Fərda Xudaverdiyev: “Ağ tük harada olmasına baxmayaraq vacib məsələdir”
Bizi izləyin

Magazin1

Fərda Xudaverdiyev: “Ağ tük harada olmasına baxmayaraq vacib məsələdir”

Dünən Xəzər Media Mərkəzində "Ağ Tük" komediya filminin qalası baş tutub.

Publika.az xəbər verir ki, ekran işinin baş prodüseri Coşqun Vəliyev, quruluşçu rejissoru Elmir Süleymanov, ssenari müəllifi Fariz Əliyev, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Anar Almazovdur. Əsas rolları Fərda Xudaverdiyev və Müşfiq Şahverdiyev ifa edib.

Qala gecəsində ekran işinin yaradıcı heyəti ilə yanaşı Günay İbrahimli, Əməkdar artist Röya Ayxan, rəqqasə Fatimə, aktrisa Sevinc Əliyeva, Dilarə Əliyeva, müğənni Emil Bədəlov, aktyor İslam Mehrəliyev, aktrisa Ülfət Bəşirli, aparıcı-aktyor İlkin Həsəni və başqa tanınmış sənət adamları iştirak edib.

Fərda Xudaverdiyev “Ağ tük” filmi haqqında təəssüraftalarını bölüşüb:

“Ağ tük”ün bizə uğur gətirəcəyinə şübhə etmirəm. Ekran işi keçmişdə fırıldaqçılıqla məşğul olan iki dostun həyatından bəhs edir. Yeri gəlmişkən ağ tük harada olmasına baxmayaraq vacib məsələdir. Qoy o hamıya çoxlu şans gətirsin”.

Müşfiq Şahverdiyev bildirib ki, bu filmdə bir qədər açıq səhnələrdə rol alıb. Aktyor filmin ilk səhnələrinə görə həyat yoldaşından əvvəlcədən üzr istəyərək özünü sığortalayıb:

“Dedim ki, bu film subay vaxtımda təqdim olsun. İş elə gətirdi ki, təqdimat mərasimi evli vaxtıma düşdü. Odur ki, həyat yoldaşımdan üzr istəyirəm. Aktyoruq da, işimiz budur, öyrəşmək lazımdır. Amma narahat olmağa dəyməz, bundan ötəsi olmayacaq. Əminəm ki, mövsümün ən baxılan layihəsi olacaq”.

Film keçmişdə kiçik fırıldaqçılıq, xuliqanlıq və oğurluqla məşğul olan Asiman və İsabalanın macəralarından bəhs edir. Onlar tövbə edərək doğru yola üz tutmağa qərar verir. 3 ilə yaxın bir yerdə meyit yuyan (mürdəşir) işləyirlər. Günlərin bir günü ağzında 4 ədəd brilyant diş olan meyit yumağa gətirilir. Brilyant dişləri görən dostlar dişləri meyitin ağzından çıxartmaq istəyirlər. “Axı biz tövbə etmişdik” deyib mübahisə edən dostlar axırda dişləri oğurlamağa razılaşır. Dişləri meyiti yuyan yerdə çıxartmağa risk etməyən qəhrəmanlar gecə gedib qəbri qazır, meyiti çıxardır və ağzındakı brilyant dişləri götürürlər.

Sonradan məlum olur ki, meyit dirilib, ağzında isə brilyant dişlər yoxdur. Meyitin kriminal aləmin nümayəndəsi olması üzə çıxır və dişlərin ağzında olması üçün onlara 48 saat vaxt verilir. Ayrı-ayrı adamlara satdıqları 4 dişi geri almaq onlara baha başa gəlir. Bir-birindən çıxılmaz və gülməli vəziyyətlərə düşən Asimanla İsabala nəhayət ki, bunun da çarəsini tapırlar. Dişləri min bir zülmlə qaytarıb, yiyəsinə təhvil verəndən sonra dişlərin qiymətli olmağının səbəbi brilyant olması deyil, daha başqa bir məqsəd daşıdığı üzə çıxır. Geriyə yol yoxdur, başladıqları işi sona çatdırmaq əmri alan qəhrəmanlar böyük bir əməliyyata başlayır və bundan sonra filmin həyəcanlı, nəfəs kəsici, gülməli vəziyyətləri finala qədər davam edir. Final isə heç kimin gözləmədiyi bir sürprizlə sona çatır.

Aytən,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm