“Gecə 2 qonağı” və ya “Şadlıq Ramin Sarayı”
Bizi izləyin

Magazin1

“Gecə 2 qonağı” və ya “Şadlıq Ramin Sarayı”

İki gün öncə gedib, başlamamışdan öncə sosial mediada böyük bir “Ə” skandalı yaşayan “Gecə qonağı 2” və ya yazılışı ilə desək, “Gecə 2 qonağı”na baxdıq.

Film yüksək səviyyəli kameralarla, dronlarla çəkilib. İstifadə olunan rənglər və “flash-back” effektləri də yerindədir. Ancaq ssenaridə qıtlıq nəzərə çarpıb.

Filmdə Kənan MM-in canlandırdığı Ədiş yəni, Ədalət obrazı 6 yaşlı oğlu ilə tək yaşayır. Həyat yoldaşı isə 6 ildir xəstəxanadadır. Doğuş zamanı keçirdiyi travma ilə gözləri kor olub. 20 min dollar pul lazımdır ki, qadını həyata qaytarsınlar. İllərdir oğluna baxıb, onun hər qayğısını çəkən ata bir gün oğlunu məktəbə aparır və Zara adlı aktrisa (Azərbaycanda Zara adı var, ay qadanalım? Heç olmasa, Zəhra qoyardınız) onu öz maşını ilə vurur.

Hadisənin təzadlı və əzablı tərəfi isə bundan sonra başlayır. Həkim uşağın bir gün xəstəxanada qalmasının zəruri olduğunu söyləyir. Ədiş isə Zaraya kobud davranmağa başlayır, məsələnin bu tərəfində məhz Kənan MM-in öz obrazı ortaya çıxır: həmişə sərgilədiyi “kasıb, amma qürurlu oğlan”.

Və qəfil xəstəxanadan keçidlə Şahdağa yola düşürük. Musiqinin istifadə edilmədiyi bu qısa keçid və Zaranın hələ də ona əməlli-başlı “maya” qoyan sevgilisinin yanında Ədişi düşünməsi bizi-bizdən alır.

Şahdağdan qayıdan Zara xəstəxanaya gəlir. Oooopps! Bu, uşaq xəstəxanada bir gün qalmalı deyildi? Şahdağa nə tez gedib, nə tez qayıtdı? Nə isə, keçirik növbəti kadrlara...

Ədiş baxır ki, Zara gəlib bunun evinə. İki dəfə təkrarlayır ki, “Niyə gəlmisən e?” qız da deyir ki, “Bəs evimin açarları itib, qalmağa yerim yoxdur”. Kənan da qıza kobud cavablar verir və güclə də olsa, ona evində gecələməyə icazə verir. Özü də qapının arxasına stul qoyub, otağında yatır. Bir dəqiqə! Kənanın yaratdığı obraz tipik azərbaycanlı kişisi obrazı deyil. Axı bu oğlan azərbaycanlı olsaydı, özü də 6 ildir seksual aclıq çəksəydi, bu hərəkəti eləməzdi. Burada nəsə səhvlik var!

Keçirik gecə klubundakı kadrlara, Ədiş Zara ilə onun rəfiqəsinin doğum gününə qatılır. Gecə klubunda çay istəyən, Ədişə ancaq isti su verə bilirlər. O, isə cibində gətirdiyi bir dəfə üçün istifadə olunan paket çaylardan birini çıxarıb çay içməyə başlayır.

Klubda ayaqyolunda rəfiqəsi ilə ayıq şəkildə söhbət edən Zara qapıdan çıxan kimi sərxoş olur və Ədişi şillələyir. Qəfil aqressivləşir və qışqırmağa başlayır. Bu səhnədə sanki onun bədəninə cin girir. Bu epizodda ANS-dəki cin çıxaran o ekstransens yada düşür. Kənan MM filmdə onu da oynatmalı idi, səhv edib.

Bütün bu hoqqalardan xəbər tutan Zaranın sevgilisi isə Ədişin evinə gəlir. Deyir ki, “Qaqaş, sən yaraşıqlı, cavan oğlansan”, STOP! Ssenarist burada özünü də tərifləməyi unutmayıb.

Harada qalmışdıq? “Qaqaş, sən yaraşıqlı, cavan oğlansan, al burada on min var, götür və Zaradan uzaqlaş!”

Ədiş isə iki gün ərzində alovlanan, aşıb-daşan, vulkan kimi püskürən sevgisini qəlbinə basdırıb, iyirmi min istəyir.

Şəxsi “Porcshe”si ilə qapıda görünən Zaraya Ədiş “Mən sənin bildiyin qədər də saf, deyiləm. Ömrü boyu bahalı daş-qaşlarla oynadım, amma mənim üçün ən bahalı daş-qaş sən idin”, - deyir. Bu səhnədə dramatik fon musiqisi araya girir. Ədişin 20 min manata sevgisini satdığını öyrənən Zara “Mən o qədər ucuz deyiləm, sənin hisslərin o qədərdir” deyərək, filmin ən uğurlu cümləsini işlədir.

Təsadüf nəticəsində həqiqəti öyrənən Zara həyat yoldaşını əməliyyat etdirən Ədalətin yanına gəlir. Bu, isə filmin ən uğurlu səhnələrindən biridir. Nəhayət, gözəl aktrisa oyunu qarşımıza çıxır və film bir neçə kadrdan sonra bitir.

Filmdə ən yaxşı oyunu Kənan MM-in oğlu Hüseyn nümayiş etdirir. Musiqilər düzgün və yerində seçilib. Sonda Aygün Mahmudovanın ifasında rok janrında səslənən “Bir könül sındırmışam” musiqisi isə filmə xüsusi rəng qatıb.

Treylerə baxanlar daha bərbad bir film gözləsələr də, ekran işi normaldır. Boş vaxtınızı dəyərləndirə bilərsiniz.

Kənan demiş “Əgər filmi bəyənməsəniz, deməli problem sizdədir”.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm