"Keyfiyyət çox bərbaddır” - MTRŞ sədrinin seriallarla bağlı fikrinə REAKSİYA
Bizi izləyin

Magazin1

"Keyfiyyət çox bərbaddır” - MTRŞ sədrinin seriallarla bağlı fikrinə REAKSİYA

Bu gün mətbuatda MTRŞ sədir Nuşirəvan Məhərrəmlinin “Seriallarımız hələki istənilən səviyyədə deyil” açıqlaması müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, onun “xarici seriallarda avtomobilə minəndə ilk növbədə təhlükəsizlik kəmərini bağlayırlar, siqaret çəkmirlər, sükan arxasında açıq şəkildə telefonla danışmırlar. Ancaq bizim seriallarda sanki bunun əksini edirlər, yəni təhlükəsizlik kəmərini bağlamaqdan söhbət getmir, qırmızı işıqda keçirlər və yaxud da sükan arxasında telefonla danışırlar” fikirlərinə tv və film sektorunda çalışan tanınmışlar münasibət bildirib.

Aktyor Kamran Ağabalayev:

“İndi "Kurtlar vadisi"nin 100 dəfə daha pis nümunələrini çəkmək dəbdədir! Netlfiks Detroytda "Gecənin sahibi" serialını çəkir, narkotik maddələrin alverindən danışılır.

Filmin əla reytinqi var, çünki Detroyt elə ABŞ-ın əsas narkotik maddə satılan məskənlərindəndir və illərdir küçə “banda”ları arasında gecəyə sahiblik etmək üçün qırğınlar gedir. Həmçinin yeraltı dünyanın olması İstanbulda heç kimə sirr deyil və bunu çəkib, göstərirlər. Bizdə olmayan kriminal qüvvələri çəkməyə nə qədər cəhd göstərsələr, bir o qədər gülməli görsənəcək. Niyə Rövşən İsaxın serialları baxılır? Çünki Moskvaya gedib, orada rus qadınla evlənib. Geri dönüb həyat yoldaşından bunu gizlədən ən az 1 nəfəri tanıyırıq. Bizim həyatdandır, bizim hadisədir”.

“Pərdə” filminin rejissoru Emil Quliyev:

“Nuşirəvan Məhərrəmli özü deyib, özü də cavab verib.Yaradıcılıq prossesidir.

Ssenarist və rejissor təfəkkürü ilə idarə olunan məsələdir. Bəlkə mənim qəhrəmanım sükan arxasında telefonla danışan, siqaret çəkən və kəmər taxmayan birisidir. O ki, qaldı keyfiyyətə - keyfiyyət bərbaddır, çox bərbaddır”.

Teleaparıcı Murad Əzimzadə:

“Düşünürəm ki, kino sahəsi real həyatın ekran həllidir. Yəni, gündəlik həyatda baş verənləri serialda, filmdə görəndə daha səmimi olur.

Təbii ki, seriallada siqaret, spirtli içki, təhlükəsizlik kəmərinin taxılmaması, qan görüntüsü məni də narahat edir, amma yaxın Türkiyə təcrübəsi var. Orada TV-də qan, içki, siqaret görüntüsünün üstü bağlanılır. Bu o deməkdir ki, bizdə də belə bir qadağa mexanizmi işə düşməlidir, bununla bağlı əlavə qanun və dəyişiklik də etmək olar. Serialların keyfiyyətinə gəlincə isə sərmayə güclü olduqca keyfiyyət artacaq. Bunun tək cavabı budur. Və ssenarist, rejissor, aktyor, montajçı, operator, qrim ustası, serial prodüserləri yetişdirilməlidir ki, keyfiyyətdən danışaq. İncəsənət universitetində prodüserlik fakultəsinə mütləq ehtiyac var”.

“Vicdan haqqı” serialının rejissoru Rövşən İsax:

“Bizim serialda sadalanan heç bir hərəkət yer almayıb. Təhlükəsizlik kəməri yerində olur, telefonla danışarkən daha çox mikrofondan istifadə edilir.

Edilmədikdə isə avtomobili kənara çəkib, telefonla o formada danışırlar. İçkili avtomobil idarə etmək məsələsinə gəldikdə isə, hətta “Vicdan haqqı”nın bir seriyasında toya gedən iki qardaşdan biri digərinə “Sən içkili olacaqsan, qayıdanda maşını mən sürərəm” deyir. Mən yalnız cavabdeh olduğum ekran işi barədə danışa bilərəm, digər seriallara qarışmıram”.

Əməkdar artist Rasim Cəfərov:

“Nuşirəvan bəy düzgün qeyd edir. Bütün bunlar əslində xırda nüanslar olsa da, təbliğat baxımından tamaşaçıya təsir edir.

Xüsusilə də, əgər bu, gündəlik efirə gedən serialdırsa, mütləq nəzarət etmək lazımdır. Mən “Məryəm” serialına çəkilən zaman biz komanda olaraq, buna riayət edirdik. Düşünürəm ki, filmlərdə personaja uyğun olaraq, belə səhnələrin olması normaldır. Ancaq bu, seriallarda yolverilməzdir”.

Qeyd edək ki, N.Məhərrəmli bundan sonra seriallarda yuxarıda sözügedən səhnələr yer alarsa, işə qarışacaqlarını bildirib.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm