Ölmüş yumor hissimi dirildən “Kocan kadar konuş” - FOTOLARI
Bizi izləyin

Magazin1

Ölmüş yumor hissimi dirildən “Kocan kadar konuş” - FOTOLARI

Türk filmlərini izləməyi elə də sevmirəm... Buna səbəb mövzuların əksəriyyətinin bir-birinə oxşaması, oğlan və qız sevgisindən bəhs edən ağlamalı sonluqla bitən filmlərin üstünlük təşkil etməsidir.

Biləndə ki, bu dəfə türklər “Kocan kadar konuş” adlı romantik komediya janrında film çəkib, düzü izləməyə həvəssiz getdim. Səbəbi isə yerli rejissorlarımızın çəkdiyi komediya filmləri idi. Daha doğrusu, öz aləmlərində çəkdikləri komediya... Çünki bir saatdan artıq davam edən nümayiş zamanı zalda bir nəfər belə gülmür. Nəinki gülmür, heç dodaqları da qaçmır...

Amma “Kocan kadar konuş” başlayan kimi əvvəlki təəssüratlarımdan əsər-əlamət qalmadı. Film o qədər maraqlı və gülməli idi ki, yerli komediyalarla dəfn etdiyim yumor hissim sanki qəbirdən xortlayıb qarşımda qəh-qəhə çəkirdi. Elə şaqqanaq çəkirdi ki, qeyri-ixtiyari gözlərimdən yaş fantan vururdu.

Buna görə də filmin rejissoru Kıvanç Burunönünə və baş rolları canlandıran Ezgi Mola ilə Murat Yıldırıma təşəkkür edirəm. Amma təşəkkür payının böyük bir qismini Ezgiyə hədiyyə edirəm. Çünki film qarışıq mənim yumor hissimə Muraddan çox can verən məhz o oldu.

Nə isə, keçək filmə....

Film haqda qısa olaraq onu deyim ki, əsərin baş qəhrəmanı olan Əfsus 30 yaşlı qızdır. Bu yaşına qədər ailə qurmayan xanım bütün qadın qohumlarının qınaq obyektinə çevrilib və hamı onu evləndirmək üçün dəridən- qabıqdan çıxır. Əfsus isə kitab oxumağa meylli, türklər demiş, arzularının erkəyini gözləyən xəyalpərəst bir qızdır.

Nəhayət ki, 11 ildən sonra o, məktəbdə sevdiyi, amma etiraf etməyə cürəti çatmayan Sinanla gecə klubunda yenidən qarşılaşır. Hər şey də bundan sonra başlayır...

Nələrin başladığını və nələrin bitdiyini isə filmə baxanda özünüz görəcəksiz. İndi isə az da olsa bu ekran əsərini ərsəyə gətirən insanlar haqqında bəhs etmək, məncə, yerinə düşər.

Ezgi Mola Murat Yıldırımdan fərqli olaraq ilk dəfədir Bakıya gəlir. Azərbaycanda sevildiyini özü də bilir. Gerisini də qoy özü desin: “Azərbaycanda pərəstişkarlarımın olduğunu bilirəm. Bunu sosial media vasitəsilə yazılan məktub və şərhlərdən oxuyurdum. Nəhayət ki, bunu virtualdan reallığa çevirə bildik. Artıq Bakıdayam, sizlərləyəm”.

Murata gəlincə, deyəsən, “torbada pişik var”. Hər zaman dramatik janrlara üstünlük verən Murat Yıldırım komediyaya çəkilməsində Ezginin rolunu inkar etmir:

“Hər zaman dramatik filmlərdə oynamışam. Bu filmə çəkildikdən sonra düşündüm ki, nə yaxşı komediya filmində rol aldım. Ezgi ilə oynadığım üçün çox xoşbəxtəm".

Deyəsən, heç bu xoşbəxtliyin peşini buraxmaq haqqında da düşünmür: "O, Türkiyənin ən güclü komediya aktrisalarındadır. Filmin ikinci hissəsini də çəkməyi düşünürük. Əgər hər şey yolunda olsa, ssenarini bəyənsək, davamı da olacaq”.

Bu isə, yəqin ki, İstanbula döndükdən sonra rellaşacaq. Dönüş isə sabah axşam olacaq. O vaxta qədər qonaqlar paytaxt Bakımızın görməli yerlərini gəzib xoş təəsüratlarla vətənlərinə dönmək istəyirlər.

Biz isə qonaqlarımıza xoş istirahətlər və iyi yolculuqlar arzusu ilə nöqtə qoyuruq.

İsa Şükürov

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm