Azərbaycanlı aktyoru İranda at YERƏ ÇIRPDI - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycanlı aktyoru İranda at YERƏ ÇIRPDI - FOTO/VİDEO

“Düşünürəm ki, bu komediya fərqli təqdimatla yadda qalacaq, çünki təxminən 20 dəqiqlik tarixi səhnələrimiz var. Biz işə başlayandan sonra başa düşdük ki, tarixi səhnələri çəkmək nə qədər mürəkkəbdir. Eyni zamanda maraqlı, gülməli və düşündürücü mesajlara yer verilib. Bu barədə isə tamaşaçılar öz fikrini bildirsə daha yaxşı olar. Çəkilişlərdə ciddi bir çətinlik yaşamadıq, yaradıcı insan üçün film çəkmək zövqdür. Komandamız əziyyət çəksə də, ümumi olaraq yaradıcı proses hər kəs üçün xoş keçdi”.

Publika.az xəbər verir ki, bu sözləri “Qız qalası” əfsanəsinin motivləri əsasında çəkilən eyni adlı filmin dünən Nizami Kino Mərkəzində baş tutan təqdimat gecəsində rejissor və ssenari müəllifi İlham Qasımov deyib. Rejissor bildirib ki, filmin büdcəsi çox böyükdür:

“Bu filmi öz hesabımıza çəkməmişik, dövlət qurumları bizə dəstək olub. Filmin ərsəyə gəlməsində İçərişəhər Tarixi Memarlıq Kompleksinin müstəsna rolu olub. Çəkiliş heyətində 70-ə yaxın insanın əməyi var. Film İran və Azərbaycanın birgə istehsalıdır. Yeri gəlmişkən, film İran kinoteatrlarında da nümayiş olunacaq. Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənəsinin daha geniş tamaşaçı kütləsinə tanıdılması məqsədilə filmin xarici ölkələrdə də təbliği nəzərdə tutulur”.

İlham Qasımov "Bir rejissor kimi aktyorların oyunundan razı qaldınızmı” sualına belə cavab verib:

“Kəmalə Piriyeva məni təəccübləndirən aktrisadır. Çox xanımlarla çalışmışıq, amma çəkilişlərdə onun işinə nə qədər sevgi ilə yanaşdığına bir daha şahid oldum. İranın Meşkin şəhərinə getmişdik, orda bizim atla səhnələrimiz baş tutmalı idi. Ağappaq bir at gətirib dedilər ki, ən mərifətli atımız budur. Ziya Ağa (baş rol ifaçısı - red.) ata qalxdı, lakin at onu qəfil yerə çırpdı, sonra ata minə bilmədi. Bu zaman nə edəcəyimizi bilmədik, başqa at da yox idi. Dedilər ki, atı ancaq iki gün sonra Tehrandan gətirmək mümkün olar. Kəmalə dedi ki, qoy mən də cəhd edim. O, ata yaxınlaşıb nə dedi və nə etdisə, at sakitləşməyə başladı. Kəmaləyə meydançada nə demişdimsə, eyni ilə yerinə yetirdi, çox cəsarətli xanımdır.

Elməddin də çox peşəkar aktyordur. Filmin ssenarisi oxuyandan sonra “Məni incidəcəksən?” deyə sual verdi. Dedim ki, hə. O da cavab verdi ki, onda gəlirəm. İlk dəfə könüllü şəkildə razı oldu.

O cümlədən, Ənvər Abbasovdan çox razı qaldım, işini bilir. Nicat Rəhimov isə çox amplualı aktyordur."Bozbash Pictures"də Şirin obrazı ona çox yapışıb. Bu, məni müəyyən mənada narahat edirdi. Lakin bu filmdə onu tam fərqli obrazda görəcəksiniz, söz verirəm”.

İlham Qasımov onu da bildirib ki, filmdə baş rolda olan Ziya Ağanın AZDRAMA-da tamaşasının premyerası olduğu üçün qala gecəsinə gələ bilməyib.

Filmin “Qız qalası” adlanmasının səbəbi bu tarixi abidənin sadəcə paytaxtımızın deyil, ölkəmizin simvolu olmaqla bərabər, dünya səviyyəsində tanınması, eyni zamanda, bu abidənin adının tarix boyu qəhrəmanlıq və sevgi dastanları ilə birgə çəkilməsidir.

Məşhur “Qız qalası” əfsanəsinin motivlərini xatırladan eyniadlı film iki gəncin qəribə və macəradolu bir məhəbbət əfsanəsindən bəhs edir. Filmin ssenarisi həm qəhrəmanlıq, həm sevgi, eyni zamanda, qədim dövrlə müasirliyin çalarlarını özündə ehtiva edir. Belə ki, filmdə cərəyan edən hadisələrin mərkəzində bir-birini sevən, lakin qovuşa bilməyən iki gənc – Tuncay və Aytəkinin bir-birinə sonsuz məhəbbəti durur. Onların hicranına səbəb isə Aytəkinin şah qızı, Tuncayın sadə bir həkkak olmasıdır. Bu məsələ ilə paralel olan digər məsələ Tuncayın bir şamanı özünə şagird götürməsidir. Məhz hadisələr də bundan sonra baş verir. Tuncay möcüzə nəticəsində min il sonraya – müasir Bakıya varid olur və sevdiyi qızı da, onun atasını da tapmağa müvəffəq olur. Bəs bu min il ərzində Bakıda nələr dəyişib? Qəhrəmanımız ona tamamilə yad olan şəraitdə, zamanın burulğanında sevdiyi xanıma qovuşa biləcəkmi? Bütün bu suallara komediya janrından çəkilən filmə baxdıqdan sonra cavab tapa biləcəksiniz.

Baş rollarını Kəmalə Piriyeva və Elməddin Cəfərovun paylaşdığı filmdə Tural Əzizov, Çinarə Məlikzadə, Ziya Ağa, Reza Naci və başqaları da rol alıb. Filmin ssenari müəllifləri Tural Sevdimalı və İlham Qasımovdur. 2 aya yaxın davam edən çəkilişlər həm Bakıda, həm də İranda baş tutub.

Ekran işində baş qəhrəmanı ifa edən aktrisa Kəmalə Piriyeva həm keçmişdə, həm müasir dövrdə yaşayan, amma həyat hekayələri oxşar olan iki xanımın obrazını yaratdığını deyib:

“Ciddi çətinliklərimiz olmadı, o qədər sevgi ilə işləmişik ki, yorğunluğu hiss etmirdik, mənə heç nə mane olmadı. Lakin isti havalarda Qız qalasında baş tutan səhnələrdə xırda problemlərlə üzləşdik, kondisionersiz şəraitdə işləyirdik, çox isti idi”.

Əsas rollardan birini canlandıran aktyor Elməddin Cəfərov çəkilişlərdən razı qaldığını etiraf edib:

“Çəkildiyim 2-3 film arasında ən iribüdcəli layihədir. İlham Qasımovla işləmək xüsusi bir zövqdür, filmin süjet xətti, ekran həlli çox maraqlıdır. Ən əsası rolumu çox ürəkdən oynamışam”.

E.Cəfərov sözlərinə onu da əlavə edib ki, əslən cənubi azərbaycanlı olan iranlı aktyor Reza Naci ilə eyni filmdə çəkilməkdən qürur duyub:

“Reza Naci ilk azərbaycanlıdır ki, ona sağ ikən heykəli qoyulub. Onunla eyni filmdə çəkilməkdən fəxr hissi keçirirdim, Reza bəyin təcrübəsindən nəinki aktyorluq baxımdan, şəxsiyyətim üçün də bəhrələndim. 12 saat dayanmadan çəkilirdi, "uf" da demirdi, yorulmurdu. Kəmalə də eyni ilə, mən isə daha tez yorulurdum, üsyana meylli adamam. Film yaxşı satılsa, qonorar yüksək olacaq, ümid edirik ki, baxımlı olar”.

Qeyd edək ki, aktrisa və məşhur aparıcı Kəmalə Piriyevanın ekran işində atası onu sevdiyi oğlandan ayırmağa çalışdığı üçün ssenari üzrə Qız qalasına çıxaraq özünü atmaq istədiyi səhnələri diqqət çəkib.

Məlumat üçün onu da bildirək ki, əsas rollardan birini ifa edən, əslən azərbaycanlı olan iranlı aktyor Reza Naci 2007-ci ildə Məcid Məcidinin ona dünya şöhrəti gətirən “Sərçələrin nəğməsi” adlı filminə çəkilib. O, bu roluna görə "Oskar" və "Qızıl Palma Budağı" kimi mükafatlardan sonra ən nüfuzlu hesab edilən Berlin Kino Festivalında beynəlxalq dərəcəli “Gümüş ayı” kino mükafatına layiq görülüb.

Beynəlxalq Fəcr Film Festivalının, həmçinin Asiya-Sakit Okean Kino Akademiyasının laureatı olan Reza Naci dünyada yeganə azərbaycanlıdır ki, ona sağ ikən heykəli ucaldılıb.

Aytən Məftun

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm