• USD 1,7000 0,00% EUR 1,9961 +0,31%
    • GBP 2,3335 +0,63% RUB 0,0234 +0,43%

İlk dəfə idi belə ələ toxunurdum, o, çox həyəcanlandı - Tünzalənin ad günündə YAŞANANLAR - FOTO/VİDEO

  • Magazin1
  • 20 Oktyabr 2017 12:04
  • 2 232 Baxış
İlk dəfə idi belə ələ toxunurdum, o, çox həyəcanlandı - Tünzalənin ad günündə YAŞANANLAR

Əməkdar artist Tünzalə Ağayeva paytaxt məkanlarının birində özünə təmtəraqlı ad günü edib.

Publika.az xəbər verir ki, doğum günündə də səhnəyə çıxmağı üstün tutan Tünzalə sevənlərini öz ətrafına toplayıb. Qırmızı parıltılı libasla səhnədə tüğyan edən Tünzaləni “Hicaz” qrupu müşayiət edib.

Onun xoş gününə yığışanlar sırasında Milli Məclisin deputatı Qənirə Paşayeva, Əməkdar artistlər Tahir İmanov, Cabir İmanov, aparıcılar Emin Musəvi, Kamilə Babayeva, Afaq Gəncəli, Hacı Nuran, Könül Arif, Murad Arif, Nurlana Cəfərova, şairə Zəhra Bədəlbəyli, modelyer Gülnarə Xəlilova, bir sıra iş adamları, müğənninin tələbələri, fanatları və media nümayəndələri olub.

Fərqli səs tembri, bənzərsiz ifaları ilə illərə meydan oxuyan Tünzalə səhnədə öz bəstələrini canlı şəkildə səsləndirib və rəqsləri ilə diqqət çəkib.

Müğənni jurnalistlərə açıqlama verərək doğum gününü fərqli şəkildə qeyd etməsinin səbəbini açıqlayıb:

“Çox sevincliyəm. Özəl günlərimdə yanımda yer alaraq mənə daha çox dəstək olursunuz. 41 yaş özünü göstərir. Ümumiyyətlə, doğum günlərimi belə görürəm: səhnədəyəm, oxuyuram, qarşımda tamaşaçılarım, “vampirlərim” (fanatlar – red.) var. O qədər klassik tədbirlərdə oluram ki, özümə aid olanları daha sərbəst seçirəm. Kiminsə mütləq masa arxasında oturması vacib deyil. “Ay filan yeməkdən sonra başqa yemək gəlsin”, tipli doğum günləri etmək mənə xas olmayan xüsusiyyətdir”.

Tədbirdə T.Ağayevanın həmkarlarının olmaması gözəçarpan məqamlardan olub. Müğənni isə mövzu ilə bağlı sualı belə cavablandırıb:

“Müğənni dostlarım məni çağırmayanda incimirəm, düşünürəm ki, onlar da inciməzlər. Fikirləşdim ki, bu dəfə media və özümüz olaq. Başqa insanın seçdiyi ad günü formatına hörmət göstərirəm, fikirləşirəm ki, mütləq deyil ki, orada olum. Adət etdiyimiz kimi ad günü etmirəm. Bu, sadəcə, bəhanə idi ki, konsert verim, sevənlərimin qarşısına çıxım.

Düşünürəm ki, doğum günümdür, niyə tamaşaçıma hədiyyə verməyim? Səhnədə olmaq mənim bayramımdır”.

T.Ağayeva Ruslan Alişanla “Bağışla” adlı duetini təqdim edərək klip barədə fikirlərini də dilə gətirib: “Bu gün həmçinin “Bağışla” adlı yeni klipimizi təqdim etdik. Sözləri və musiqisi tələbəm Tofiq Hacıyevə aiddir. Ruslan da mənim tələbəmdir, çox istedadlıdır. Bilirsiniz ki, çalışdığım qədərilə gənclərə dəstək oluram. Klipimizdə onu göstərmək istədik ki, qızıldan sarayda yaşasan da, sevgilinlə xoşbəxt olmaya və ayrıla bilərsən. Xoşbəxtsənsə, bir parkda skamyada da əyləşib, xoşbəxt olacaqsan.

Ruslana dəstək olmuşamsa, nə xoş mənə. Düzdür, klip çəkilişində Ruslan çox həyəcanlandı. Orada əl-ələ tutduğumuz bir səhnə vardı. Ruslanın dırnağına qədər su tökülürdü, mən hələ belə palçıqlı ələ toxunmamışdım. Klipdə görəcəyiniz o səhnə bəlkə yüz dubla çəkilib”.

T.Ağayeva qızının doğum gününə gəlməməsini belə izah edib:

“Qızım İstanbulda təhsil alır. Dərslərini qoyub, gəlməsinə razı olmadım”.

Əməkdar artist doğum günündə özünə xoşbəxtlik arzu edib:

“Qızıma xoşbəxtlik, özümə isə güclü olmağı arzu edirəm. Dostlarım və məni sevənlərin həmişə ətrafımda olmasını istəyirəm. Bunlarla xoşbəxtəm. Özümə başqa yeni bir şey - yaxta, təyyarə, helikopter, böyük karatlı brilyantlar deyil, hüzur arzulayıram”.

Özünə olan arzularından danışan müğənni daha sonra doğum günü tortunu sevənləri və dostları ilə birgə kəsib. Hədiyyə yağışına tutulan Əməkdar artistə digər fərqli ərməğan isə fanatlarından gəlib. Belə ki, doğum gününə Tünzalənin simasını əks etdirən maskalarda gələn “vampirlər” ona sürpriz edərək kumirlərinə mahnı oxuyublar.

Sevənlərinin ətrafında xoş gün keçirən Tünzalə gecəboyu bütün qonaqlarla maraqlanıb və onlara təşəkkürünü bildirib.

Pərviz Hüseyn,

Fotolar: Günay Məsimzadə

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR