Villasını sata bilməyən Xalq artisti: “Gücüm onda imiş” - VİDEO
Bizi izləyin

Magazin1

Villasını sata bilməyən Xalq artisti: “Gücüm onda imiş” - VİDEO

Həmişə istəyirəm ki, aktyorlar səhnədən yola salınsın. Onları səhnədən alqışlarla yola salmaq lazımdır. Amma olub ki, aktyorlarımızın çoxu səhnədən yola salınmayıb. Telman Adıgözəlov, Əjdər Həmidov, Rafael Dadaşov. Düzdür, buna pandemiya da səbəb oldu. Rafael Dadaşov vəfatından 2-3 ay öncə “Şöhrət” ordeninə layiq görüldü. Aktyor nə istəyir ki? Alqış, sevgi. Biz sənət fədailəriyik. Allah rəhmət eləsin Ulu öndərimizə! Tamaşalarımıza gələndə daha da ruhlanırdıq.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova Mtv kanalında Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan “Üzə-düz” verilişində qonaq olarkən deyib. Aktrisa bildirib ki, indi aktyorun mükafat alması üçün yaş kriteriyası var:

“İndi heç 60 yaşa çatırıq ki?! Ürəyim xəstədir. 60 yaşa çatmamış dünyamızı dəyişirik. Bəs biz nə vaxt o şöhrəti görəcəyik? Nə istəyirik ki, sənətimizə alqış!!! Sənət adamları, teatr aktyorları çox həssas, duyğusal olurlar. Görünüşcə cavan qala bilərəm, səhnədə nə boyda obrazlar yaratmışam. 32 ildir davam edir! Biz efirlərə də pulsuz gedirik, özümüzü fəda edirik. Bunu etməliyik, bu, bizim borcumuzdur. Mən də öz şeirlərimlə vuruşuram. Sənət adamlarına vaxtında qiymət vermək lazımdır. Bəlkə kimsə 50-60 il səhnədədir. Mənim obrazlarıma qiymət verin də... Səhnədə barmaqla sayılası aktyorlar var, biri də mən! Niyə bunların əziyyətlərini görməyək? Aktrisalıqdan başqa heç bir şey bacarmıram, biznes də bilmirəm. Bir evim var, neçə ildir satışa qoymuşam, onu da sata bilmirəm ki, bölüm, özümüzünkülərə kömək edim. Biz bunları dilə gətirməməliyik! Aktrisa ucada, əlçatmaz olmalıdır. Məni səhnədə tamaşalarımla görməlidirlər, qəlbimi küsdürməməlidirlər!”

Qızından söz açan M.Əsədova qeyd edib ki, övladının gələcəyindən narahatdır:

“İstəmərəm ki, əziyyət çəksin. Qızım Gülərə demişəm ki, nə işdə olacaqsansa, peşəkar ol! O, daha çox xarici dilləri öyrənir, xaraktercə utancaqdır, efirləri sevən də deyil. Başqa sənəti seçəcək! Sabah üçün böyük-böyük danışmaq da istəmirəm, Allah izn versin əsas. Böyük arzumdur ki, universitetə qəbul olsun və dövlət işində çalışsın, vətəninə layiq olsun. Anasının əziyyəti də boşa getməsin. Ondan təkcə bolluca saf sevgi istəyirəm. Yaş gedir, o gün olsun ki, o, mənim nazımı çəksin! Anayam, o günləri gözləyirəm!

Hər ananın, atanın gözündə öz valideynlərimi axtarıram. Yaşlı insan görəndə pis oluram. Onlar həssas olur, köməyə ehtiyacları olur. Anama olduqca çox bağlı olmuşam. 80 yaşda da olsan, bir də görürsən, anaya ehtiyacın var! Təkcə ana övladını səhvləri ilə qəbul edir. Hər bir səhvi, günahı ilə ana üçün övlad, övladdır. Ana insanın ən yaxın dostudur. Nə qədər özümə güclü desəm də, bu gün də ona ehtiyacım var. Mənim gücüm onda imiş, o, mənə ruh verirdi. İndi yoruluram!”

Məlumat üçün bildirək ki, aktrisa Fəhlə prospektindəki villasını 2019-cu ilin sonlarında satışa çıxarmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm