"Referans Medical Group" Türkiyənin iki məşhur xəstəxanası ilə işbirliyinə başladı
Bizi izləyin

Magazin1

"Referans Medical Group" Türkiyənin iki məşhur xəstəxanası ilə işbirliyinə başladı

Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinik, Leyla Medical Center (keçmiş Leyla Şıxlinskaya Klinikası) və LOR Hospitalın daxil olduğu - Referans Medical Group işləri daha da genişləndirmək və əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün xarici həkimlərlə əməkdaşlığa qərar verib.

Publika.az xəbər verir ki, bu barədə Referans Medical Groupun xarici əlaqələr üzrə təmsilçisi Fəridə Rəhimbəyova məlumat verib. O, bildirib ki, bu əməkdaşlıq müalicə üçün Türkiyəyə getməyə imkanı və zamanı olmayan xəstələr üçün xüsusilə sevindirici olacaq.

F.Rəhimbəyovanın sözlərinə görə, razılaşmaya əsasən, Türkiyənin tanınmış həkim və professorları xəstələri müayinə və müalicə etmək üçün hər ay Azərbaycana gələcək: “Ən önəmlisi ona görə ki, maddi və zaman baxımdan hamının xaricə getmək imkanı olmur. Bütün bunları nəzərə alaraq ilk addımı atıb Türkiyənin məşhur Memorial və Boylam Psixatriya xəstəxanası ilə iş birliyinə imza atdıq. Hər ay mütəmadi olaraq Memorial və Boylam Psixatriya xəstəxanalarından Azərbaycanda tələb olunan ixtisaslar üzrə həkimlər gələcək və burada bütün xəstələrimizə xidmət göstəriləcək.

Türkiyədə müalicə alan xəstələrə də müjdəmiz var. Bu xəstələrin müayinə üçün artıq ikinci dəfə oraya getməsinə ehtiyac qalmayacaq. Müalicəni aparan həkim bir ay sonra Leyla Medical Centerdə, Referans Laboratoriyada və ya Lor Hospitalda onu müayinə edə biləcək və bunun anonsları öncədən veriləcək. Hamı xəbərdar olacaq ki, Türkiyənin tanınmış həkimləri Bakıya gəlib”.

F.Rəhimbəyova onu da əlavə edib ki, Özəl Boylam Psixiatri Xəstəxanasının, Boylam AMATEM və Boylam Psixiatri İnstitutunun təsisçisi, minlərlə insanların alkoqol və digər maddələr asılılığından azad olmasına nail olan, Türkiyənin ilk Beynəlxalq səviyyədə tanınan Psixiatrı Professor Dr. Ertuğrul Koroğlu Referans Medical Groupun təklifi ilə Bakıya dəvət olunub:

“Bu gün bizim böyük proyektlərimizdən biri də Türkiyənin Boylam Psixatrik Xəstəxanasının rəhbəri olan professor Ərtoğrul Köroğlunun Azərbaycana dəvət etməkdir. Elə bir dövrdə yaşayırıq ki, psixoloji problemlər bir çox adamda özünü göstərir. Bu baxımdan mütəxəssislərə daha çox ehtiyac duyulur. Ərtoğrul Köroğlu Azərbaycanda psixi xəstəliklər, dərin depressiya, bəzi maddə asıllıqları və digər ruhi xəstəliklərin müalicəsini həyata keçirəcək.

Bir neçə gün əvvəl Tibb Universiteti ilə birgə Referans Medical Group Dünya Psixatriya günü ilə əlaqədar olaraq böyük bir konfrans keçirdi. Konfransda Ertoğrul bəy də iştirak edirdi. Orda bildirildi ki, professor hər ay mütəmadi olaraq xəstələri Bakıda qəbul edəcək, bununla da yanaşı bizim həkim və tələbələrə treninqlər verəcək”.

Daha sonra F.Rəhimbəyova Türkiyəli professorun artıq Azərbaycanda da xəstələri qəbul etdiyini bildirilib: “Üzücü haldır ki, bu gün şizofreniya xəstəliyinə xüsusilə gənc nəsil arasında daha çox rast gəlinir. Bu problemdən əziyyət çəkən insanlara yardım etmək üçün Ertoğrul bəyi Bakıya dəvət etmişik. Yeri gəlmişkən, Ertoğrul bəy uzun illərdir ki, Ankarada yüzlərlə azərbaycanlı xəstə qəbul edir. Bu da onu göstərir ki, Ertoğrul bəyə respublikamızda həqiqətən də böyük ehtiyac var. Onun Bakıya gəlişi bu xəstələrin də işini asanlaşdıracaq. Alkoqol və müxtəlif maddələr, internet və oyun asılılıqlarından əziyyət çəkən və ya hər hansısa digər psixiatrik şikayətləri olan pasiyentlər bundan sonra Bakıda da professorun qəbuluna yazıla biləcək”.

Fəridə xanım onu da əlavə edib ki, Ertoğrul bəyin Bakıya gəlişi barədə sosial şəbəkələrdə və televiziya kanallarında məlumatlar gedəcək. Bundan əlavə, Boylam Psixatriya xəstəxanasının rəhbəri Ertoğrul Köroğlu ilə müsahibəni tezliklə Publika.az saytından oxuya biləcəksiniz.

“Yenə də təkrar edirəm ki, bütün bunlar bizim əhalinin sağlamlıq problemləri nəzərə alınaraq həyata keçirilir. Azərbaycanda kifayət qədər peşəkar həkimlərimiz var, amma bəzi ixtisaslarda böhran hiss olunur. Bu böhranı doldurmaq üçün Türkiyədən gematologiya, immunologiya, həmçinin əməliyyatsız arıqlamaq istəyənlər üçün yeni metodikalar təklif edən həkimləri dəvət etməyi planlaşdırırıq. Ən böyük problem bizdə uşaq nevrologiyası və uşaq gemotologiyası ilə bağlıdır. Həkim seçimində bu amillər də mütləq nəzərə alınır. Bu tempdə davam etmək istəyirik. Təbii ki, türkiyəli mütəxəssislər yerli həkimlərimiz birgə çalışacaq. Türkiyəli həkimlərin müayinə etdiyi xəstələr daha sonra yerli peşəkarların nəzarətinə buraxılacaq.

Referans Medical Group telekörpü də həyata keçirməyi nəzərdə tutur. Onlayn konsultasiya yolu ilə türkiyəli həkimlər canlı efirdən xəstələrin suallarını cavablandıracaq. Həkim xəstəni canlı müayinə etməsə də, onlayn konsultasiyalar xəstəyə müalicə mərhələsində necə irəliləmək lazım olduğu barədə ipucu verəcək” , deyə Fəridə Rəhiməyova sonda qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm