Bakıda “Vandalizm” filmi təqdim olundu - - FOTO
Bizi izləyin

Magazin1

Bakıda “Vandalizm” filmi təqdim olundu - - FOTO

“Film “Vandalizm” adlanır, mən onun digər adını “Ermənistanın sifəti” hesab edirəm".

Nizami Kino Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi, “Trend” İnformasiya Agentliyinin dəstəyi ilə çəkilən, ideya və ssenari müəllifi “Düşüncə” İctimai Birliyinin sədri Emil Hüseynli olan “Vandalizm” sənədli filminin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, film xalqımızın maddi-mənəvi irsinə, o cümlədən tarixi-dini abidələrinə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm siyasətini özündə əks etdirir.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, dövlət və hökumət rəsmiləri, diplomatik korpusların nümayəndələri iştirak edib.

“Vandalizm” sənədli filminin çəkilməsində əsas məqsəd Azərbaycan əleyhinə təcavüzkar siyasət yeridən, xalqımıza, eləcə də onun maddi və mənəvi irsinə qarşı soyqırımı həyata keçirən Ermənistanın bu istiqamətdə əməllərini faktlarla ifşa etmək və beynəlxalq ictimaiyyətin diqqətini qeyd olunan problemə yönəltməkdir. Filmin ssenarisində tarixi mənbə və faktlara istinad edilib, beynəlxalq hüquq, politologiya sahəsində tanınmış mütəxəssislərin, din xadimlərinin fikirlərinə yer verilib. Filmin xarici ölkələrdə nümayişi də nəzərdə tutulur.

Nümayişdən öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, Ermənistanın təcavüzkar siyasəti və Azərbaycana vurduğu ziyan barədə kitablar yazılıb, sənədli filmlər çəkilib:

“Erməni vandalizminin törətdiyi cinayətləri saymaqla qurtaran deyil. Milli-tarixi abidələrimiz məhv edilib”.

O, filmin “Trend” İnformasiya Agentliyinin əməkdaşları və mütəxəssislərinin köməkliyi ilə ərsəyə gəldiyini qeyd edib.

M.Qurbanlının sözlərinə görə, AMEA Tarix İnstitutu da indiyədək çoxlu sayda elmi tədqiqatlar və kitablar hazırlayıb:

“Həmin materiallarda Azərbaycan mədəniyyətinə qarşı törədilən vandalizm siyasəti yer alıb. Bu film isə xüsusi olaraq, işğal altında olan torpaqlarımıza qarşı törədilən vandalizmdən bəhs edir”.

Milli Məclisin sədr müavini Bahar Muradova Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi vandalizm siyasətinin dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq təşkilatlarda iş aparıldığını diqqətə çatdırıb:

“Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş bölgələrə səfər etməsini tələb edib və buna nail olub. 2005 və 2010-cu illərdə ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş Azərbaycan torpaqlarına səfər edib. Bu səfərlər zamanı işğal olunmuş bölgələrdə vandalizmə yol verildiyi, erməni əhalini bu torpaqlarda məskunlaşdırma siyasəti yürütdüyü aşkarlanıb”.

Vitse-spiker vurğulayıb ki, “Vandalizm” filmində faktaraşdırıcı missiyanın üzə çıxardığı faktlar öz əksini tapıb:

“Filmdə ermənilərin insanlıq əleyhinə cinayətlərindən bəhs edilib. Bu gün təqdimat mərasimində iştirak edən xarici ölkələrin diplomatlarından filmdə faktlarla öz əksini tapan ermənilərin vandalizm siyasəti barədə öz ölkələrinə məlumat vermələrini xahiş edirəm”.

Deputat Rafael Hüseynov sözügedən filmin dünyada görülməli olan həqiqətimiz, eşidiləsi səsimiz olduğunu bildirib:

. Cəbrayılda 500-600 il yaşı olan çinarlarımız, Azıx mağarası məhv edilib. Azıx mağarası təkcə Azərbaycanın deyil, dünyanın, Avropanın ilk məskənlərindəndir. Deməli, erməni vandalizmi təkcə Azərbaycana qarşı yönəlməyib, dünyanın mədəni irsinə, insanlığa qarşı törədilən cinayətdir”.

Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev ermənilərin Xocalı soyqırımını törətdiklərini xatırladıb, vandalizm aktlarından danışıb:

“Soyqırımının böyüyü-kiçiyi olmur. Bədnam düşmənlərimiz Azərbaycanın suyunu içə-içə, çörəyini yeyə-yeyə torpaqlarımıza təcavüz etdilər. Bu cinayətin dünya ictimaiyyətinə çatdırılması üçün bu cür filmlərin böyük əhəmiyyəti var. İnanıram ki, Azərbaycan bayrağı bir gün mütləq Qarabağda dalğalanacaq”.

“Trend“ İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev agentlik adından tədbirdə iştirak edən hər kəsə, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, filimin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib. O da bildirib ki, filmin çəkilməsində məqsəd erməni cinayətlərini dünyaya çatdırmaqdır.

Cəvahir

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm