Bərbərlikdən Avropa səhnəsinə yüksələn Elnur: “Ebru Gündəşi gözəlliyinə görə seçdim” - FOTOLAR
Bizi izləyin

Magazin1

Bərbərlikdən Avropa səhnəsinə yüksələn Elnur: “Ebru Gündəşi gözəlliyinə görə seçdim” - FOTOLAR

“Canavar saatı” – bu, təhlükəli gecə vaxtıdır. Fövqəltəbii güclərin oyandığı və dünyalar arasındakı boşluğun açıldığı zamandır. Bu möcüzəli saatı xeyir və ya şər işlər üçün istifadə etmək olar, əsas odur ki, məğlub olmayasan. Bu həyatsevər və işıqlı kompozisiya ilə Elnur Hüseynov “Eurovision 2015”də Azərbaycanı təmsil edib.

Publika.az bu il Azərbaycanı “Eurovison 2015" musiqi müsabiqəsində təmsil edən Elnur Hüseynovun “Nargis” jurnalına verdiyi müsahibənin tərcüməsini təqdim edir.

1

- Həyatımda bir çox hadisələr baş verib. Bir çox sahələrdə özümü sınamışam. Diş düzəltmə ilə maraqlanmışam. Sonra başa düşdüm ki, bu, mənlik deyil. Saç ustası, stilist kimi fəaliyyətə başladım. Bu işdə də uzun müddət davam edə bilmədim. Müştərilərlə yola getmirdim. Gəlib şəkil göstərirdilər ki, mənə bu cür saç düzümü et. Cavab verirdim ki, axı sənin başında bu qədər tük yoxdur, başına saç yapışdırım? Bəziləri də etdiyim saç düzümlərini bəyənmirdi. Sonda stilistlik bacarığım öz işimə yarayır. Harasa gedəndə artıq nə cür görünəcəyim üzərində uzun müddət düşünmürəm. Saçlarımı özüm kəsməyi bacarıram. Bir də ki, nə vaxtsa səsim batsa, ac qalmayacağıma əminəm.

Elnur stil haqqında bilgilərini, bacarığını öz səhnə imicinin yaradılmasında istifadə edir. Xüsusilə son zaman o, vintaj geyimlərə - köhnə pencək, şalvar və jiletlərə üstünlük verir. Hesab edir ki, hər bir əşyanın özünün energetikası var. O, çox yaxşı həmsöhbətdir.

- İlk çıxışım Rəşid Behbudov adına Mahnı Teatrında olub. O zaman mən Asəf Zeynallı adına Bakı musiqi məktəbində təhsil alırdım. Kompozisiyamı ifa etdim, səhnədən düşdüm və… yıxıldım öz konsertmeystrimin üstünə. Başım gicəlləndi. Mən çox emosional insanam. Emosiyalara qapılıb səhnədə elə notlar götürə bilərəm ki, halbuki bunu etməməli idim.

2

Elnurun konsert təcrübəsi və məşhurluğu qısa müddətdə sanki maya qatılmış xəmir kimi artır. Elə bil 21 yaşlı Elnur Samir Cavadzadə ilə Belqradda dueti bir il əvvəl oxyub.

- 2008-ci ildə xoşuma gəlməyən anlar olub. Amma unutmayaq ki, mənim 21 yaşım olub və mən “balaca” olmuşam. Xasiyyətcə düşündüyümü danışan adamam. Bu isə hər zaman yaxşı deyil. İndi bir qədər “böyümüşəm” və bilirəm ki, haradan düz keçmək, harada isə əl edib keçmək lazımdır. Bunu etməyi bacarırsansa, sən həyatda çox şeyə nail olacaqsan. Bundan başqa biz ilk idik. Bu isə hər zaman çətin olur. 6 ay ərzində 12 ölkəni gəzməli idik. Digər iştirakçılar üçün bir qədər asan idi. Onlar bilirdilər kiminlə salamlaşmaq olar, kimdən isə üz döndərmək lazımdır. İndi işim tamam fərqlidir. Mənim komandamda doğma bacım var. O, peşəkar vizajistdir və məni makiyaj edir. Həmçinin mənim yaxın dostum Sitarə İbrahimova da mənimlədir. O fotolarımı çəkir. “Sing Your Song” layihəsindən tanıdığım və bu günə qədər dostum olan Hüsniyyə Məhərrəmova da mənimlədir. Onların hər biri pozitiv insanlardır. Özünü peşəkar və doğma insanlarla əhatə etmək çox vacibdir. Çünki hazırlıq prosesi böyük stress ilə müşayiət olunur. Məsələn, bir müddət əvvəl təyyarəyə gecikdik. Bu, aviaşirkətin səhvi idi. Onlar da bunu etiraf etdi. Belə baxanda hər şey yaxşıdır, amma yenə də stress. Tələsirsən, əsəbiləşirsən – “Yük hardadır? Yükü itiriblər?!

3

Bütün bu olanlara baxmayaraq, Elnur mütəmadi olaraq gizlənir. Elə gizlənir ki, hətta məşhuru qarabaqara izləyən mətbuat belə onu tapa bilmir. Həmin zaman çərçivəsində o, daxili dünyasını qaydaya salmaqla məşğuldur. Bu istirahət ona güc toplamaq və yenidən möhtəşəm performans göstərmək üçün lazımdır. Bir neçə ay öncə o, Türkiyədə “O səs Türkiyə” yarışmasını fəth etdi. İndi Elnur “Avropa Music” şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən 4 il ərzində Elnurun 3-4 albomu işıq üzü görməlidir.

- Mənim ilham pərim gəlib. Türkiyəyə, İstanbula aşiq olmuşam. Yeni insanlarla tanışlıq, ölkə dəyişikliyi möhtəşəmdir. Dilimiz və dinimiz, demək olar ki, eynidir. Amma əhvali-ruhiyyələri tamam başqadır. Bu fərqlilikdən mən indi enerji yığıram. Həmin enerjini isə musiqimə yönəldirəm. Çoxlu ideyalarım var. İsfar Sarabski ilə birlikdə layihəmiz var. Bu, sırf olaraq Avropa üçün nəzərdə tutulub. Elektron musiqi də olacaq. Həmin musiqini Türkiyə səsləri ilə birləşdirmək istəyirəm… Pop albom da işıqüzü görəcək. Amma vineqret salatı olmayacaq. Mən qarmaqarışıqlığı sevmirəm. Artist cilddən-cildə girməyi bacarmalıdır. Hər bir obraz tam olmalıdır. Bu, yüksək pilotajdır.

Elnur Türkiyədə artistin necə olmalı olduğunu nümayiş etdirdi. Hər kəs Elnurla işləmək istəyirdi. Amma o, Ebru Gündəşi seçdi. Və Elnur hər çıxışında onun peşəkar olmasını xüsusi qeyd edirdi.

- Mən Ebru Gündəşi ona görə seçdim ki, o, gözəl müğənni olaraq mənim xoşuma gəlirdi. Bundan başqa, mən türk musiqisini çox yaxşı anlayıb hiss edirəm. O ifa edəndə, mən hər bir notu eşidə bilirəm. Əvvəllər mən onu insan kimi tanımırdım. Məlum oldu ki, o, həyatda da səhnədə olduğu kimi təbiidir. Amma bu da hələ hamısı deyil. Bir çox artistlər gəlir və gedir, onlar müəyyən müddətdə məşhur olur. O isə ömrünün sonuna kimi sevilən və hörmət olunan Ebru Gündeş olaraq qalacaq.

4

Elnur musiqidən və ifaçılardan çox rahatlıqla söhbət edir. Amma vaxt olub ki, bir çox uşaq kimi o da, həyətdə oynamağı musiqidən üstün tutub. Xüsusilə də, İohann Sebastiyan Baxı ifa etməyi heç sevməyib…

- Onunla mənim hər zaman problemim olub. Prelüdiyaları sevirdim, amma fuqaları… Onları ifa etməyə başlayan kimi məni yuxu tuturdu. Anam musiqi müəlliməsidir. O, hər zaman yanımda oturub məni oyadardı. Sonradan isə mənim musiqiyə sevgim yarandı. Artıq bu, ayrılmaz bir sevgi idi. İndiyədək Motsartın cəldliyi, Şopenin dərinliyi, Bethovenin daxili həyəcanını sevirəm. Düzdür, hər janrın öz gözəlliyi var və hərəsinin onlarla istedadlı vokalçısı var. Mən təxminən 100 ad çəkə bilərəm. Caz musiqisində Sara Von, Ella Ficeraldı, soul musiqisindən isə Sem Smiti dinləməyi sevirəm. Təzəlikcə isə Con Uilyamsı kəşf etmişəm – o, möhtəşəm bəstəkardır! O, “Ulduz müharibəsi”, “Harri Potter”, “Şindlerin siyahısı” və bir sıra filmlərin saundtreklərinin müəllifidir. Mən onu Baxdan sonra ikinci yerə qoyardım. Elektron musiqi bir qədər məzəlidir, bəli. Amma əsl səs, ürəyi riqqətə gətirən musiqi, əlbəttə ki, klassikadır, orkestrdir…

O, qalibiyyət haqda danışmır. O, sadəcə isti energetikasını bölüşmək istəyir…

Mən xoşbəxt olmaq istəyirəm. Çox böyük planlarım var. Amma 5 ildən sonra yığışıb harasa getmək istəyirəm, məsələn, Hindistana – təbiətə, qəlb üçün yaşamağa. İnsanlar sanki plastmaslaşıblar. Onlar daha çox özlərini göstərməklə məşğul olur, amma nadir hallarda sözün əsl mənasında bir-birilərinə kömək edirlər. Dünyada neqativ də get-gedə çoxalır. Mən isə sakitlik istəyirəm. Daxili rahatlıq - bu, həyat üçün vacibdir!

Tərcümə etdi: İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm