Nuriyyə Əhmədovanın anım günüdür - FOTO
Bizi izləyin

Magazin1

Nuriyyə Əhmədovanın anım günüdür - FOTO

Bu gün Xalq artisti Nuriyyə Əhmədovanın anım günüdür.

Publika.az xəbər verir ki, onun ölümündən iki il ötür. Saysız-hesabsız rolları ilə xalqımızın yaddaşında silinməz bir iz qoyan aktrisa 1950-ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb. İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə “Mozalan” süjetlərində çəkildikdən sonra olub.

N.Əhmədova “Bəyin oğurlanması”, “Yuxu”, “Arşınmalçı”, “Həm ziyarət, həm ticarət...”, “Kişi sözü”, “Bəxt üzüyü”, “Qəm pəncərəsi” və digər filmlərdə çəkilib. Ona sənət həyatındakı uğurlu çıxışlarına görə, 2007-ci ildə Azərbaycanın Xalq artisti fəxri adı verilib.

Sənətçinin iki övladı olub: ilk övladı olan qızı İlahə 20 yaşında qətlə yetirilib, ikinci övladı olan oğlu Əli isə 37 yaşında xərçəng xəstəliyindən vəfat edib. Qız övladından Faiq İbadzadə adlı nəvəsi var.

Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30-da kəskin ürək tutmasından Bakıda dünyasını dəyişib. Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunub.

Publika.az aktrisanın anım gününə həsr olunmuş gənc şair Orxan Bahadırsoyun şeirini təqdim edir:

Daha evin də var, indi rahat yat!

Bilirəm, səhnəsiz darıxacaqsan...

İllərlə sevgidən alışan qadın,

İndi bir məzarda sönən ocaqsan!

Sən ömrün boyunca nə yaratdınsa,

Daha tarix oldu, dünənə düşdü.

Bir tütün sinənə düşmürdü sənin,

Gör neçə qəm-kədər sinənə düşdü!?

Yaşadın, yaratdın səhnəmiz üçün,

Sözbəsöz yazıldın yaddaşımıza!

Səni sənə layiq yaşatmadıq ki,

Yenə bacarmadıq, daş başımıza!

Taleyin də yaman əzablı oldu,

Sən oğul itirdin, sən qız itirdin!

Bizə dünya dolu gülüş bəxş edib,

Bizdən bircə arşın kəfən götürdün!

Daha qovuşdunmu övladlarına?

Bax, sənə ağlayır yağan yağışlar!

Səni sənin qədər sevdik biz, amma,

Qoruya bilmədik səni, bağışla!

Nuriyyə də əbəs deyildi adın -

Gülüşdən üzlərə nur çiləmişdin.

Səsindən, ləhcəndən, qəlbindən doğan,

Körpə sevgiləri sən bələmişdin!

Bilirəm, gileyin başından aşır,

Bir evi çox gördü sənə bu ölkə.

Bəlkə də dərdini Tanrı anladı,

Sənə bir ev verdi Tanrı da bəlkə...

Sən axı bilirdin aqibətini,

Xanımlar sənə də görk olmadımı?

O sənət eşqindən yanan adamlar,

Sonda sənin kimi sovrulmadımı?

Bəlkə bu da sənin tamaşan idi,

Amma bu roluna gülə bilmədik!

Biz səndən o qədər utanırdıq ki,

Heç dəfninə belə gələ bilmədik!

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm