Əkiz bacılar gizlinləri açdı: “Blokun ağzında qabağımızı kəsib...” - MÜSAHİBƏ - FOTOLAR
Bizi izləyin

Magazin1

Əkiz bacılar gizlinləri açdı: “Blokun ağzında qabağımızı kəsib...” - MÜSAHİBƏ - FOTOLAR

O statusları yazan adamların çoxu bizim efirimizə düşmək üçün bilmirdi neyləsin, indi bizdən heyif çıxırlar. Adama deyərlər verilişimiz, aparıcılığımız xoşuna gəlmirsə, baxma, çevir kanalı. Başqa verilişlərə bax.

Yaşları az olsa da, iddiaları böyükdür. Böyük işlərin qulpundan yapışmağı çox sevirlər. Həm müğənnidirlər, həm də aparıcı. Hər iki işin öhdəsindən necə gəlirlər? Bunu özləri deyəcək.

Publika.az Xəzər Televiziyasının “Hər şey daxil” proqramının aparıcıları, müğənni Sevil və Sevinc bacılarının müsahibəsini təqdim edir. Onu da deyim ki, Sevinc efirdə nə qədər dilli-dilavərdisə, Sevil bir o qədər susqundur. Amma dediklərinə görə həyatda bunun tam əksinədir. Hər halda, müsahibə zamanı Sevinc danışdı, Sevil də ədəb-ərkanla bacısına qulaq kəsildi.

- Sevinc, “Hər şey daxil”lə yenidən efirdəsiniz, mövsüm düşərli olsun...

- Təşəkkür, amma verilişin ertəsi efirə bir dəfə də çıxmayan şou-biznes nümayəndələri başladılar sosial şəbəkədə barəmizdə xoşagəlməz statuslar yazmağa. Biri yazdı ki, bu nə efirdir? O biri yazdı ki, bunların heç aparıcılıq qabiliyyəti yoxdur, amma yenə də efirdədirlər. Veriliş böyük bir komandanın məhsuludur, bizdən başqa azı 40 nəfər işçi çalışır, onların əməyini yerə vurmaq olmaz axı. Artıq üçüncü ildir ki, biz efirdəyik, aparıcılıq edirik. Gecəmiz-gündüzümüz yoxdur, bir yandan toylar, tədbirlər, yaradıcılıq işləri - bütün bunlarla yanaşı, biz əziyyət çəkirik ki, efirimiz də maraqlı olsun. Bəzi insanlar bizi vurmağa çalışanda pisimizə gəlir.

- Sizcə, səbəb nədir?

- Bunun bir adı var - paxıllıq. O statusları yazan adamların çoxu bizim efirimizə düşmək üçün bilmirdi neyləsin, indi bizdən heyif çıxırlar. Adama deyərlər verilişimiz, aparıcılığımız xoşuna gəlmirsə, baxma, çevir kanalı. Başqa verilişlərə bax. O qədər gözəl kanallar, aparıcılar var ki, onların proqramlarına tamaşa elə.

- Doğrudan da ələnib ələkdən keçdiniz, “Xəzər” TV- dən çoxu getdi, azı qaldı. Onlardan biri də siz bacılarsınız. Maraqlıdır, tamaşaçını nəylə ələ aldınız?

- Bizim verilişimiz musiqili olduğu üçün çox enerjili oluruq. Televiziyanın qızları bizə deyir ki, siz heç dəyişmirsiniz, yenə də həmin şıltaq qızlarsınız, yenə də həmin bol enerjili bacılar. Bəzən kefim olmur, ağlayıram, amma kamera açılan kimi yenə həmin şıltaq qızlar oluruq. Düşünürəm ki, tamaşaçı ilə səmimi olmaq lazımdır. Onda səni sevəcəklər. Tamaşaçını onsuz da aldatmaq mümkün deyil. Nə qədər rola girsən də, yenə də səmimi deyilsənsə, bunu anlayacaqlar.

- Sevinc, sən efirdə daha çox ünsiyyətcilsən. Belə demək mümkünsə, dillisən, amma Sevil az danışan, sakitdir. Həyatda da beləsiniz?

- Onun efirdə az danışmasına baxmayın, həyatda Sevil daha dilli-dilavərdir. Bizi tanıyan insanlar bilir ki, həyatda çox az danışanam. Ailəmiz bilir ki, evdə çox ciddiyəm. Məsələn, bir də görürsən qardaşım Sevili uşaq kimi atıb-tutur, amma mənə yaxınlaşa bilmir. Anam zarafatla deiyr ki, bu qız elə bil evin kişisidir. Daha çox problemləri, yükü üstümə götürən adamam. Amma efirdə insanlarla ünsiyyətim daha gözəl alınır.

- Sosial şəbəkədə haqqınızda yazılan xoşagəlməz statusları oxuyanda reaksiyanız necə olur?

- Əsəbiləşirik. Bəzən yazırlar ki, bunlar necə də arsızdırlar, biabırçılıqdır. İnsanlara elə gəlir ki, efirdə deyib-gülürüksə, həyatda dərd-sərimiz yoxdur. Elə deyil. Bir ekran görüntüsü var, bir də pərdəarxası. Pərdəarxasında yaşadıqlarımdan tamaşaçı niyə xəbər tutmalıdır axı. Mənim problemlərim tamaşaçı üçün heç maraqlı da deyil. Onlara şəxsi həyatım daha maraqlı gəlir. Düşünür ki, görəsən, bunlar kiminlə görüşür, özünə necə maya buraxdı ki, belə ulduz oldu, parıldadı. Biz bacılar indiyə qədər əziyyət çəkirik, xəbərləri yoxdur. Bizi hazıra-nazir gələnlər kimi tanımasınlar. Biz neyləyiriksə, ailəmiz üçün edirik.

- Aparıcı kimi özünüzü xeyli təriflədiniz, indi başqa bacarıqlarınızdan danışın görək?

- Əlimizdən hər iş gəlir. Sevilin mətbəx qabiliyyətinə çatan olmaz. Sizin üçün bir plov dəmləsin ki, yedikcə yeyəsiniz. Sevil hətta plovu anamdan yaxşı dəmləyir. İkimizdə də rəssamlıq qabiliyyəti var. Amma bu, həm də bizim peşəmizdir. Rəssamlığı bitirmişik.

- Həmişə eyni libaslar geyinirsiniz, heç geyim üstə mübahisələriniz düşür?

- Hərdən dalaşırıq. Amma axırda dil tapırıq.

- Sizi sevən oğlanlar heç dəyişik salır?

- Sevən adam dəyişik salmaz yəqin.

- Oğlanlar sizə sevgilərini daha çox mesajla bildirirlər, yoxsa daha cəsarətli addım atıb, arxanızca düşürlər?

- Mesajlar da gəlir, amma bizə elçi düşən çox olur. Oğlanlar yox, anaları, bacıları bizə yaxınlaşıb, xoşlandıqlarını, bizi evlərində gəlin görmək istədiklərini deyirlər. Bir dəfə bir qadın blokun qarşısında qabağımızı kəsib dedi ki, sizə elçi gəlmişəm, iki oğlum var, ikinizi də onlara almaq istəyirəm. Gülürəm. Sən məni efirdən görmüsən, bu, necə sevgi ola bilər axı.

- Nə cavab verdiniz?

- Başa saldım ki, ay xanım, oğlanlarınız bizi görməyib, efirdə bizi bəyənmisiniz, bu, tamaşaçı sevgisindən başqa bir şey deyil.

- İndiki qızların oğlan seçimində zövqləri fərqlidir. Əvvəllər hər kişinin arxasında bir güclü qadın dayanırdı, indi əksinə...

- Düz eləyirlər. Bu yaxınlarda efirdə bir oğlan tanışımız dedi ki, siz xanımlar bizim arxamızdasınız. Dedim ki, xeyr, indi bəylər xanımların arxasındadır. Bəzən deyirlər ki, 25 yaşınız var, niyə ailə qurmursunuz? İdeal ailə olmur, sözsüz ki, gələcəkdə ailədə qadağalar, söz-söhbət olacaq. Öhdəsindən gələ bilərik, amma elə məqamlar olur ki, orda artıq dözmək mümkün olmur. Məcbur qalıb cütlük boşanır. Bir ideal ailənin qızı evlənir, hamı deyir ki, necə də xoşbəxtdir. Amma ailə qurur 3 aydan sonra boşanır. Soruşanda ki, noldu, niyə boşandınız, deyir ki, oğlan daha məni sevmədiyini deyir. Bəyəm oğlan üç ay qabaq deyə bilməzdi ki, ay filankəs, mən səni sevmirəm? Əgər barmağına üzük taxdınsa, ərə getdinsə, boşanmaq söhbəti olmamalıdır. Heç kim boşanmaqdan sığortalanmayıb. Hər kəsin başına gələ bilər, amma kritik məqamda, artıq görəndə ki, ordan o yana yol yoxdur, boşanmaq olar. Amma hər xırda sözdən ötrü çemodanlarımı götürüm, çıxım atam evinə gedim, bu düzgün deyil.

Cəvahir

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm