“Can bədəndən çıxmayınca...” Barışsız keçən 17 il - VİDEO
Bizi izləyin

Magazin2

“Can bədəndən çıxmayınca...” Barışsız keçən 17 il - VİDEO

Dünya 17 ildir ki, “Barışa” həsrətdir. Yaşasaydı, indi 73 yaşı olacaqdı. Ancaq təəssüf ki, ölüm yaxşıya, pisə baxmır. Təbii ki, milyonların ürəyini fəth edən Barış Mançodan da yan keçmədi. Onu 1999-cu ilin fevralında yaxaladı. Yanvarın 31-də infarkt keçirən sənətçi aparıldığı xəstəxanada, gecə saat 01:30-da gözlərini əbədi yumdu.

Barış Manço təkcə dillər əzbəri olan “Can bedenden çıkmadıkca”, “Gülpembe”, “Unutamadım”, “Arkadaşım eşşek” adlı mahnıları ilə deyil, həm də uzun illər “TRT” kanalında yayımlanan verilişləri ilə 7-dən 77-yə hamının sevgisini qazanıb.

Həyatı boyu bir çox ölkəyə səfər edən və verilişi üçün maraqlı kadrlar əldə edən Barış Manço Azərbaycanda da olub. Onun 1996-cı ildə baş tutan Bakı səfəri “Barış Manço ilə 7-dən 77-yə” adlı verilişdə yayımlanıb. Azərbaycan dilində danışdığı, hətta Novruz bayatıları dediyi həmin kadrlar indi hər azərbaycanlı üçün qiymətlidir.

Manço, sözün əsl mənasında, sənətkar idi. Sadəcə, ifası ilə deyil, düşüncəsi, dünyagörüşü ilə də. Ölümündən bir neçə gün öncə dediyi bu sözlər isə sənətkarın təvazökarlığından xəbər verirdi:

“Sənətçi olduğumu iddia etmirəm. Mən öldükdən sonra nəvələrim ensiklopediyalarda Barış Manço adını “sənətçi” kateqoriyasında oxusalar, onda, sənətçi olduğum təsdiqlənəcək. Gələcək üçün nə qoyub getdiyiniz önəmlidir. İnsan yaşayarkən “mən sənətçiyəm” deməməlidir”.

O, bir-birindən gözəl mahnılar və dünyada hələ də yaxşı insanların doğulduğuna, yaşadığına dair inanc qoyub getdi…

Səni unutmayacağıq!

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm