“Heç kim “məzə” ilə yanaşmayıb” - “Təhmin və Zaur”un rejissorundan AÇIQLAMA
Bizi izləyin

Magazin1

“Heç kim “məzə” ilə yanaşmayıb” - “Təhmin və Zaur”un rejissorundan AÇIQLAMA

“Cinemazadeh” studiyasının istehsalı olan “Təhmin və Zaur” filmi ekranlara çıxmamış söz-söhbətə səbəb olub.

Publika.az xəbər verir ki, buna səbəb ekran işinin “Təhminə” filminin və obrazlarının adına bənzəməsidir. Tanınmış yazıçı Anarın filmin heyyətini məhkəməyə verəcəyi ilə bağlı xəbər yayılsa da, o, bunu təkzib edib.

Məsələyə kinorejissor Oqtay Mirqasımov da münasibət bildirib. O, Teleqraf.com-a fikirlərini belə izah edib:

“Son zamanlar qeyri-ciddi insanlar tərəfindən bu tip fəaliyyətə qoşulmağı dağıdıcı proses sayıram. Klassik əsərlərimizə “məzə” ilə yanaşmaq ürəkbulandırıcı və xoş olmayan məsələdir”.

Xalq artisti Ramiz Novruz belə filmə çəkilmək istəmədiyini deyib.

Publika.az-a danışan filmin baş prodüseri və rejissoru Zaur Mirzəzadə bütün bu yazılanlara belə münasibət bildirib:

“Oqtay müəllim belə düşünürsə, mən tam əksini düşünürəm. Buna heç kim “məzə” ilə yanaşmayıb. Ümumiyətlə, klassik əsərlərimizə heç kim “məzə” ilə yanaşmır. Sadəcə PR xarakterli hər hansı bir filmin adı, digərinə uyğunlaşdırılır. Hollivudda baş verən proseslərə diqqət yetirsək, oradakı işlərə baxanda biz demək olar ki, film çəkmirik. Qazaxıstanlı kinorejissor Timur Bekmambetovla söhbətimiz oldu. O, mənə dedi ki, bu səviyyədə filmlər çəkmək istəyirinizsə, Hollivudla yanaşı getmək lazımdır”.

Z.Mirzəzadə filmin adının belə qoyulmasında ilkin məqsədin klassik əsərlərimizi yada salmaq, bir növ onların təbliğatını aparmaq olduğunu söyləyib:

“Əslində hazırkı gənclərin çoxunun “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərindən xəbəri yoxdur. Filmimizdən sonra əsərin kimlər haqqında olduğunu öyrənəcəklər. Filmimiz nə remeykdir, nə də əsərin məzə formasıdır. Bu filmin həmin əsərə yaxınlığı sadəcə bir obrazın adındadır. O, da Zaur obrazıdır. Digəri isə Təhmindir və ona heç aidiyyəti yoxdur. Filmin ideyası və obrazları tamamilə fərqlidir. Orada zarafatlar, xatırlatmalar var. Hələ ki rejissor kimi film çəkmirəm, prodüser kimi bu işi davam etdirirəm. Anar müəllimi çox sevirəm, bütün əsərlərini oxumuşam. Gələcəkdə ola bilər ki, yenə onun əsərlərinə müraciət edim”.

Kinoteatrlarda yerli filmlərimizin daha çox olmasını məqsədəuyğun hesab edən rejissor çəkiliş komandasında azərbaycanlıların olmasını da zəruri hesab edir: “Xarici filmlərin gətirilib, göstərilməsindənsə, yerli filmlərimizin yayımlanması daha məqsədə uyğundur. Çəkiliş komandasında da yerli işçilərimiz olmalıdır. Ola bilsin sən xaricdən kimsə gətirəsən, ancaq onun yanında öyrənmək üçün mütləq bir azərbaycanlı olmalıdır”.

Z.Mirzəzadə Ramiz Novruzun fikirlərinə zarafatla cavab verib: “Ramiz Novruz deyirsə çəkilmirəm, yaxşı edir çəkilmir”.

Qeyd edək ki, “Cinemazadeh” studiyasının istehsalı olan “Təhmin və Zaur” filmində baş rolları aktyorlar Fərda Xudaverdiyev, Elcan Rəsulov və Kəmalə Piriyeva oynayır. Film oktaybr ayının 19-undan kinoteatrlarda yayımlanacaq.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm