Azərbaycanlı məşhurlar yoxluqdan, yoxsa bolluqdan kirayədə yaşayırlar? - ETİRAFLAR
Bizi izləyin

Magazin1

Azərbaycanlı məşhurlar yoxluqdan, yoxsa bolluqdan kirayədə yaşayırlar? - ETİRAFLAR

Cennifer Lopez, Ancelina Coli, Orxan Pamuk kimi dünyaca məşhur simaların sərvət bolluğundan kirayə yaşadıqları artıq heç kimə sirr deyil.

Publika.az bu faktlardan yola çıxaraq bəzi azərbaycanlı məşhurların kirayə evlərdə yaşama səbəblərini araşdırıb.

Publika.az saytının baş redaktoru, tanınmış media mütəxəssisi Elçin Əlibəyli artıq 14 ildir ki, kirayədə yaşadığını bildirib:

“Bildiyiniz kimi, Azərbaycanda kirayə ev tutmaq xarici ölkələrdəki kimi şərtli müqavilə ilə deyil. Buna görə də müxtəlif səbəblər ucbatından 6 dəfə ev dəyişdirmişəm. Bu il jurnalistlərə ayrılan mənzillərə görə müraciət ünvanladım. Lakin, təəssüf ki, adım ev alan jurnalistlər siyahısında hallanmadı.

Bundan başqa, sənətşünaslıq üzrə fəlsəfə doktoru kimi sosial mənzillər verilərkən də müraciət edə bilərdim. Lakin artıq yaşım buna icazə vermir. Ölkədəki ipoteka şərtləri, həmçinin, orta aylıq maaş da yeni mənzil almaq üçün kifayət etmir. Artıq şəxsi mənzilə sahib olmaq ümidlərim üzülüb”.

Müğənni Səidə Sultanın şəxsi evi olmadığı üçün kirayə evdə yaşadığı iddiası ortaya atılıb. Müğənni bu iddianı təsdiqləməsə də, təkzib də etmədi:

“Hal-hazırda valideynlərimlə birlikdə yaşayıram. Onların iki şəxsi evi var. Qardaşım olmadığı üçün də, təbii olaraq, o evlərin hər ikisi mənə qalacaq. Buna görə "evim yoxdur" deməyim düzgün çıxmaz. Ancaq bəzi zamanlar olur ki, evdəkilərlə problemlər yaşayıram. Aramızda mübahisələr düşür və sakitləşmək üçün bir müddət onlardan ayrı qalmağa ehtiyacım olur. Buna görə də kirayə ev tutub qısa müddət tək yaşayıram. Hər şey qaydasına düşəndən sonra yenidən ailəmin yanına qayıdıram”.

Səidə Sultandan fərqli olaraq, aktyor Cavanşir Məhərrəmov imkansızlıq ucbatından kirayədə yaşadığını deyib:

“2005-ci ildən bu yana ailəmlə birlikdə kirayə yaşayıram. Əvvələr ailəmə məxsus şəxsi ev var idi. Lakin imkansızlıq ucbatından onu satmalı olduq. 1993-cü ildə dövlət əkiz uşaqları olan ailələrə ev vermək qərarı çıxarmışdı. Mənim əkiz bacım olduğuna görə anam da növbəyə durub bizim üçün ev aldı. Ancaq o dövrdə baş verən müharibə ucbatından çox sayda qaçqın şəhərə axışdı. Bizim də yenicə aldığımız ev bir qaçqın ailə tərəfindən tutuldu. Məcburi köçkünlərin toxunulmazlığı olduğuna görə biz də heç bir şey edə bilmədik və o ev əlimizdən çıxdı. Beləliklə, artıq 12 ildir ki, kirayədə yaşayırıq. İmkansızlıq ucbatından ev ala bilmirik. Ancaq buna baxmayaraq, ümid edirik ki, bizim də nə vaxtsa kiçik də olsa, özümüzə məxsus evimiz olacaq”.

Tanınmış müğənni Sevda Yəhyayeva da kirayə yaşayan məşhurlar siyahısındadır. Lakin onun imkansızlıqdan deyil, tez-tez ev dəyişdirməyi xoşladığı üçün kirayədə yaşadığı bildirilib.

Kirayə qalan məşhurlar siyahısında Sərxan Kərəmoğlu, Samira Allahverdi, Lalə Məmmədova və Aysel Əlizadənin də adı var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm