“Komadan çıxsa, yaşayacaq”- FOTOLAR
Bizi izləyin

Magazin1

“Komadan çıxsa, yaşayacaq”- FOTOLAR

O, Azərbaycan teatrında novator rejissorlardan sayılırdı. Səhnəyə yenilik gətirənlərdən idi. Hələ səhnədə daha çox improvizələr etməyi arzulayırdı. Amma amansız ölüm arzularını yarımçıq qoydu. O, teatrı elə çox sevirdi ki, ruhunu da elə canı qədər sevdiyi və özünün yaratdığı Gənclər Teatrında təslim etdi.

Teatr aləmindən azacıq xəbərdar olanlar göydə aldılar ki, söhbət rejissor Hüseynağa Atakişiyevdən gedir. Bu gün rejissorun xatirə günüdür.

Düz doqquz il bundan öncə, ömrünün 56-cı baharında bu həyata vida dedi. Hüseynağa Atakişiyevin ölümü hamı kimi məni də çox sarsıtmışdı. Çünki o, mənim ən səmimi müsahiblərimdən biri idi. Ömrünün son günlərində xəstə olduğunu bilirdik, amma səhhətinin ağır olmasına məhəl qoymayaraq teatrdan ayağını kəsmirdi. Yeni tamaşa hazırlayırdı. Elə ölüm də onu teatrda, məşq zamanı, aktyorların əhatəsində yaxalamışdı. Başı hərləndiyini deyən və huşunu itirən rejissoru özünə gətirmək üçün təcili yardım maşını çağırılmışdı. Amma artıq gec idi. Komaya düşən aktyor on gündən sonra dünyasını dəyişmişdi.

Bəli, o, öz evində komaya düşmüşdü. Belə də ki, öz zəhməti ilə yaratdığı Gənclər Teatrı elə onun öz evi sayılırdı. O teatrın adını söyləməzdik, eləcə Hüseynağa Atakişiyevin teatrı deyərdik. Hüseynağa müəllim bu teatrı 1990-cı ildə yaratmışdı.

Elə həmin il Yusif Səmədoğlunun “Qətl günü” əsəri əsasında hazırlanan tamaşa ilə şöhrət qazanmışdı.

Dostlarını, jurnalistləri də elə həmin teatra - evinə çağırırdı. Hüseynağa Atakişiyevin tamaşalarının birini də keçirməzdik.

Deyim ki, heç yerləri-yurdları da yox idi, tamaşalarını Aktyorlar Evinin tamaşa zalında göstərirdilər. Hüseynağa müəllim həm də hədsiz sadəliyi ilə seçilirdi. Hər dəfə premyerası olanda özü zəng edib, dəyər verdiyi jurnalistləri tamaşaya dəvət edirdi.

Onun quruluş verdiyi tamaşaların premyera günü bayram təntənəsi kimi yadımızda qalırdı. Zalda iynə atsaydın yerə düşməzdi, hətta yerdə oturub tamaşanı seyr edənlər də olurdu. Tamaşaçı onun quruluş verdiyi “Kişi və qadın”, “Herostratı unudun”, “Əbləhlərin toyu”, “Dünyanın sonu” tamaşalarına baxmaqdan və baxıb həzz almaqdan doymurdu.

Əməkdar artist, uzun illər Gənclər Teatrında Hüseynağa Atakişiyevlə birgə çalışan və onunla dost olan Natiq Fərzəliyev xatirələrini Publika.az-la bölüşür:

- Hüseynağa müəllim haqqında danışmaq mənə ağırdır, çünki hələ də onun itkisi ilə barışmamışam. Aradan illər keçsə də, mən və bir neçə aktyor ildə üç dəfə onun məzarını mütləq yad edirik. Gənclər Teatrının yarandığı gün-martın 27-si, sentyabrın 8-si Hüseynağa müəllimin doğum günü, bir də aprelin 9-u onu itirdiymiz gün.

Məni teatra o özü dəvət etmişdi. Xətrimi də həddən artıq çox istəyirdi. Hüseynağa müəllim milli teatrda öz möhürünü vuran sənətkar idi, onun yoxluğu bu gün də hiss olunur. O səhnəni çox istəyirdi. Tamaşa hazırlayan zaman onun üzü dönürdü, aktyorlarla çox sərt davranırdı. Onun məşqinə beş dəqiqə gecikmək olmazdı. Belə olanda Hüseynağa müəllim çox kobud olurdu. Çünki nizam-intizamı sevən adam idi. Amma tamaşa bitəndən sonra tamamən dəyişirdi. Çox mülayim, deyib-gülən zarafatcıl olurdu. Onun anlamında iş iş idi, dostluq da dostluq. İşdə insana güzəşt etməzdi. Bir xatirə danışım. Yay idi, teatr mövsümü bağlanmışdı. Mən də Rusiyaya gəzməyə getmişdim. Bizdə də həmişə teatr mövsümü avqustun 15-də açılırdı və məşqlərə başlayırdıq. Elə oldu ki, mən Rusiyada ləngiməli oldum və işə on gün gecikdim. İşə gələndə gördüm ki, Hüseynağa müəllim üzümə baxmadı, heç salamımı da almadı. Gəldim otağına, xahiş-minnət elədim, gördüm ki, yox e, onu yola gətirə bilməyəcəyəm. Qəti şəkildə bildirdi ki, sən işdən azadsan, məşqlərə gəlməmisən, ərizəni yaz, get. Mən də qayıtdım ki, məni işə sən götürmüsən, necə məsləhət bilirsənsə elə də elə. Amma ürəyi yuxa idi, məni bağışladı.

Bir dəfə gəlib gördüm ki, işdən qovulmağımla bağlı əmrimi asıblar. Mən də bir gün qabaq toya getdiyim üçün işə gəlməmişdim.

Dilxor vəziyyətdə getdim Hüseynağa müəllimin otağına ki, yalvar-yaxar edim, fikrini dəyişsin. Aktyor yoldaşlarım gülə-gülə gəldilər ki, səninlə zarafat etmişik. Sən demə, aktyorlar Hüseynağa müəllimlə razılığa gəlib, yalandan əmrimi hazırlayıb divardan asıblar ki, mənimlə zarafatlaşsınlar. O, əmri bir şərtlə cırıb tulladı ki, kollektivə qonaqlıq verəcəksən. Mən də razılaşdım. O, səhnədə sərt olmağı ilə bərabər, həyatda zarafatcıl, yumor hissi güclü olan adam idi.

Ölümü ərəfəsində səhhətində ciddi problemlər yaşanırdı. Bir neçə dəfə də buna görə müalicə almışdı. İnsult keçirməmişdən bir həftə əvvəl efirə çıxmışdı, gördüm rəngi avazıyıb. Teatrda ona dedim ki, rəngin xoşuma gəlmir, get özünü həkimə göstər. Başını buladı ki, məndə heç bir problem yoxdur. Bundan bir həftə sonra teatrda insult keçirdi, komaya düşdü. Teatra çağrılan təcili yardım maşınının həkimi dedi ki, komadan çıxsa, yaşayacaq. Amma komadan ayılmadı. İndi səninlə danışıram, amma elə bilirəm sağdır, sadəcə uzaq bir səfərə çıxıb.

Bu da onun ömür bioqrafiyası… 1949-cu il sentyabrın 8-də Bakıda anadan olub. M.Əliyev adına İncəsənət İnstitutunu bitirdikdən sonra səhnə fəaliyyətinə Şəki Dövlət Teatrından başlayıb. Vaqif Səmədoğlunun məşhur “Bəxt üzüyü” əsərini səhnəyə qoyan ilk rejissor odur. Sonralar onu Dram Teatrına dəvət ediblər. Teatrda baş rejissor kimi fəaliyyət göstərən Hüseynağa Atakişiyev filmlərdə aktyor kimi də çəkilib.

“Üzeyir ömrü” bәdii televiziya filmindә Hacıbəyovun obrazını yaradıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm