“Buna görə kiminsə məşuqəsi olmalıydım” – Cahandar ağanın Mələyinin 46 ildən sonra etirafı – FOTOLAR
Bizi izləyin

Magazin1

“Buna görə kiminsə məşuqəsi olmalıydım” – Cahandar ağanın Mələyinin 46 ildən sonra etirafı – FOTOLAR

Milli filmlərimizin bir çoxunda çəkilsə də, daha çox rejissor Hüseyn Seyidzadənin “Dəli Kür” filmindəki Mələk roluna görə yadda qalıb və sevilib. Maraqlıdır ki, aktrisa özü bu rolu o qədər də bəyənmir. Dediyinə görə, Mələyi daha da gözəl və təbii oynaya bilərdi. Amma bəzi səbəblər üzündən alınmayıb. Söhbət əməkdar artist Zemfira Sadıqovadan - Cahandar ağanın Mələyindən gedir.

Yaşı 76-nı haqlasa da, hələ də gözəlliyini və təravətini saxlayan aktrisa Publika.az-a müsahibə verib.

- Zemfira xanım, milli kinomuzda bir çox filmlərə çəkilsəniz də, nədənsə daha çox tamaşaçıların yaddaşında “Dəli Kür” filmində Cahandar ağanın qaçırdığı Mələk rolu ilə qalmısınız… Bəlkə, elə ondan başlayaq, necə odu ki, bu filmə dəvət aldınız?

- Məni bu filmə rejissor Hüseyn Seyidzadə dəvət edib. Bəlkə də, bu bir təsadüf idi. Hüseyn müəllim məni trolleybusda gördü və arxamca gəlib, məni filmə dəvət etmək istədiyni bildirdi. Amma öncə məndən soruşdu ki, siz Yusif Vəliyevin həyat yoldaşısınız? Cavab verdim ki, bəli. Sonra qayıtdı ki, sizi “Dəli Kür” filmində Mələk roluna dəvət etsəm, razılıq verərsinizmi? Etiraz etmədim. Çünki filmə çəkilmək mənim uşaqlıq arzum olub. Əslində həmin vaxt Hüseyn Seyidzadə məni tanıyırdı. Amma mən onu tanımırdım. Birinci dəfə idi ki, onu görürdüm. Elə onunla rahat danışmağımın səbəbi də həyat yoldaşımı tanıması idi.

- Həmin vaxta qədər filmə çəkilməmişdiniz?

- Həmin vaxt mən radioda aparıcı kimi fəaliyyət göstərirdim, eyni zamanda yaxşı diksiyam olduğu üçün dublyajla da məşğul olurdum. Şamil Mahmudbəyovun “Torpaq, dəniz, od, səma” filmində çəkilmişdim. Əslində Hüseyn Seyidzadə məni həmin filmdə oynadığım Leyla rolundan görüb tanımışdı. Sonradan başa düşdüm ki, oynadığım rolun təbiiliyi onun xoşuna gəldiyi üçün Mələk rolunu mənə vermək istəyib. O, mənə dedi ki, səni əvvəlcə fotosınaqla yoxlayacağıq. Mən ona dedim ki, fotosınaq nə aktyora, nə də rejissora heç nə vermir. Aktyorun daxilən və xaricən nəyə qadir olduğunu bilmək üçün mütləq onunla sınaq çəkilişi etmək lazımdır. Mənimlə razılaşdı və çəkiliş oldu.

- Seyidzadə həmin vaxt sınağa yalnız sizi dəvət etmişdi?

- Yox, məndən başqa yüzə yaxın gənc qızlar dəvət olunmuşdu. Ancaq buna baxmayaraq, yüz qızın içindən yalnız məni seçdilər. Bədii Şuranın bütün üzvləri hamılıqla mənə səs verdilər və Mələk roluna təsdiqləndim.

- Yəqin ki, çəkiliş boyu maraqlı hadisələrlə də qarşılaşdınız...

- Maraqlı hadisələr çox oldu, amma bu barədə çox danışmışam.

- Bizə də danışın…

- Çəkiliş zamanı bir neçə dəfə ekstrim vəziyyətlərə düşdüm. Sıldırım qayalıqdan aşağı enən zaman ayağımdakı dəri başmaq sürüşdü və az qala uçuruma yuvarlanacaqdım. Bir neçə dəfə həyəcanla qışqırdım da. Amma təbii oyun naminə bunu etdiyimi düşünüb mənə yaxınlaşmadılar. Allah rəhmət eləsin, Seyidzadə arif insan idi. Başa düşdü ki, vəziyyətim çətindir. Çəkilişi yarımçıq saxladılar və məni dəhşətli bir təhlükədən xilas etdilər. O an mən ölə də bilərdim. Sonra Kürdə paltar yuduğum kadr var e, onun çəkilişi may ayında aparılırdı. Biz Qazaxda idik, soyuq suyun içində o qədər qalmışdım ki, xəstələnmişdim. Yadımdadır ki, qaldığımız oteldə qızdırma içində yanırdım.

- Zemfira xanım, filmdə o dövr üçün heç də birmənalı qarşılanmayan açıq-saçıq kadrlar da var… Maraqlıdır, bu kadrlara çəkilməkdən imtina etmədiniz ki?

- Qətiyyən. Mən əgər o kadrlara çəkilməkdən imtina etsəydim, bəzi insanların əlinə bəhanə vermiş olacaqdım. Deyəcəkdilər ki, Zemfira peşəkar aktrisa olmadığı üçün açıq-saçıq səhnələrə çəkilməkdən imtina edir. Deməyəcəkdilər ki, həya edir, utanır, deyəcəkdilər ki, bacarmadı. Buna görə bir kəlmə də olsun danışmadım və başımı aşağı salıb, rejissorun dediyini elədim.

- Bəs həyat yoldaşınız, xaraktercə mühafizəkar olan Yusif Vəliyev nə əcəb qısqanmadı və sizə bu kadrlara çəkilməyə razılıq verdi?

- O, mənə heç nə demədi. Əksinə, rolumu çox bəyəndi. Yusif bütün çəkiliş prosesində yanımda olurdu və oteldə bir yerdə qalırdıq. Yusif Vəliyev böyük aktyor idi və o, məni kinoda xanımı kimi yox, bir aktrisa kimi görürdü. O heç vaxt rola görə məni qısqanmayıb. Hətta bu rola görə atam da mənə xüsusi təşəkkür elədi.

- Leyla Bədirbəyli ilə münasibətiniz necə idi? O da gözəl qadın idi, siz də… Heç paxıllığınızı çəkmirdi?

- Bu barədə heç nə deyə bilmərəm, amma bilmirəm qəsdən etdi, ya nədənsə, Leyla çəkiliş zamanı məni möhkəm vurdu. Bilirsiniz yəqin hansı səhnəni nəzərdə tuturam. Cahandar ağa məni qaçırıb evə gətirəndə onun arvadı - yəni Leyla Bədirbəyli mənə sərt bir şillə çəkir. Əslində o, bunu yumşaq etməli idi. Çünki məşq prosesində belə olmuşdu. Amma çəkiliş zamanı gözlənilmədən o, məni necə vurdusa, gözümdən sanki şimşək çıxdı. Baxmayaraq ki, cüssəli xanım idim, amma səndirləməkdən özümü güclə saxladım. Sözün düzü çaşıb-qalmışdım, amma kamera açıq olduğu üçün mən onun cavabını verə bilmədim.

- Sonradan bu məsələyə aydınlıq gətirdinizmi?

- Xeyr, nə mən soruşdum, nə də o cavab verdi.

- Bəlkə, gözəl olduğunuzu həzm edə bilmədiyi üçün acıq çıxırdı?

- Bilmirəm. Leylanın həmin vaxt 50 yaşı vardı, mənim də 27. Amma o yaşlı vaxtlarında da çox gözəl qadın idi. Bu, danılmaz fakt idi.

- Buna görə rejissor ona irad tutdumu?

- Yox. Leyla Bədirbəyliyə irad tutmaq olardı? O çox qürurlu qadın idi.

- Bəlkə, filmin daha təbii alınması üçün onun silləsi sərt olub?

- Düşünmürəm. Bəlkə də, onlar məndən başqa reaksiya gözləyirdilər.

- Yəni ümid edirdilər ki, buna görə filmdən imtina edə bilərsiniz?

- Bəlkə də… Onu da deyim ki, Leylanın oynadığı Zərnigar roluna Məhluqə Sadıqovanı çəkməliydilər, nədənsə, sonradan fikir dəyişdi. Əslində Məhluqə xanım həmin rol üçün daha uyğun idi. Çünki Cahandar ağanın xanımı o qədər də gözəl olmamalıydı. Belə baxanda Leyla Bədirbəyli kimi gözəl qadını olan kişi axı başqa qadına tamah sala bilməzdi. Mən demirəm ki, Məhluqə Sadıqova çirkin qadındır, yox, sadəcə olaraq onu demək istəyirəm ki, Leyla Bədirbəyli çox gözəl qadın idi və düşünürəm o rol üçün uyğun deyildi. Hər halda, bu, mənim şəxsi fikrimdir. Mən rejissorun yerinə olsaydım, Cahandar ağanın arvadını oynamaq üçün gözəl aktrisa seçməzdim. Əslində Cahandar ağa Mələyi gözəl və cavan olduğuna görə qaçırır. Buna görə də bu məsələyə görə Cahandara haqq qazandırmaq olmur.

- Yəni arvadı çirkin olsaydı, haqq qazandırardınız?

- Onda, bəlkə də, haqq qazandırmaq olardı. Hər bir kişi istəyərdi ki, yanında Zərnigar kimi gözəl qadın olsun. Amma Mələk də kasıb olmasına baxmayaraq, çox gözəl, vüqarlı qadın idi. Fikir vermisinizsə, mən filmdə Zərnigarın “ayağa qalx” sözündən sonra dərhal durmuram. Bu, mənim vüqarlı qadın olmağıma işarədir. Bir qədər fasilə verib, sonradan ayağa qalxıram. Əslində bu, rejissorun deyil, mənim istəyim idi. Pis də alınmadı. O, bu hərəkəti ilə Zərnigara demək istədi ki, noolsun sən xanımsan, mən də özümə görə bir qürurlu qadınam.

- Amma Cahandar ağa da qadınların vaz keçə bilmədiyi bir kişi obrazıdır. Onunla çəkiliş zamanı maraqlı situasiyalar yaşandımı?

- Filmdə bir epizod var. O, Mələyə həyatı boyu görmədiyi hədiyyələri alır. Mələk də öz növbəsində ona minnətdarlığını öpüşlə bildirmək istəyir. Mən çəkiliş zamanı Cahandar ağanı qucaqlayıb minnətdarlıq etmək istəyəndə qəfildən o, kənara çəkildi. Elə bildi ki, onu öpəcəyəm. Onun bu hərəkəti məni çaşdırdı, həm də təəccübləndirdi.

- Siz onu öpmək istəyirdiniz ki?

- Hə...

- Bunu sizə rejissor demişdi?

- Yox rejissor heç nə deməmişdi, indiyə qədər hələ bir rejissor mənə deməyib ki, filan rolu belə oyna, yaxud da elə. Bacardığımı özüm ortaya qoymuşam. Mən rola necə aludə olmuşdumsa, Mələk olaraq ehtirasa gəlib onu öpmək istədim. Minnətdarlıq əlaməti olaraq. Mən o an Zemfira Sadıqovadan çıxıb, Mələk oldum, amma o, Cahandarlıqdan çıxıb Ələddin. O anda o, Cahandar ola bilmədi. Bilmədim niyə.

- Bəlkə, Ələddin Abbasov həyat yoldaşınız Yusif Vəliyevin zəhmindən çəkindiyi üçün elə elədi?

- Bilmirəm. Mən bu barədə heç onun özündən də heç nə soruşmadım. Amma hələ də bu müəmma içimdə qalır.

- Hər halda, mükəmməl bir obraz yaratmısınız…

- Amma mən Mələk rolunu heç bəyənməmişəm. Yeganə bəyəndiyim rol “Dantenin yubileyi”ndə oynadığım Anaxanım roludur.

- Maraqlıdır, niyə bəyənməmişdiniz ki bu rolu?

- Mənə elə gəlir ki, Mələyi ondan daha yaxşı oynaya bilərdim.

- Yəni necə?

- Bu barədə danışmaq istəmirəm.

- Zemfira xanım niyə oxu atıb, yayı gizlədirsiniz? Üstündən illər keçib, bəlkə, danışasınız…

- İndi bilmirəm kinoda vəziyyət necədir, amma bizim dövrümüzdə qız-gəlinlərin kinoya çəkilməsi müşkül iş idi. Namusla-ismətlə filmə çəkilmək mümkün deyildi. Orda başqa nüanslar olmalı idi.

- Açıq-saçıq səhnələri nəzərdə tutursunuz?

- Yox. Onsuz da mənə istənilən rolu versəydilər oynayacaqdım. O dövrdə mütləq kiminsə məşuqəsi olmalıydın ki, səni filmə çəksinlər.

- Amma sizi də çəkiblər axı?

- Çəkiblər, amma çox az çəkiblər. Məncə, indi kinomuzda o iyrənc tendensiya yoxdur.

- Həyat yoldaşınız Yusif Vəliyev Cahandar ağa kimi üstünüzə günü gətirsəydi, Zərnigar kimi dözüb oturardınız?

- Heç vaxt.

- Amma bildiyimiz qədər, Yusif Vəliyevin də dərdindən dəli-divanə olan qadınlar az olmamışdı? Heç sizə xəyanət etmişdi?

- Heç vaxt, heç vaxt, heç vaxt. Bunu sizə əminliklə deyirəm.

- Sizdən qabaq evli olmuşdu…

- İki dəfə. Mən də ona qədər bir dəfə ailəli olmuşdum. Amma mənimlə evlənəndən sonra o, ömrünün sonuna qədər mənimlə bərabər yaşadı.

- Nə əcəb iki dəfə evli olan bir kişinin evlilik təklifini qəbul etdiniz?

- Mən onda cavan qız idim, Gənc Tamaşaçılar Teatrına işə gəlmişdim. Orda bir-birimizi gördük, aşiq olduq, evlənməyə qərar verdik. Amma mənə evli olduğunu deməmişdi, sonradan biləndə ki, məndən qabaq iki dəfə evli olub, şok yaşadım. Ondan ayrılmaq üçün teatrı tərk etdim. Amma ayrılıq bu sevgini daha da alovlandırdı. Mən onsuz yaşaya bilməyəcəyimi anlayıb geri döndüm. Evləndik.

- O vaxtlar hansı məşhur aktrisalarla rəfiqəlik edirdiniz?

- Heç biriylə. Mən son illər aktrisalarla dostluq edirəm. Xalidə Qasımova, Gülzar Qurbanova yaxın rəfiqəmdir.

- Filmlərə çəkilirsinizmi?

- Əlbəttə, bəyəndiyim filmlərə dəvəti qəbul edirəm. Ötən il “Sonuncu dayanacaq” filmində çəkilmişəm. Xoşuma gələn ssenarilər olsa, yenə də çəkiləcəyəm.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm