Halil Sezai Azərbaycan kino tarixində ƏN İRİBÜDCƏLİ FİLMƏ ÇƏKİLDİ - FOTO
Bizi izləyin

Magazin1

Halil Sezai Azərbaycan kino tarixində ƏN İRİBÜDCƏLİ FİLMƏ ÇƏKİLDİ - FOTO

Bu gün Gənclik “Cinemaplus”da “Qış nağılı” filmində çəkilən aktyorların iştirakı ilə mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, filmin rejissoru və prodüseri Cəfər Axundzadədir. Ekran işində Sənubər İsgəndərli, Murad Dadaşov, Elməddin Cəfərov, Oksana Rəsulova, Məcid Hüseynov, Tural Əsədov, Aqil M.Quliyev, Elcan Rəsulov, Dilarə Kazımova, İlkin Həsəni, Kəmalə Piriyeva, İslam Mehrəliyev, Taleh Yüzbəyov, Elvin İbrahimov, Samir Ələsgərov, Samirə Əfəndiyeva, Nofəl Şahlaroğlu ilə yanaşı türkiyəli sənətçilərdən Halil Sezai və Müge Boz da rol alıb.

Layihənin rejissoru Cəfər Axundzadə bildirib ki, ilk dəfədir ki, Azərbaycanda Yeni il mövzusunda kommersiya filmi çəkilir. Rejissor filmin büdcəsini açıqlamasa da, “Qış nağılı”nın Azərbaycanda çəkilən ən iri büdcəli film olduğunu xüsusi vurğulayıb:

“Məbləği deyə bilməsəm də, “Qış nağılı”nı ən bahalı müasir Azərbaycan kommersiya filmi adlandırmaq olar. Film dekabr ayının əvvəllərində təqdim olunacaq, çəkilişlər bitmədiyindən dəqiq tarix hələ bəlli deyil. Qürurverici hadisədir ki, film təkcə Azərbaycanda deyil, Türkiyədə və Avropa ölkələrinin kinoteatrlarında nümayiş olunacaq”.

Rejissorun sözlərinə görə, bəzi problemlərdən dolayı filmin çəkilişləri yayda baş tutub:

“Kinoda belə hallar normaldır, əsas odur ki, yayda çəkilməsinə baxmayaraq, qış abı-havasını yarada bildik. Məsələn, “Görüş” filmində yay səhnələri əslində qış aylarında çəkilib. Süni qar effekti yaratmaq üçün İrandan xüsusi avadanlıq və mütəxəssislər dəvət etdik. Qış təəssüratını yaratmaq üçün çox əziyyət çəkdik, çünki belə bir təcrübəmiz yox idi”.

Filmdə eqoist və "kaprizləri" olan sənətçini oynayan türkiyəli aktrisa Müge Boz açıqlamasında etiraf edib ki, Halil Sezai ilə “Qış nağılı” sayəsində tanış olub:

“Halil bəylə bu filmdə tanış olduq. Layihədə Halil də, mən də özümüzü oynamışıq, lakin tamam başqa bir xarakteri canlandırmışıq. Normal həyatda o qədər eqoist aktrisa deyiləm. Halillə real həyatda yəqin ki, bir-birimizlə o qədər sərt və kəskin davranmazdıq. Səhərlərə qədər davam edən çəkilişlərimiz oldu, çox yorulurduq, yuxusuz qalırdıq. Hər işdə müəyyən gərginliklər yaşana bilər, lakin problem yaratmadıq”.

Aktrisa Azərbaycanda filmə çəkilməsi ilə bağlı təəssüratlarını da bölüşüb:

“Bu heyətlə ilk dəfə “Çat-kapı aşk” filmində işləmişəm. Bu təklifi eşidəndə təəccüblənmişdim, çünki bu, bizim Türkiyədə alışdığımız hal deyildi. Filmin ssenarisini çox bəyəndiyim üçün o xarakteri oynamaq istəmişdim. Hər zaman qarşımıza oynamaqdan zövq ala biləcəyimiz ssenarilər çıxmır. Filmə çəkildikdən sonra hiss elədim ki, həqiqətən də türklərlə azərbaycanlılar arasında qan bağlılığı güclüdür, bizi birləşdirən ortaq cəhətlərimiz çoxdur. “Qış nağılı”nda çəkilməyimin səbəbi birinci filmdə gördüyüm səmimiyyət və insani keyfiyyətlər oldu. Hiss etdim ki, rejissor öz işinə böyük məsuliyyətlə yanaşır. Hər kəs öz işini yüksək səviyyədə görməyə can atırdı. Madiyyatdan çox, mənəvi məsələlər daha ön planda idi. Filmin hər kadrında böyük duyğular var”.

Halil Sezai isə bildirib ki, kapriz insanın eqo və kompleksli olması ilə bağlıdır: “Həyatdakı başlıca məqsədlərimdən biri də özümdə eqo və kompleksləri sındırmaqdır. Müge də eqoist insan deyil. Dolayısı ilə bizim aramızda problem baş vermədi. Hər bir çəkilişdə problemlər ortaya çıxa bilər, lakin bu, hər zaman aktyorların şıltaqlığı və ərköyünlü ilə əlaqəli deyil. Biz daha çox “kapriz” gördük desək, daha doğru olar”.

Elməddin Cəfərov bildirib ki, həyatında ilk dəfə 23 saat dayanmadan filmə çəkilib: “Bir var ki, 23 saat çəkiliş meydançasında olursan və hərdən öz rollarını ifa edirsən, bir də var ki, 23 saat dayanmadan yalnız səni çəkirlər. 20-ci saatda üsyan elədim. Təbii ki, zarafat edirəm, yuxusuz qalsaq, yorulsaq da, işimi zövqlə gördüm”.

Aytən

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm