Aktyorlarımız IX Beynəlxalq yay teatr məktəbində iştirak ediblər
Bizi izləyin

Magazin1

Aktyorlarımız IX Beynəlxalq yay teatr məktəbində iştirak ediblər

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki gənc və istedadlı aktyoru – Günel Məmmədova və Eşqin Quliyev Rusiya Federasiyası (RF) Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq yay teatr məktəbində iştirak ediblər. İyunun 1-dən 28-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutan yay teatr məktəbində ümumilikdə dünyanın 20 ölkəsindən 85 nümayəndə iştirak edib.

Teatrın mətbuat xidmətindən bildiriblər ki, layihə çərçivəsində gənc aktyorlara gündəlik təcrübə ilə yanaşı, tanınmış teatr xadimlərinin ustad dərsləri keçirilib. Ustad dərsləri yay teatr məktəbinin bədii rəhbəri, Rusiyanın xalq artisti Aleksandr Kalyaginin, eləcə də, teatr pedaqoqu, professor, Sankt-Peterburq Dövlət Teatr İncəsənəti Akademiyasının kafedra müdiri Veniamin Filştinski və bir sıra tanınmış incəsənət xadiminin rəhbərliyi ilə baş tutub. Bir aylıq təlimlərin yekunu olaraq məktəbdə iştirak edən aktyorlar 5 tamaşa ilə özlərini sınayıblar. Tamaşalar Rusiyanın Əməkdar İncəsənət Xadimi Qriqori Kozlov, "Qızıl maska" Milli Mükafatının laureatı Yevgeniy İbrahimov, B.A.Pokrovski adına Musiqili Kamera Teatrının xoreoqrafı Aleksey İşuk, rejissor Maksim Didenko və digərlərinin quruluşunda hazırlanıb. Aktyorlarımız İ.A.Buninin "Yüngül nəfəs" və "Qaranlıq xiyabanlar" novellaları əsasında hazırlanmış "Bunin. Etüdlər" tamaşasında uğurla çıxış ediblər. Xoş təəssüratlar, bol tamaşaçı alqışı və maraqlı yaradıcılıq təklifləri alan aktyorlarımız rol aldıqları tamaşada uğurlu çıxışa və təlimlərə görə IX Beynəlxalq yay teatr məktəbinin diplom və sertifikatına layiq görülüblər.

Qeyd edək ki, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq yay teatr məktəbinin əsas məqsədi müxtəlif ölkələrdən olan gənc aktyorların təcrübə mübadiləsini təşkil etmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsi və peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir. 2007-ci ildən start götürən yay teatr məktəbində bu günədək dünyanın 40-dan artıq ölkəsindən 800-dək sənətçi təlim keçib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm