“Hoqqa” çıxardan Dilarə Əliyeva həyat yoldaşından nələr dedi? - FOTOLAR
Bizi izləyin

Magazin1

“Hoqqa” çıxardan Dilarə Əliyeva həyat yoldaşından nələr dedi? - FOTOLAR

Dilarə Əliyeva: “Həyat yoldaşı seçimində uduzmaq...” - FOTOLAR

Dünən Park Sinemeda “Hoqqa” filminin qəhrəmanları ilə pərəstişakarları arasında imza günü keçirilib.

Publika.az xəbər verir ki, Park Bulvarda keçirilən görüşdə Dilarə Əliyeva, Elməddin Cəfərov, Cəfər Namiq Kamal, Vüsal Murtuzəliyev iştirak edib. Görüşdə insanların filmin baş qəhrəmanları Dilarə Əliyeva ilə Elməddindən Cəfərova münasibəti xüsusilə seçilib, ulduzların pərəstişkarları onlarla çoxlu şəkil və selfi çəkdirməyə can atıb. Daha sonra yaradıcı heyət 77 dəqiqəlik filmi tamaşaçılarla birlikdə yenidən izləyib.

Təəssüratlarını bizimlə bölüşən Dilarə Əliyeva insanların ona olan məhəbbətinin səbəblərindən danışıb:

“Düşünürəm ki, burada insanın şəxsiyyəti də müəyyən dərəcədə rol oynayır. Daha çox tamaşaçıya olan isti və səmimi münasibətim onları mənə yaxınlaşdırır. Eyni ilə onların sevgisi də məni tamaşaçılara yaxınlaşdırır. Təbii ki, istedad və ortaya çıxardığın işlərin keyfiyyəti də önəm daşıyır. İnsanların sevgisini və marağını hiss etməkdən heç vaxt bezməməmişəm. Sevgi və pul insana heç vaxt azlıq etmir, nə qədər çox olsa bir o qədər yaxşıdır. Həm də sevildiyimi hiss edəndə məsuliyyətim daha da artır. O məhəbbətə layiq olmaq və qazandıqlarımı itirməmək üçüm çox çalışıram”.

Filmdə sosial şəbəkədə virtual tanış olan obrazı canlandıran aktrisa bu məsələyə də öz münasibətini bildirib. Sevib evlənərək ailə qurduğunu deyən Dilarə Əliyeva virtual tanış olub ailə quran insanlara pis baxmadığını bildirib:

“Sosial şəbəkələrdə tanış olub daha sonra ailə quran cütlüklərin nikahları uğurlu alına və alınmaya da bilər. Bu, xasiyyətlərinin uzlaşmasından asılıdır. Real həyatda tanış olub ailə quran insanlar da yola gedə bilməyəndə ayrılmağa qərar verir. Odur ki, virtual tanışlıq üzərində ailə quran insanları tənqid etmək düzgün olmazdı. O insanlar bir-birini çox gözəl anlayırsa, deməli evlilikləri möhkəm və sağlam olacaq. Ümumiyyətlə, gənclərə həyat yoldaşı seçimində diqqətli olmağı tövsiyə edirəm. Çünki həyat yoldaşı seçimində yanılmaq bütün həyatını uduzmaq deməkdir. Mən özüm də sevərək və valideynlərimin xeyir-duası ilə ailə qurmuşam. Sevgi və valideyn xeyir-duası ayrılmaz vəhdət təşkil etməlidir. Çox istərdim ki, gənclər düzgün insan, sevgi və valideyn məsləhətini bir araya gətirə bilsin”.

Sevilən aktrisa yeni filminin rəğbətlə qarşılanmasından danışıb və bildirib ki, “Hoqqa”-nın ikinci hissəsinin çəkilmə ehtimalı yüksəkdir:

“Tamaşaçı “Hoqqa”nı çox sevdi. Bu, biz daha çox sevindirdi və ruhlandırdı, artıq yeni-yeni ideyalar üzərində fikirləşirik. Filmin ikinci hissəsi də çəkilə bilər. Qəhrəmanların sonrakı evlilik həyatını çəkmək barədə düşünmək olar. Əsas odur ki, “Hoqqa” sözün əsl mənasında partlatdı. Bu da bütün komandanın uğuru deməkdir”.

Xatırladaq ki, filmin ssenari müəllifi və baş prodüseri Fariz Əliyev, layihə rəhbəri Oqtay Əliyev, rejissoru isə Cavid Təvəkküldür. Filmin çəkilişləri Qubanın bir neçə kəndində baş tutub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm