Firuz Səxavətdən SƏRT SÖZLƏR: “Aygün və Röyayla...” - MÜSAHİBƏ - (FOTOLAR)
Bizi izləyin

Magazin1

Firuz Səxavətdən SƏRT SÖZLƏR: “Aygün və Röyayla...” - MÜSAHİBƏ - (FOTOLAR)

Bu sənət elədir ki, bir az populyarlaşan, necə deyərlər, bir qədər pul dingildədən kimi dəyişirlər, gözləri ayaqlarının altını görmür. Elə olanda da deyirəm ə, noolub, niyə özünü qaldırıb dağ başına qoyursan.

Hər dəfə onu dinləyəndə mərhum sənətkar Səxavət Məmmədov yada düşür. Bəlkə də çoxları onu məhz Səxavəti dinləyib sevdiyi üçün sevir. Çünki səsləri də oxşardır, xırdalıqları da. Hətta bəzən onların səsini dəyişik salanlar da olur.

Tanınmış xanəndə Firuz Məmmədovdan söhbət gedir. Bu gün qazandığı hər uğura və sevilməyinə görə özünü qardaşına borclu bilən xanəndə müsahibə zamanı “Səxavət bir dənə gəldi, bir dənə də getdi” -, deyib qəhərləndi də.

Xanəndənin Publika.az-a müsahibəsini təqdim edirik.

- Qardaşınız Səxavət Məmmədovun daha çox hansı məqamlarda yeri görünür?

- Nəinki hər dəfə oxuyanda, elə hər dəqiqəmdə Səxavət mənimlə bərabərdir. Elə bir vaxt olmayıb ki, mən oxuyum, deməsinlər Allah Səxavətə rəhmət eləsin. Səxavət o qədər istəkli sənətkar idi ki, dünyasını dəyişdiyi gündən ta bu günə qədər unudulmayıb. İnsanların çoxu məni məhz ona görə dinləyir, sevir. Mən oxuyanda Səxavətsevərlər elə bilir ki, elə Səxavət özü oxuyur. Mən qardaşımı daha çox xatırladıram, daha çox yaşadıram.

- Elə bir məqam olubmu ki, ifa zamanı gözləriniz dolub, qəhərdən boğulub oxumağınızı yarımçıq saxlamısınız?

- O qədər olur ki... Mən nə qədər onun kimi oxumağa çalışsam da, Səxavət ayrı sənətkar idi. O bir dənə idi, gəldi və getdi. Onun elə xırdalıqları, boğazları vardı ki, insan o səsi, o ifanı eşidəndə başında tükü bizbiz olurdu. Çünki ürəkdən oxuyurdu. Musiqini içdən duyurdu. Mən o duyğuları ifamla çatdırmaq istəyirəm, bəzən alınmayanda qəhərlənirəm. Qardaşımın yoxluğu məni çox incidir.

- Heç yuxunuza girirmi?

- Çox nadir hallarda. Amma yuxuma girəndə mütləq xeyir tapıram. Həyatda da xeyirverən insan idi, yuxuma girəndə də xeyir gətirir. Nə qədər həyatdayam, o mənim içimdə yaşayır.

- Bu gün gündəmdə olmayan sənətçilər tez də unudulur. Amma siz gündəmdə olmasanız da, sevilirsiniz, sizi dinləmək istəyirlər. Buna necə nail olursunuz?

- Bax, elə buna görə də, Səxavətə borcluyam. Səxavətlə mənim yolum eynidir, səsimiz oxşardır. İnsanlar mənim timsalımda onu dinləyir, onu görmək istəyirlər. Buna görə də həmişə məni axtarıb tapmağa çalışırlar.

- Xaraktercə necə, bir-birinizə çoxmu oxşayırsınız, yoxsa, fərqli xüsusiyyətləriniz var?

- Səxavət çox duyğusal, çox səmimi və təbii insan idi. Canıyanan adam idi, elə bilirdin göylərdən enmiş mələkdir. Bu dünyanın adamı deyildi. Allah da sevdiyi bəndələri yanına tez aparır.

- Səxavət Məmmədov toylara ən çox aparılan və pul qazanan sənətkar idi. Bəs siz necə, bu gün dolanışığınızdan razısınız?

- Şükür Allaha, dolanırıq. Hər halda, digər janrda oxuyan müğənnilər qədər qazanmırıq.

- Niyə ki?

- Çünki onların publikası tamam fərqlidir. İndi camaatın düşüncəsi dəyişib, zövqlər fərqli olub. Amma milli musiqimiz elədir ki, hər zaman yaşayır. Yəqin insanlar da getdikcə bunu anlayacaq və musiqi janrlarına fərq qoymayacaq.

- Bu gün hər müğənninin öz qiyməti var. Siz də estrada müğənniləri kimi qiymət oxuyursunuz?

- Yox, biz insanların maddi durumuna baxırıq. Əgər insanın imkanı zəifdirsə, ona uyğun pul alırıq. İmkanı yaxşıdırsa, bizə də yaxşı olur. Konkret qiymətimiz yoxdur. Şəxsən mən özümdən danışıram, başqalarını deyə bilmərəm.

- Estrada janrında oxuyan müğənnilərin qalmaqalı da çox olur. Yəqin bu da gündəmdə olmaq, reklam olunmaq və toy bazarında yerini möhkəmlətmək xarakteri daşıyır. Siz xanəndələr arasında da qalmaqallar olur?

- Yox, biz qalmaqaldan uzaq adamıq.

- Bəlkə bu proses gizlin gedir?

- Təbii ki, biz də insanıq, kimdənsə inciyirik, küsürük, sözümüz-söhbətimiz olur. Amma bunu böyüdüb, qalmaqala çevirib, efirdə kamera qarşısında millətə elan etmirik.

- Yəni küsülü olduğunuz bir həmkarınız belə yoxdur?

- İncidiyim həmkarlarım olub.

- Hansı məqamlarda?

- Bu sənət elədir ki, bir az populyarlaşan, necə deyərlər, bir qədər pul dingildədən kimi dəyişirlər, gözləri ayaqlarının altını görmür. Elə olanda da deyirəm ə, noolub, niyə özünü qaldırıb dağ başına qoyursan. Elələrinə demək istəyirəm ki, sənət başqa şeydir, populyarlıq başqa. Sən populyar olub, sevilməyə bilərsən, amma sevilib populyar ola bilməzsən. Populyarlıq pul qazanmağa xidmət edir, bu da zamanın bir tələbidir. Amma sənət həmişə yaşayır. Bu sahədə paxıllıqlar da olur. Hesab edirəm ki, sənəti olan adam heç vaxt paxıl ola bilməz.

- Bəzən müğənnilər özləri də süni şəkildə qalmaqal yaradır. Heç sizi belə süni qalmaqala çəkənlər olub?

- O qədər olub… Mən razılaşmamışam. Mən qalmaqal olan yerə heç getmirəm də. Qabaqcadan soruşuram ki, orda qalmaqal, dava-şava varsa, mənə deyin.

- Yəni heç aldanmamısınız?

- Aldanmışam. Bir dəfə televiziyaların birinə qonaq çağırmışdılar. Məni aldadıb apardılar, dedilər ki, veriliş musiqiyə həsr olunub. Amma getdim tamam başqa mənzərənin şahidi oldum. Gördüm ki, veriliş qalmaqal üzərində qurulub. Aləm dəyib bir-birinə. Əsəbiləşib studiyanı tərk etdim. Dedim məni niyə bura çağırmısınız, sizə qalmaqal lazımdırsa, qırğından ötrü ölən müğənnilər var, elə onları çağırsanız qaça-qaça gələrdilər. Məni sakitləşdirməyə çalışdılar, hətta verilişin istiqamətini dəyişdilər. Elə buna görə də hər çağırılan yerə getmirəm. Sonra da deyirlər ki, Firuz, niyə görünmürsən? Əslində görünürəm, amma sənət olan yerdə. Mənimki odur ki, milli musiqilərimizi, muğamlarımızı oxuyum, insanlara zövq verim. Qalmaqal üçün ölən o qədər müğənni var ki, çağırsınlar, bir-birinə qırdırsınlar.

- Xanım sənətçilərlə duet oxumaq istəmisiniz?

- Səsi səsimə uyğun olan müğənni olsa, niyə də oxumayım ki?

- Məsələn, estrada müğənnilərindən Aygün Kazımova, Röya ilə duet oxuyardınız?

- Yox, yox, qətiyyən.

- Niyə?

- Uyğun gəlmirik axı. Onların sənəti ayrı, mənimki ayrı.

- Danışığınız, görünüşünüz belə təsəvvür yaradır ki, xaraktercə çox mühafizəkarsınız?

- Hə, köhnə kişilərdənəm. Məsələn, zarafatı, yumoru sevən adamam, amma yerində. İnsanlarla aramızda məsafəni gözləyirəm. Sərhəd mütləq olmalıdır.

- Nə əcəb solo-konsert vermirsiniz?

- 2005-ci ildə Filarmoniyada, 2005-2007-ci illərdə Opera və Balet Teatrında solo-konsertlərim olub. Bu konsertlər də dostlarımın köməkliyi ilə baş tutub.

- Demək istəyirsiniz ki, konsert üçün həm də sponsor lazımdır?

- Hərənin öz çevrəsi var. Mənim də gözəl dostlarım var.

- Birdən bir imkanlı xanım çıxıb desə ki, sizə sponsorluq etmək istəyirəm, nə cavab verərsiniz?

- Xanım?

- Hə, xanım.

- Baxır xanıma də. Xanım mənə sponsorluq eləsə, bəlkə də razı olaram (gülür).

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm