Qız anasının sevigilisi ilə gəzir, rəfiqəsinin isə… Tanınmışlar nə düşünür?
Bizi izləyin

Magazin1

Qız anasının sevigilisi ilə gəzir, rəfiqəsinin isə… Tanınmışlar nə düşünür?

Bu yaxınlarda “Məryəm” serialının baş qəhrəmanı, Əməkdar artist Rasim Cəfərovun sosial şəbəkədə paylaşdığı status diqqətimi çəkdi. Aktyor ömründə bir dəfə də olsun seriala baxmayan, amma həmin serialları tənqid atəşinə tutan insanlardan gileylənib.

Doğrudan da, yerli seriallardan söz düşəndə çoxları ağız büzür, “əşi bizimkilər serial çəkə bilir ki…” deyib başını bulayır. Bəlkə heç bir dəfə də olsun həmin adam seriala baxmayıb e… Biz də tanınmışlar arasında sorğu keçirib, yerli seriallara baxıb-baxmadıqlarını soruşduq.

Publika.az həmin sorğunu təqdim edir:

Xalq artisti Gülyanaq Məmmədova:

- Bəzi adamlar heç seriala baxmamış başlayır pisləməyə ki, bizimkilər çəkə bilmir. Belə insanlardan xoşum gəlmir. Onun-bunun serialını tərifləyib dağ başına qoyuruq, amma özümüzünkünün başından basırıq. Mən ATV-də yayımlanan “Vicdan haqqı” serialına baxıram. Çox təsirli serialdır, insanların marağını cəlb edə bilir. Ordakı aktyorların təbii oyun tərzi məni valeh edir. İki gəlinin qayınanası olan Hicran Nəsirova o qədər təbii oynayır ki, elə bilirsən həyatda bir hadisəni izləyirsən. Vaxt olduqca o biri serialları da izləyəcəm.

Müğənni Elmira Ələkbərzadə:

- İnanın ki, heç bir serialı izləyə bilmirəm. Çünki buna vaxtım yoxdur, başım uşağa qarışıb.

Əməkdar artist, rejissor, aktyor Nicat Kazımov:

- Sonuncu baxdığım serial “Spartak” və “Möhtəşəm yüzyıl” olub.

Əməkdar artist Elza Seyidcahan:

- Durub pislmək də olmaz, çünki bizdə seriallar təzə-təzə çəkilir. Getdikcə mükəmməl seriallar da çəkiləcək. Amma vaxtım olmadığı üçün mən baxmıram. Bəzən baxanda da əsəbiləşirəm. Çünki məişətimizdə olan problemlər serialda da yer alıb. Mən istəyirəm ki, serialımızda mövzular daha maraqlı və dərin olsun. Həm də uzunçuluq etməsinlər. Bir də tərbiyəvi əhəmiyyət böyük rol oynayır. Bir də görürsən qız anasının sevgilisiylə görüşür, yaxud da rəfiqəsinin ərinin əlindən alır. Gənclərin tərbiyəsinə belə şeylər pis təsir edir.

Şəbnəm Həsənova, aparıcı:

- Vaxtilə “Santa Barbaba” və digər Braziliya seriallarina baxırdım. O da evdəkilər baxdığı üçün maraq göstərirdim. İndi baxmıram. Çünki uzunçuluğu sevmirəm. Bir də serial aktyorları mənə çatmır. Oynadığın rolun konkret olması məncə vacibdir. Hər serial nəticə etibarı ilə 20-100 bölüm ola bilər. Niyə uzansın ki?

Aqşin Evren, şair:

- Ümumiyyətlə, illərdir televizor işlətmirəm, texnologiyadan imtinaya televizordan başlamışam. Bu düzbucaqlı əşya - televizor öz məhsulunu bizə diktə edərək, bir növ, forması kimi qəfəs funksiyasını yerinə yetirir. Kompüter-internet isə seçim şansı verir, belədə zamandan daha səmərəli istifadə edə bilirik. Evdə televizor olmadığına görə yerli və xarici seriallardan xəbərim yoxdur. Ancaq kino savadına, təfəkkürünə inandığım dostların dediyinə görə, bizdə çəkilən serialların böyük əksəriyyəti biabırçılıq janrındadır. Hazırda dünya kinematoqrafiyasında insanın həyatını dəyişəcək möhtəşəm filmlər var. Məncə, gənclər (yaşlı nəsil artıq itirdiyini itirib) məzmunsuz, vitaminsiz seriallara baxıb özlərini biabır eləməkdənsə, bu cür sənət əsərlərinə baxıb parlaq təfəkkür sahibi olsunlar.

Afət Telmanqızı, jurnalist:

Heç bir seriala baxmıram. Seriala baxmağı zaman itkisi sayıram. Nə yerli, nə də xarici seriallardan nəsə götürə biləcəyimi zənn etmirəm. Seriallardakı qəribə mimikalı insanları görəndə, onların az qala küçə danışıqlarını eşidəndə əsəbiləşirəm.

Jarqonlarla dolu seriallara baxmaqdansa, məişət səviyyəli sənədli filmlərə baxmağı üstün tuturam. Təəssüf ki, bu filmləri də yerli deyil, əcnəbi telekanallardan izləyirəm.

…Özümə gəlincə, yalan nə deyim, baxdığım yerli seriallar var. Vaxt olanda ATV-də yayımlanan Məryəm, “Vicdan haqqı” serialını izləyirəm. Aktyor oyunu xoşuma gəlir. Ümumilikdə götürəndə isə, nəzərə alsaq ki, bizdə serial çəkilişlərinə yeni başlanılıb, bəzi qüsurlara da göz yummaq olar. Əsas odur ki, özgənin yox, özümüzünkülərin çəkdiklərinə baxaq. Bir az da özümüzə oxşayaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm