeganə növüdür ki, müəllifə müəyyən məbləğdə qonorar gətirir. Qonorarın həcmi isə yazılan və tamaşaya qoyulan əsərin keyfiyyətindən birbaşa asılıdır. Tamaşaçı çox olduqca, müəllifin qazancı da çox olacaq. Bununla belə, məsələnin bir mənəvi tərəfi də var. Dramaturqun əsərin tamaşasından, onun alqışlanmasından aldığı ləzzəti, məmnuniyyət hissini heç nə ilə müqayisə etmək olmaz. Eyni vaxtda, eyni hisslə, həyəcanla bir salon tamaşaçının sənin yaradıcılığını canlı şəkildə izləməsi yalnız teatrda mümkündür”.

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallının fikrincə isə texnologiya və sosial şəbəkələrin inkişafı təkcə teatra deyil, ədəbiyyat, rəssamlıq və kinoya da təsirsiz ötüşməyib. Buna baxmayaraq, mətbuat sözçüsü qeyd edir ki, Milli Dram Teatrında tamaşaçıların axın etdiyi tamaşalar da var: məsələn, “Şah Qacar” tamaşası bir neçə ildir səhnədədir və maraqla qarşılanır, necə deyərlər, alqışı əskik olmur. Yaxud “Qatil”, “Anamın kitabı”, “Əmir Teymur”, “Müsyö İbrahim və Quran çiçəyi” tamaşalarının adını çəkə bilərəm. Son aylarda “Ölülər” və “Müfəttiş” tamaşaları səhnəyə qoyuldu, maraqla qarşılandı və deyə bilərəm ki, hər iki klassik əsərə qarşıdakı bir neçə ildə də maraq olacaq. Zamanın, tamaşaçının tələbatına cavab verməyən səhnə əsərləri vaxtaşırı Bədii Şuranın qərarı ilə repertuardan çıxarılır, onları yeniləri əvəz edir. Son olaraq deyim ki, biz məktəblərdən, universitetlərdən hər zaman teatrlara daha diqqətli və həssas olmağı gözləyirik. Təhsil müəssisələri, yaxud ictimai qurumlar, dövlət qurumlarının marağı teatrın hər zaman yaşaması, sevilməsi, aktual olması deməkdir. O ki qaldı pyes məsələsinə, bəli, bu gün Azərbaycan rejissoru yaxşı pyesin axtarışındadır. Hər halda, yaxşı əsərin qonorarı da yaxşı olur. Təəssüf ki, bu sahədə böyük çətinlik və problemlər hələ də qalmaqdadır”.

Bütün bu fikirlərin fonunda yeni mövsümü açmağa hazırlaşan Azərbaycan teatrlarının tamaşaçıların marağını cəlb edə bilib-bilməyəcəyi sual doğurur. Növbəti ildə teart salonları dolacaq, yoxsa yenə də alışdığımız o məşhur boşluq?

Əli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>