• USD 1,7000 0,00% EUR 2,0120 -0,37%
    • GBP 2,2300 -0,13% RUB 0,0232 -0,43%

Şou-biznes nümayəndələri deputat haqqında: “O, səsini satmağa hazırdır” - FOTOLAR

  • Magazin1
  • 26 Aprel 2017 15:30
  • 1 649 Baxış
Şou-biznes nümayəndələri deputat haqqında: “O, səsini satmağa hazırdır”

Cəmiyyətin intelektual səviyyəsini, dünyagörüşünü sınağa çəkmək üçün son zamanlarda bir çox layihələr hazırlanıb. Siravi vətəndaşlardan tutmuş ölkə daxilində yüksək vəzifəli məmurlara qədər hər kəsin iştirak etdiyi layihələr sırasına bu gün yeni bir layihə də əlavə olunur.

“Tanınmışlar tanınmışları tanıyırmı?”-adlı layihəmiz ilk sorğusunu şou biznes nümayəndələrinə və deputatlara ünvanladı. Çoxları telefonlarımıza cavab verməsə də, mövzu ilə bağlı danışmaq istəməsə də dünyagörüşünə güvənən məşhurlar suallarımızı cavablandırmağa vaxt tapdılar.

Publika.az şou nümayəndələrinin ölkənin yüksək vəzifəli məmurlarını, deputatlarını nə dərəcə də tanıdığını araşdırdı:

Sualımız belə oldu: Araz Əlizadəni tanıyırsızmı? Hansı partiyanın üzvüdür?

Qeyd edək ki, Araz Əlizadə Azərbaycan Sosial Demokrat Partiyasının sədridir. Eyni zamanda da Milli Məclisin deputatıdır.

İlk olaraq suallarımızı tanınmış müğənni Yusif Mustafayev cavablandırdı:

“Bildiyimə görə siyasətçidir. Bir qardaşı da var, Zərdüşt Əlizadə. Elə o da siyasətçidir. Mən siyasətlə bağlı məsələlərə qarışmıram. Hansı partiyanın üzvü olduğunu deyə bilməyəcəm”.

Son zamanlar cəsarətli fotosessiyaları ilə gündəmi zəbt edən Afaq Aslan suallarımıza belə cavab verdi:

“Mən ümumiyyətlə siyasətdən uzaq adamam. Özüm heç bir partiyanın üzvü deyiləm deyə heç maraqlanmıram da. Tanımadım, kimdir ki, Araz Əlizadə?”

Aşıq sənətinin tanınmış simalarından olan aşıq Namiq Fərhadoğlu:

“Kimdir ki Araz Əlizadə? Tanımıram, deyin mən də bilim. Sizə nə lazımdır? Mənim nəyimə lazımdır deputatlar kimdir? Mən aşığam, siyasətlə başımı qatmıram. Mənə sual verirsiz ədəbiyyatdan sual verin, aşıq sənətindən sual verin. Mənə deputatdan sual verməyin, sənət adamıyam. Kiməm ki, deputat işinə qarışım”.

Efirlərin tanınmış siması, teleaparıcı Şəbnəm Həsənova:

“Araz Əlizadə… səhv eləmirəmsə, siyasətçidir. Hansı partiyanın sədri olduğunu deyə bilməyəcəm. Onu bilirəm ki, iki qardaşdılar, hər ikisi də siyasətçidir. Son 2-3 ildə siyasətlə ümümiyyətlə maraqlanmıram. Partiya sədridirsə, yəqin deputat da olar”.

Tanınmış teleaparıcı və “Azad Azərbaycan”televiziyasının keçmiş baş prodüseri Mirsalam Mirsalamov öncə Araz Əlizadəni tanıdığını desə də, kim olduğunu demədi. "Görüşdəyəm, yarım saata özüm sizə zəng edəcəm" dedi.

“Azad Azərbaycan” televiziyasında bir dönəm yayımlanan “Yeni Ulduz” layihəsinin qalibi, tanınmış müğənni Vüqar Muradov:

“Bəli tanıyıram. Millət vəkilidir. Azərbaycan Sosial Demokrat Partiyasının sədridir. Milli Məclisin “səsini satmağa hazır olan” deputatlarından birisidir.”

Son olaraq millət vəkili, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ilə əlaqə saxladıq:

"Şou-biznes nümayəndələri içərisində sizi tanıyanlar da oldu, tanımayanlar da. Bəziləri sizi “səsini satmağa hazır olan deputat” kimi qiymətləndirdi" - söylədik.

Son cümləyə cavab olaraq “Allah onlara hakim olsun” deyən deputata sualımız belə oldu:

"Şou-biznes nümayəndələrindən kimləri tanıyırsız?"

Cavab: “Mən ümumiyyətlə Azərbaycanda şou-biznes üzvlərini tanımıram. Azərbaycanda şou-biznes yoxdur. Əgər siz, üzr istəyirəm, telekanallarda yayımlanan bayağı verilişlərə çıxan şou nümayəndələrini nəzərdə tutursuzsa, o şou biznes deyil. Mənim özümün sənət adamları, jurnalistlər, müğənnilər içərisində çox hörmətli, nüfuzlu dostlarım, tanışlarım var. Məsələn, Flora Kərimova, Cavan Zeynallı, Nisə Qasımova, Faiq Ağayev, Ədalət Şükürov, Murad Dadaşov, Səməd Səmədov. Başqalarını tanımıram”.

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR