İrəvan teatrının direktoru aktyoru BİABIR ETDİ: “Küçə alverçisi olub, onu...” - QALMAQAL
Bizi izləyin

Magazin1

İrəvan teatrının direktoru aktyoru BİABIR ETDİ: “Küçə alverçisi olub, onu...” - QALMAQAL

İrəvan Dövlət Dram Teatrında işdən çıxarılan aktyor Əjdər Zeynalov və Teatrın direktoru İftixar Piriyev arasındakı qalmaqal davam edir. İşdən çıxarılmasını həzm edə bilməyən və ona qarşı haqsızlıq edildiyini bildirən Ə.Zeynalov dünən prezident İlham Əliyevə müraciət etdiyini açıqlamışdı.

Bununla bərabər mediada bir sıra iradlar səsləndirən Ə.Zeynalov İrəvan teatrının kollektivini qorxaq olmaqda ittiham edib, işdən şəxsi maraqlar naminə çıxarıldığını bildirib.

Publika.az-a danışan teatrın direktoru İftixar Piriyev Əjdər Zeynalova cavab verib:

“Birincisi, Əjdər Zeynalov özü haqqında müştəbeh fikirlərdədir. Saytlara açıqlama verir ki, 30 illik fəaliyyəti var. Ümumi o, 17 illik fasilələrlə fəaliyyət göstərib. Bu dövr ərzində cəmi 22 rol oynayıb. Biri ikinci dərəcəli, digərləri üçüncü dərəcəli və epizodik rollardır. Əjdər Zeynalov teatrın İrəvanda yerləşdiyi dövrdən İncəsənət İnstitutuna imtiyazla oxumağa göndərilib. Daxil olub, ancaq institutu bitirə bilməyib və diplomu yoxdur. Peşəkar aktyor olmadığına görə bir müddət “Meydan”adlı özəl teatrda fəaliyyətə başlayıb. Sonradan İrəvan teatrı Bakıda dövlət statusu almamışdan öncə işə cəlb olunub. Ölkəmizin və teatrın çox ağır günlərində dostları arasında sənət və vətən fərarisi qismində tanınıb. Çünki, ölkəni, teatrı pis vəziyyətdə qoyub, Moskva şəhərinə gedib. Orada “küçə alverçisi” olub, bu sahədə də uğursuzluq yaşayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin ölkəmizdə yaratdığı əmin-amanlıqdan sonra 2008-ci ildə Bakıya köçüb. Mənim dövrümdə işə qəbul olunub. Həmin tarixdən bizim teatrda çalışırdı. Ona teatr və ondan kənar işlər üçün hər zaman şərait yaradılıb. Bunu şişirdib 30 il fəliyyət adlandırmaq düzgün deyil. Bu insan tələbə dövrünü də fəaliyyət adlandırır. Halbuki, tələbə dövrü də uğursuz olub.

Biz onu qeyri-peşəkar kimi işdən azad etməmişik. Necə oldu ki, bu illər ərzində Ə.Zeynalova cəza verilmədi, işdən çıxarılmadı? İndi ona qərəzli mövqedən yanaşılır? Bunun bircə səbəbi var: Əjdər Zeynalovun əsası olmayan iddiaları, kollektivə qarşı olan aqressiv münasibətləri, saytlarda teatrın ünvanına dediyi mənfi fikirlər. Dünən də verdiyi açıqlamada teatrın kollektivini “qorxaq” adlandırıb. Onun bu münasibətini kollektiv də mənfi qarşıladı və 30 nəfərdən ibarət bir heyyət onun teatrda qalmaması üçün müraciət etdi. Sosial şəbəkələrdə də özünə müraciət ediblər. Bütün bunların qarşısını almağa çalışdım. O, isə əksinə, yoluna düzəlməkdənsə, özbaşına məşqləri yarımçıq qoydu, rejissordan icazə istədi, ona icazə verilmədi. Rejissora iltimatum verərək, nümayişkarcasına məşqi tərk etdi. Biz ona xəbərdarlıq etdik. İşə gecikdi, ancaq səmimi etiraflarını nəzərə alıb, ona cəza vermədik. İki dəfə hərəsində 3 saat olmaqla, iş yerini tərk etdi. İzahat istədik, vermədi. Fəaliyyətini nəzərə alıb, humanist yanaşmağa çalışdıq. Ancaq o, təkrar bu hallara yol verdiyinə görə şiddətli töhmət aldı. Ən sonda isə işə yarım saat qəsdən gecikdi. Kollektiv isə buna kəskin etiraz etdi. İmkan yaratdıq işə davamiyyətini, kollektivlə münasibətini düzəltsin. Əməl etmədiyinə görə də, əmək qanunları çərçivəsində onu işdən çıxartıq. O, artıq teatrda nüfuzunu itirmiş bir aktyordur. Buna çox təəssüf edirəm. Heç istəməzdim belə olsun. Onun etdiyi işlərə göz yumdum. Bizim həm insani, həm də vəzifə borcumuz onu tələb edir ki, rəhbərlik etdiyimiz kollektivin hər bir üzvünə qayğı göstərək. Ona heç kimə göstərmədiyim qayğını vermişəm. Müxtəlif seriallarda çəkilməsinə şərait yaratmışam. Bəlkə də bunu demək düzgün deyil, ancaq o, məni buna məcbur edir. Əjdər ölüm yatağında olanda başının üstündə olmuşam, onu ölümdən xilas etmişəm. Bunu bütün kollektiv bilir. Əjdər özü də bundan imtina edə bilməz. Ən pis anında onun yanında olmuşam. Bütün bunlardan nəticə çıxarmayıbsa, günah onun özündədir”.

İftixar Piriyev Ə.Zeynalovun onları məhkəməyə verməsinə razı olduğunu da bildirib:

“Məhkəməyə verməsini biz də istəyirik. Bura hüquqi bir dövlətdir. Hər şey hüquq normaları çərçivəsində həll olunmalıdır. Əjdər Zeynalov cənab prezidentə müraciət etməkdənsə, məsələni hüquqi yolla həll etməli idi. Əgər onun hüququ pozulubsa, məhkəmə onu işə bərpa edəcək. Çox istərdim ki, Əjdər Zeynalov hüququnun pozulduğunu sübut edə bilsin”.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm