O, 57-dən qorxurdu... – MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

O, 57-dən qorxurdu... – MÜSAHİBƏ

Telman Adıgözəlov, tanınmış aktyor, sevimli insan… Bu gün onun xatirə günüdür. Onun vaxtsız ölümü ilə bizi düz beşillik zaman kəsiyi ayırır. Həm də sevdiyim müsahiblərimdən idi. Hər sualıma zarafatla cavab verər, hər sualdan da zarafatla yayınardı. Yadımdadır ki, bir dəfə ondan soruşmuşdum: “Şanslı, naxışı gətirən aktyorsunuz?” Cavab vermişdi ki, hə, çoxlu naxışlı köynəklərim var… Xeyli gülüşmüşdük. Amma sevənlərini doyunca güldürə bilmədi, çünki 57 yaşın tamamında hər kəsə vida edib, bu dünyadan köçünü çəkdi. Uzun-uzadı çəkildiyi filmlərdən, oynadığı rollardan danışmaq istəmirəm. Çünki o rollar özləri danışır. Bu dəfə onun özü haqqında danışacağıq. Danışansa, xalq artisti Hacı İsmayılov olacaq. Telman Adıgözəlovun ən yaxın dostu və sirdaşı…

Publika.az Hacı İsmayılovla müsahibəni təqdim edir:

- Hacı müəllim, Telman Adıgözəlovla bizi 5 illik zaman kəsiyi ayırır. Bu illər ərzində bir dost olaraq onun yoxluğunu hiss etmisinizmi?

- Telman Adıgözəlovun yoxluğu həmişə məni yandırıb. Telman, mən, bir də Səməndər Rzayev - bütün sənət əhli bilir ki, biz ayrılmaz üç dost olmuşuq. Özü də hara getmişiksə, bərabər getmişik - gəzintilərə, məclislərə, qastrollara. Onunla üç tamaşada da tərəf müqabili olmuşdum: “Mənim ərim dəlidir”, “Mənim sevimli dəlim”, “Ax Paris, Paris”. Telmanla tərəf müqabili olmağın ayrı ləzzəti vardı. Bir-birimizin nə demək istədiyini göydə tuturduq.

Hər dəfə ətrafıma baxıb o insanları görmədikcə, sarsılıram. Səməndərdən sonra Telmanı itirmək mənə ikiqat zərbə oldu. Yatsaydım, yuxuma da girməzdi ki, Telmanı çox erkən - 57 yaşında itirəcəyəm.

- Yeri gəlmişkən, deyilənə görə, 57 rəqəmi onun həyatında mistik rol oynayıb… Maşınının da nömrəsi 057 olub, elə dünyasını da 57 yaşında dəyişib. Düzdürmü ki, Telman Adıgözəlov 57 rəqəmindən qorxurmuş?

- Telman zarafatcıl, yumor hissi güclü olan bir insan idi və bəzən dəhşətli hadisələrə də ironiya ilə yanaşıb, onun ağrısını azaltmağa çalışırdı. Nəsə 57 rəqəmi ilə bağlı müəyyən qorxuları vardı. Hətta buna görə 057 nömrəli maşınını və həmin nömrəni də dəyişmişdi. Amma 57 rəqəminin mistikasından qaça bilmədi. Hətta bu hadisədən sonra mən də artıq rəqəmlərin mistikasına inanmağa və nə gizlədim, qorxmağa başladım.

- Telman Adıgözəlov həyatda necə dost idi?

- Telman canıyanan adam idi. Təkcə dostlarına qarşı yox, bütün qohum-əqrəbasına qarşı diqqətli idi. O qədər işin çoxluğunda mütləq qohumlarına baş çəkirdi, pulu çox olmasa da, onlara əl tuturdu. Sadiq dost idi, mən bunu xüsusilə vurğulamaq istəyirəm. Telman arxadan zərbə vuran dostlardan deyildi. Özü də heç vaxt dostları ilə onun arasına girə bilməzdi, buna cəsarətləri çatmazdı. Çünki Telman seçdiyi dostlarını tanıyırdı və kənar təsirlər onu çaşdırmırdı. Biz o vaxt Azərbaycan Televiziyasında yayımlanan “Kino klub” verilişində bərabər fəaliyyət göstərirdik. Telman aparırdı o proqramı. Ondan sonra verilişi bir müddət mən apardım. Amma özüm də etiraf edirəm ki, Telmanın yerini verə bilmədim, Telman verilişin duzu idi.

- Heç ölümü ürəyinə dammışdı, birlikdə olanda bu barədə heç danışmırdı ki?

- Qətiyyən. Heç xəstəlikdən şikayəti də yox idi axı. Hələ bir dəfə yanımızda deməmişdi ki, ağrıyıram.

- Amma həkimdən qorxduğunu eşitmişdim. Hətta deyilənə görə, həkimdən o qədər çox qorxurmuş ki, dişlərini də müalicə etdirmirmiş...

- Bəli, o, ömrünün sonuna qədər dişsiz gəzdi. Həmişə danlayırdıq ki, Telman, cavan adamsan, özünə diş qoydur. Qorxurdu. Bu qorxunun da səbəbi vardı. Uşaq vaxtı qolundan zərbə almışdı və əməliyyat olunmuşdu. Buna görə uşaqlıqdan həkimlərdən qaçırdı.

- Bizə verdiyi müsahibələrində həmişə deyirdi ki, ad günlərində kövrəlirəm, hətta uşaq kimi ağlayıram…

- Telman çox kövrək insan idi. Düz deyirsiniz, ad günlərində onu tanımaq olmurdu, nəsə özünə qapanırdı, özü ilə tək qalmaq istəyirdi. Ürəyiyuxa adam idi. Məsələn, ana haqqında bir mahnı eşidəndə oturub uşaq kimi ağlayırdı. Mən özüm dəfələrlə bunun şahidi olmuşam.

- Hobbisi, əyləncəsi vardımı?

- Avtomobil həvəskarı idi və maşınları sevirdi. Teatr adamları arasında heç kimin maşını olmadığı bir vaxtda Telmanın ağ rəngdə “Jiquli”si vardı. Dedi ki, o maşın mənə düşmür, buna görə dəyişdi.

- Rayonlara qastrol səfərləriniz zamanı ona münasibət necə idi. İnsanlar onu sevirdimi?

- Sevirdi də sözdür? İnsanlar Telmanı evinə qonaq çağırmaq üçün növbəyə düzülürdü. Onun ad günü iyulun 17-də idi. Yay olduğundan çox vaxt ad gününü rayonlarda, təbiətin qoynunda qeyd edərdik. Çox vaxt rayonların məsul işçiləri ona ad günü məclisləri təşkil edərdi. Telman hörmətli, sevilən insan idi.

- Yəqin ki, aranızda maraqlı zarafatlarınız da olub, bəlkə, yad edib gülək…

- O qədər zarafatlar olub ki, efir, sayt üçün deyil. Biz həmişə Teatrınn bufetinə yığışardıq. Çox vaxt kefimiz olmazdı, yorğun olardıq. Telman içəri girən kimi bufet canlanırdı, əhvalımız dəyişirdi. Özü də hərəmizə bir lağlağı ad qoyurdu.

- İncimirdiniz bundan?

- Nə danışırsan, Telmandan incimək olardı? Mənə "Həci qədeş" deyirdi. Siyavuş Aslanı görən kimi qabağında diz çöküb deyirdi: “Həci, qədəmlərinə qurban olum”. Hamı onun zarafatlarından xoşhal olurdu.

- Maraqlıdır, heç arzularından danışırdı?

- Son vaxtlar onun bir arzusu vardı ki, bağ evi olsun. Torpaq sahəsi də almışdı, amma evi tikə bilmədi. Elə özü də darısqal evdə yaşayırdı. Bir söz deyim ki, Telman əyilən, sınan adam deyildi. Heç vaxt özünün maddi problemlərini dilə gətirib, başqalarının yanında özünü sındırmazdı. Hamının yanında hörməti vardı, amma bir dəfə də olsun kiməsə ağız açmazdı.

- Onunla son görüşünüzü xatırlayırsınız?

- Ölümü ərəfəsində teatrda ona bir tamaşada rol vermişdilər. Məşq prosesləri gedirdi. Nədənsə məşqlərə gəlmirdi. Bir dəfə teatrın direktoru mənə dedi ki, Telmana deynən, məşqə gəlsin. Mən də ona zəng etdim, dedim ki, niyə özünə problem yaradırsan, gəl, məşqlərdə iştirak et. Dedi ki, xəstəyəm, özümü yaxşı hiss eləmirəm. Mən çox israr etdim ki, əşi, sənin haran xəstədir, teatra gəl, qan-qaraçılıq yaratma. Mənə söz vermədi ki, gələcəyəm, amma yox da demədi. Üstündən bir həftə keçmiş xəbər gəldi ki, bəs Telman…(qəhərlənir) Amma bildiyim qədər o ölüm gününə qədər ürəyindən şikayətlənməyib. Hətta dünyasını dəyişən gecə də şikayəti olmayıb. Həmin gün, şəhərə çıxıb, gəzib-dolanıb. Gecəyarısı qəfildən ürəyi tutub. Elə onunla da quş kimi uçub gedib. Telman ağrılardan, həkimdən qorxurdu, elə Allah da onu çox sevdiyi üçün ölümünü belə yüngül elədi.

- Məzarını ziyarət edirsinizmi?

- Mənə çox ağırdır, amma dostlarımın görüşünə gedib, məzarları ilə söhbətləşirəm. Səməndər Rzayevin də, Telmanın da…Telmanın şirin zarafatları üçün çox darıxmışam. Elə bilirəm hardansa gəlib çıxacaq və “Hacı qədeş necəsən” deyib, eynimi açacaq. Siz də sağ olun ki, Telman Adıgözəlov haqqında müsahib kimi məhz məni-ən yaxın dostunu seçmisiniz. Yəni indi, ruhu şaddır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm