Burnuna görə ələ salınan Xuraman: “Həyat yoldaşım desəydi ki...” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Burnuna görə ələ salınan Xuraman: “Həyat yoldaşım desəydi ki...” - MÜSAHİBƏ

Bir vaxtlar ailəsini ictimai nəzərdən gizlədirdi. İndi isə zamanın tələbinə ayaq uydurub. Texnologiya əsrinin yeniliklərindən istifadə etməyə başlayıb. Nəinki ailəsini, həyatını başqalarından gizlətmir, öz dünyasını, düşüncələrini, yeniliklərini hər kəslə paylaşır. Sevənləri də, elə sevməyənləri də, onunla bağlı hər şeydən elə özü vasitəsi ilə xəbər tutur.

Bu gün Publika.az-ın qonağı olan müğənni Xuraman Şuşalı bir çox məsələlərlə bağlı düşüncələrini bizimlə də paylaşdı. Onunla müsahibəyə də məhz dünən açılışı olan böyük idman hadisəsindən başladıq:

- Xuraman xanım, dünən “Bakı-2015” Birinci Avropa Oyunları başladı. Açılışı izlədiniz. Təəssüratınız necədir?

- Şükürlər olsun... İlk növbədə bir məqamı qeyd etmək istəyirəm. Ölkəmiz əmin amanlıq içindədir, terrorsuz bir ölkədə yaşayırıq. Məncə, bu, bir ölkə, bir xalq üçün ən böyük xöşbəxtlikdir. Küçə-bayırda sərbəst hərəkət edə biliriksə, bu, dövlətimizin böyük uğurudur. Nə gizlədim, dünyada baş verənlərə baxıb, ölkəmizdə olan əmin-amanlığa sevinməmək olmur. Düzü, həmişə düşünürdüm ki, böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək Azərbaycan kimi gənc dövlət üçün məsuliyyətli və çətindir. Amma biz bu işin öhdəsindən gələ biləcəyimizi hələ bir neçə il öncə sübut etdik. Onda “Eurovision” mahnı yarışını adımıza layiq təşkil etdik. İndi isə ondan dəfələrlə böyük bir tədbirin təşkilatçılığını öz üzərimizə götürmüşük. Özü də elə bir tədbirin ki, adımızı tarixə yazacaq. Odur ki, fikrimcə, Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyəti bu günə deyil, sabaha, gələcəyə hesablanıb. Kimsə deyə bilər ki, bizə bu oyunlar lazımdır? Hesab edirəm ki, bəli, bizə bu oyunlar lazımdır! Çünki bu gün biz bu uğuru qazanmalıyıq. Bu uğuru biz alqışlamalı və dəstək olmalıyıq. Artıq-əskik danışmamalı və bir olmalıyıq. Bu tədbiri alnıaçıq, üzüağ təşkil edə bilmək üçün 2 ildən çoxdur ki, dövlətimiz hazırlıq işləri görür. Özümüz də görürük ki, bu böyük işə kölgə salmaq cəhdləri var. Dövlətimizin bu vəzifənin öhdəsindən layiqincə gələ bilməməsinə çalışan ayrı-ayrı qüvvələrin olduğu da sirr deyil. Odur ki, hər birimizin üzərinə ağır məsuliyyət düşür. Necə böyük işin altına girdiyimizi açılışı izləyən hər kəs gördü. Nəinki açılışı, elə hazırlıq prosesini izlədikcə insan özü ilə, dövləti ilə qürur duyurdu. Hələ açılışdan sonra dövlətimizin sabahına, gələcəyinə olan inamım daha da artdı. Güclü, sözün əsl mənasında, qüdrətli dövlət olacağımıza şübhəm qalmadı.

- Şəxsi həyatınızı qapalı saxlayırdınız. Son müşahidələrim göstərir ki, indi əksinədir, ailə şəkillərini mütəmadi olaraq sosial şəbəkədə paylaşırsınız. Bu dəyişiklik nə ilə əlaqədardır?

- “İnstagram” səhifəm yox idi. Düzü, heç maraqlı da deyildi. Nə kimisə izləyirdim, nə də özümlə bağlı nəyisə paylaşırdım. Ancaq hamiləlik dönəmində hər şey dəyişdi. Belə ki, hamiləliyimin axırıncı aylarında çox həyəcanlı idim. Gərginliyim həyat tərzimə, hətta xasiyyətimə təsir etmişdi. Yaman deyingən olmuşdum. Bu ərəfədə sosiallaşmağımla bağlı təklif yoldaşımdan gəldi. Dedi ki, başımın qarışması üçün “İnstagram”da mənə səhifə açıb. Bilirsiniz ki, həmin ərəfədə anam da dünyasını dəyişmişdi. Çox ağlayırdım. Çarəni burada tapdım. “İnstagram”a başım necə qarışdısa, hələ də başımı qaldıra bilmirəm.7 aydır oradayam. Sənət yoldaşlarım var ki, illərdir buradadırlar. İzləyicilərimdən razıyam. Burada sevənim çoxdur. Pis şərhlər yazanları, əhvalımı korlayanları, təhqir edənləri isə qara siyahıya salıram. İstəmirəm izləyicilərim məni kinlə izləsin. İzləyirsə, baxsın ürəyi açılsın.

- İzləyiciləriniz, əsasən, nəyi irad tuturlar?

- Yadımda qalmayıb. Birdə görürsüz kimsə geyimimə ilişir, digəri yazır ki, hicabı aç başından, əvvəlki vaxtına qayıt. Elə insanları mütləq qara siyahıya atmaq lazımdır. Fikrimcə, səni təhqir edən insana izin verməməlisən ki, səni izləsin. İzləyiciləri çox olan bəzi sənətçilərə baxıb pis oluram. Səhifələrində barələrində pis-pis sözlər yazırlar. Amma onlar izləyici sayı çox olsun deyə, hamını saxlayırlar. Məni təhqir edən izləyici nəyimə lazımdır, axı? Nə var-nə var kimsə deyəcək ki, Xuramanın 100 min izləyicilisi var. Şərhlərə baxanda isə olmazın biabırçılıq görəcək. Mən elə izləyici istəmirəm. Az olsun, qabiliyyətli izləyici olsun.

- Bəs, 3 uşağı böyütməyə vaxt çatır?

- Mən böyütmürəm ki, uşaqlarımı. Onları Allah böyüdür. Ancaq uşaqlarıma daha çox vaxt ayırıram. Mənim üçün ilk növbədə övladlarımdır. Çünki mənə qalan onlar olacaq. Hesab edirəm ki, şou biznes qalıcı deyil. Ən yadda qalan insanlar bu gün unudulub. Şou biznesə görə ailəni, uşaqların gözəl vaxtlarını itirməyə dəyməz. Uşaqlarım bir daha 6 ayına, 1 yaşına qayıtmayacaq. Övladlarımın bu gün mənə ehtiyacı var. İndi onları atsam, karyera dalınca qaçsam, ehtiyacım olanda da onlar məni atacaq. Mən bundan çox qorxuram.

- Üzərinizdə, demək olar ki, daş-qaş yoxdur. Bircə üzüklə kifayətlənmisiniz. Zinət əşyalarına, deyəsən, meyilli deyilsiniz.

- Çox meyilliyəm. Xoşum gəlir. Amma taxan deyiləm. Daş-qaşı yalnız toyda-bayramda taxıram. Adi günlərdə sıxır məni. Elə bilirəm ki, üzərimdə artıq yük var.

- Daha çox nəyə üstünlük verirsiniz?

- Bütöv qaşlara üstünlük verirəm. Bölünmüş qiymətli daşları sevmirəm. Ancaq bütöv qaşlar da bahadır. Ona görə də almıram. Çünki o qədər pulu qaşa verməkdənsə, uşaqlarımı götürüb gəzməyə gedərəm, ehtiyacı olan birinə kömək edərəm ki, balalarıma dua etsin. Bilirsiniz ki, ən böyük zinət yataqlarının üstündə ilanlar yatır.

- Baxıram burnunuzda, deyəsən, qüsur var. Plastik əməliyyat etmək istərdiniz?

- Bunu mənə deyən çox olub. Hətta burnuma görə məni ələ salanlar da çoxdur. Ən bahalı və güvənli yerdə burun əməliyyatı etməyimi, bunun bütün xərcini öz üzərinə götürəcəyini təklif edən dostlarım da yox deyil. Di gəl, bunu qəbul etmirəm. Allah məni belə yaradıb. Özümdə kompleks hiss etmirəm. Əməliyyat etdirən kompleksli inşalara da pis baxmıram. İlk növbədə psixoloqa müraciət etmək lazımdır. Düşünürəm ki, psixoloqla həll olunacaq bir problem üçün xərc çəkib əməliyyat etdirməyə ehtiyac yoxdur. Psixoloq kompleksli insanları inandırmağı, öz görkəmləri ilə barışdırmağı yaxşı bacarır.

- Elə bir situasiya yarana bilərmi ki, burnunuzu dəyişmək zorunda qalasınız? Sizi bu addımı atmağa hansı amil məcbur edə bilər?

- Burnum məni qane edir. Hətta burnumu sevirəm. Ailəm də məni belə qəbul edib. Həyat yoldaşım desəydi ki, get, burnunu əməliyyat et, makiyajla qüsurumu aradan qaldırmağa çalışardım. Görsəydim ki, burnum ailəm üçün təhlükədir, məhz bu səbəbdən dağılmağa doğru gedir, onda əməliyyata əl atardım. Şükür ki, o da məni belə qəbul edib. Mənə başqa kim lazımdır ki?! Kimsə baxıb deyəcək ki, Xuraman qəşəngdir, bomba qızdır? Mənə bu lazım deyil. Yüngül təriflərə, kiminsə məni gözəl hesab etməsi üçün özümü bıçaq altına ata bilmərəm. Bir də ki, əməliyyat olunanların hamısı biri-birinə oxşayır. Qaş tatuaj, dodaq silikon, burun da əməliyyatdan çıxmış. Çoxu isə qaşını təbii hala gətirir, dodağının silikonlarını da çıxardır. Hətta bəlkə əvvəlki burunları üçün darıxanlar da var.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm