Əcnəbini sevmək əcnəbi dili adama necə öyrədir?
Bizi izləyin

Maraq dünyası

Əcnəbini sevmək əcnəbi dili adama necə öyrədir?

1970-ci il, Almaniyanın Köln şəhəri. Şən və kürən ingilis qızı Carol-un baxışları yaraşıqlı tunisli Chedly Məhfudun nəzərləri ilə toqquşur. Onların biri digərinə cəzb olunub, amma aşiqlərin yolunu bir maneə kəsir: onlardan heç biri sevgilisinin dilini bilmir.

Almancanı özlərinin ünsiyyət dili edən cüt ilk məhəbbət sözlərini əcnəbi dildə izhar edir. Üçcə aydan sonra onlar adaxlanacaqlar…

O vaxtdan 46 il keçib uşaqlar, nəvələr doğulub, ingilis dili dərsləri də olub, amma Carol və Chedly hələ də bir yerdədirlər.

Carol və Chedly Məhfudun tarixçəsi çox sayda belə əhvalatlardan biridir: adamlar rastlaşırlar, aşiq olurlar, dil və mədəniyyət sədlərinə baxmayaraq münasibət qururlar.

Carol və Chedly Məhfud (1971-ci il). Onlar dil və mədəniyyət sədlərinə baxmayaraq münasibət qura bilmiş çoxsaylı cütlərdən biridir

Carol və Chedly Məhfud (1971-ci il). Onlar dil və mədəniyyət sədlərinə baxmayaraq münasibət qura bilmiş çoxsaylı cütlərdən biridir

"Dil - aşılan sərhəd qədər romantikadır" - yazır New Yorker-in müxbiri Lauren Collins. O özünün "Yad dildə sevmək" (Love in a Second Language) adlı kitabında özünün linqvistik macəralarından söhbət açır. Əslində bu kitab yumorlu xatirələrdən, sevgi haqqında romandan, bir də dil və şüur arasında əlaqə mövzusunda araşdırmalardan ibarət topludur.

Tanışlıqlarının ilk illərində amerikalı Collins və onun fransız əri ingilis dilində təmas qururdular, lakin Olivierin dilində danışmaq heç cür alınmırdı.

"Bizim aramızda ən müxtəlif ehtimalların şifrələndiyi rahat kod yox idi. Adətən bu kodla adamlar biri-biri ilə telepatik şəkildə tanış olurlar" - yazır Collins.

Yeni dilin öyrənilməsi və başqa mədəniyyətin dərinliklərinə baş vurulması həmişə müəyyən çətinliklər və məyusluqlarla müşayiət olunur

Yeni dilin öyrənilməsi və başqa mədəniyyətin dərinliklərinə baş vurulması həmişə müəyyən çətinliklər və məyusluqlarla müşayiət olunur

Bir dəfə bir-birlərini anlaya bilmədikləri növbəti müzakirə zamanı Olivier şikayətlənmişdi: "Səninlə ingiliscə danışmaq, sənə əlcəklə toxunmaq kimi bir şeydir".

"Bu sözlər mənim gözlərimi elə açdı ki, onun dilini öyrənməsəm aramızda həmişə mövcud olacaq məsafəni hiss etdim, - deyir Collins BBC Culture proqramının şərhçisinə, - Yəqin ki, biz hamımız zaman-zaman hansısa bir xarici dili öyrənmək istəyirik, amma sizin bu dilə təcili bir ehtiyacınız yoxdursa, onu öyrənmək çox çətindir".

Öz sevgilisi ilə daha dərin bağlar qurmaq təşnəsi ilə yanan Lauren fransız dilini öyrənməyə başlayıb.

Yeni dilin öyrənilməsi və başqa mədəniyyətin dərinliklərinə baş vurulması həmişə müəyyən çətinliklər və məyusluqlarla müşayiət olunur

O yeni dilin öyrənilməsinə həvəslə girişir, lakin yeni dilin öyrənilməsi və başqa mədəniyyətin dərinliklərinə baş vurulması həmişə müəyyən cəfəngliklər (o bir dəfə çaşıb Olivier-in anasına deyir ki, "qəhvədan doğub") və məyusluqlarla müşayiət olunur.

"Fransız dilini öyrənərkən mən özümü üzgün və yorğun hiss edirdim. Sanki axmaz suda üzən it kimiydim" - yazır qadın.

Belə də dil olar?

Lauren Collins bu bəlayə düşən yeganə adam deyil.

"Qollarım yanıma düşürdü. Xatırlayıram ki, bəzi səsləri tələffüz etməyə çalışanda dilim ağrıyırdı" - yazır fransız dilini öyrənməyə başladığı ilk günlər haqqında Anna İrvin. Anna 2011-ci ildə fransız sevgilisi Christophe Sigalla Parisə köçüb.

Anna da, Christophe da deyirlər ki, dilin öyrənilməsi ümumən münasibətlərin fonunda daimi müzakirələrlə keçir və səbir, etibar və inadkarlıq tələb edir.

Anna fransız dilində dégoûtant və dégueulasse sözləri arasında heç də az əhəmiyyət daşımayan fərqi Chrostophe-dan öyrənməli olur. Christophe isə başa düşə bilmir ki, ingilis dilindəki it's ridiculous ifadəsi ilə frassızların c'est ridiculedeyimi arasındakı fərq nədir. Halbuki hər iki halda ikinci variant daha kobud məna verir.

Christophe Sigal və Anna İrvin deyirlər ki, dilin öyrənilməsi daimi müzakirələrlə müşayiət olunur

Sigal və Anna İrvin deyirlər ki, dilin öyrənilməsi daimi müzakirələrlə müşayiət olunur

Dilin öyrənilməsi zamanı bir əlavə mürəkkəblik də partnyorun aid olduğu naməlum mədəniyyətin fonunu hiss etməkdir.

"Mən Fransanın cənubundakı bir kənddə doğulmuşam, - deyir Christophe, - Ona görə də burada təkcə dil yox, baxışlar və inanclar da fərqlidir".

Eyni sözləri Carol və Chedly Məhfudun yarım əsrlik evliliyi barədə də demək olar. Onlar bir-birlərinin mədəniyyət xüsusiyyətlərini nəzərə alaraq daim kompromis axtarırlar.

"Biz hər hansı başqa qarışıq nikahda olanlar kimi daim yoldaşımızın mentalitetini başa düşmək üçün daha çox səy göstərməli oluruq, - deyə gülür Carol, - Mən çox vaxt başa düşə bilmirəm ki, o niyə daim məni cinlədir. Fransız olduğuna görə, kişi olduğuna görə, yoxsa balqabaq olduğuna görə?.."

Əlbəttə bütün bu çətinliklər fərqli dillərin daşıyıcıları mübahisə edəndə ön plana çıxır.

"Bax bu yerdə adamı ağlamaq tutur, çünki ürəyindıki ifadə edə bilmirsən" - deyir Anna İrvin.

Əlbəttə bütün bu çətinliklər fərqli dillərin daşıyıcıları mübahisə edəndə ön plana çıxır

Əlbəttə bütün bu çətinliklər fərqli dillərin daşıyıcıları mübahisə edəndə ön plana çıxır

Aneta Pavlenko ABŞ-dakı Temple Universitetində tətbiqi linqvistika müəllimidir. O romantik münasibətlərdə qəzəb də daxil müxtəlif emosiyaları araşdırıb.

"Fərqlər xüsusən də mübahisələr zamanı kəskinləşir, çünki belə vaxtlarda insan ən pis öz dilinə nəzarət edir. Bu zaman emosiyaların ifadəsi üçün daha geniş söz diapazonuna malik olmalısan" - deyir dilçi.

Ana dili rus dili olan Pavlenko deyir ki, mübahisənin gedişinə hətta müxtəlif mədəniyyətlərdə qəzəbin necə qəbul edilməsi də təsir göstərir.

"İngilisdilli alimlər qəzəbi universal anlayış kimi qəbul edirlər, lakin rus dilinin başqa bir mədəniyyətdə daşıyıcısı kimi bunu başa düşmək mənim üçün çətin idi, çünki biz Rusiyada qəzəbi dərəcələrinə bölürük".

"Əvvəllər mənim üçün ingilis dilindəki anger (qəzəb) sözünün rus dilindəki qarşılığı ola iki söz - 'сердиться' və 'злиться' arasındakı boşluğu doldurmaq çətin idi. Psixoloqlar izah edirlər ki, müəyyən situasiyalar bizdə müəyyən hisslər yaradır, lakin bu hissləri necə adlandırmağımız ana dilimizdən asılıdır".

Anna İrvinin fikrincə, beləliklə mübahisədə hər bir söz əhəmiyyət kəsb edir və bu qəfil üstünlük də verə bilər.

"Bu səbəbdən də söhbətin sürəti ləngiyir - deyə izah edir İrvin, - Bu isə daha dərin anlaşmaya xidmət edir. Öz nitqinə, nəyi, necə dediyinə fikir verməyə başlayırsan".

Hər şey nisbidir

"Olivieri onun öz dogma dilində sevib nəvazişləmək və coşdurmaq çox xoş idi" - Collins sevgilisinin dilini daha yaxşı anlamağa başlayanda deyirdi.

Fransız dilində rəsmi və dostyana müraciətlər arasındakı fərqi öyrənmək Collins-ə imkan verdi ki, əvvəllər sevgilisinin davranışından əsəbiləşərkən səhv etdiyini başa düşsün.

"Əvvəllər mən Olivierin təmkinliliyini bədbinlik kimi yozurdum, lakin indi mən bu təmkinin arxasındakı ümid dolu romantikanı duya bilirəm. Bu sadəcə olaraq nəyi isə həddən artıq şişirtməmək istəyindən irəli gəlir" - yazır Collins.

İkinci dilin öyrənilməsi musiqi və rəssamlıqla məşğul olmaq qədər zövq verir

İkinci dilin öyrənilməsi musiqi və rəssamlıqla məşğul olmaq qədər zövq verir

Lakin ikinci dilin öyrənilməsi prosesi, ola bilsin ki, musiqi alətində çalmaq və ya şəkil çəkmək kimi hər hansı bir vərdişin öyrənilməsi zamanı olduğu kimi Lauren üçün çoxsaylı kəşflər gətirirdi.

Onun yeni dili öyrənməsinə stimul verən bir kişiyə məhəbbəti olmuşdusa da, o bundan qat-qat çox şey öyrənmişdi. Bu, yeni təcrbə, yeni perspektivlər demək idi.

"Mən fransız dilinə əməlli-başlı aşiq olmuşdum" - deyir yazıçı.

Lakin yeni dilin öyrənilməsi insanın düşüncə tərzini də dəyişə bilərmi?

Dilin düşüncəyə təsir etdiyinə dair nəzəriyyə "linqvistik nisbilik və determinizm" adlanır və 20-ci əsrin ortalarında Sapir-Whorf hipotezinin ortaya çıxması ilə populyarlaşıb. Sapir yazırdı ki, adamlar hər hansı cəmiyyətdə ünsiyyət vasitəsi olan dilin tam hakimiyyəti altına düşürlər.

O vaxtdan bəri bu hipotez bir çox cəhətlərinə görə tənqid edilib. Noam Chomsky bu nəzəriyyəni özünün universalizm nəzəriyyəsi ilə rədd edib. Onun nəzəriyyəsi belə bir fakta əsaslanır ki, uşaqlar bütün dilləri asanca öyrənə bilirlər.

Qavrama linqvistikası üzrə ekspert Steven Pinker Chomsky-nin fikrilərini özünün 1994-cü ildə çap olunmuş "Dil instinkt kimi" kitabında inkişaf etdirib. O iddia edir ki, dil insanın anadangəlmə qabiliyyətidir və mədəniyyətin tərkib hissəsi ola bilməz.

Dilin düşüncəyə təsir etməsi

Dilin düşüncəyə təsir etməsi "linqvistik nisbilik" adlanır və 20-ci əsrin ortalarında populyarlıq qazanıb

Lakin son zamanlar linqvistik nisbilik nəzəriyyəsinin qısaldılmış variantı işlənib.

Bu nəzəriyyəyə əsasən tərcümə olunmayan sözlərin mövcudluğu o demək deyildir ki, biz dünyanı tamamilə başqa şəkildə qavrayırıq. Bu sadəcə olaraq o deməkdir ki, biz diqqəti dildən, yerdən və müsahibdən asılı olaraq yönəldirik.

Hətta "Gəliş" (Arrival) adlı blokbaster filminin süjeti də bu nəzəriyyə üzərində qurulub. Bu filmdə Amy Adams Louis Banks rolunda çəkilib. Louis dilçidir. Amerika hərbçiləri onu Yerə təşrif gətirmiş sirli yadplanetlilərin dilini deşifrə etmək üçün dəvət ediblər.

Məlum olur ki, yadplanetlilərin öz aralarında danışdıqları dil qətiyyən xətti şəkildə qəbul edilmir.

"Gəliş" filmində Amy Adams-ın oynadığı Louis yadplanetlilərin dilini deşifrə etmək üçün Amerika hərbçiləri tərəfindən linqvist kimi dəvət edilir

Filmin ssenarisi Ted Chiang-ın "Sənin həyatının hekayəti" (Story of Your Life) povestinin motivləri əsasında yazılıb. Louis yadplanetlilərin yazı dili Heptapod B-nin öyrənilməsi prosesində özünün vaxt qavramasının və yaddaşının necə dəyişdiyindən danışır.

"Mən Heptapod B dilində düşünməyi öyrənənədək xatirlərim kiçik közərtidən uzanan siqaret külü kimi idi. Lakin Heptapod dilini öyrəndikdən sonra xatirələrim - hər biri bir il qədər uzun olan nəhəng daşlara çevrilirdi" - deyir filmin qəhrəmanı.

Chinag-ın povestindən doğan başlıca nəticə budur ki, hətta yadplanetlilərin də dili idraka təsir edir.

"Mənim zəkam Yerin ardıcıl dillərinin formasında qəlibləşib və hər hansı yad planetin dili bu qəlibi dəyişmək qüdrətində deyil. Mənim dünya baxışım - insan və yadplanetli dünyagörüşünün xəritəsidir" - deyir Louis.

Bir çoxları deyirlər ki, onlar üçün əcnəbi dildə söymək daha asandır

Bir çoxları deyirlər ki, onlar üçün əcnəbi dildə söymək daha asandır

Bir çox dilçilər buna skeptik yanaşsalar da, xarici dildə danışan adamlar tez-tez deyirlər ki, onların danışdıqları dil şəxsiyyətlərində iz buraxır. Çox vaxt da belə olur ki, onlar yad dildə özlərini və fikrilərini ifadə etməkdə daha azad olurlar.

"Yeniyetməlik və yetkinlik yaşlarında öyrəndiyimiz dillərdə həmin dillərin emosional aspektləri ilə, məsələn ədəbsiz leksika ilə bizim aramızda elə də güclü emosional bağlılıq olmur - deyə Aneta Pavlenko izah edir, - Bunu ana dilində etmək mümkün olmasa da, xarici dildə söyüş söymək və "səni sevirəm" demək daha asandır".

Lauren Collins-ə gəlincə isə, yetkin yaşda xarici dil öyrənməsi onun dünya baxışını dəyişdirib. Bu elə də radikal dəyişmə deyil, lakin onu "Gəliş" filmindəki Louis-in düşüncələrinə bənzətmək olar. Louis düşünür ki, o müəyyən linqvistik təvəccöhlə zamanın fərqli qavranmasına nail ola bilər.

Burada fərq çox incədir: "Məsələ onda deyildir ki, bu dildə nə etmək olar, - deyir Collins, - Məsələ ondadır ki, bu dildə nə etməli olursan".

Xarici dilləri bilən insanlar deyirlər ki, danışdıqları dildən asılı olaraq onların duyğuları da dəyişir

Xarici dilləri bilən insanlar deyirlər ki, danışdıqları dildən asılı olaraq onların duyğuları da dəyişir

Collins-in kitabı ömür yoldaşının dilini və ümumiyyətlə hər hansı xarici dili öyrənməyin xeyrindən maraqlı və inandırıcı bir şəkildə söz açır.

Lakin Pavlenkonun fikrincə müxtəlif dilli cütlər üçün ümumi bir qayda yoxdur.

"Mənə elə gəlir ki, adamlar səadətlərini müxtəlif şəkildə tapırlar…Mən bunu uğurlu qoşa həyatın resepti adlandırmazdım. Mən özüm amerikalıda ərdəyəm. O ingiliscə danışır və rusca bir-iki kəlmə bilir. Amma biz birlikdə 20 ildir ki, başgicəlləndirici şəkildə xoşbəxtik".

Lakin Collins düşünür ki, xarici dil öyrənməyə cəhd edənləri sürpriz gözləyir.

"Mən hiss edirdim ki, Olivierin xəlvət bir guşəsi var və mən onun dilini öyrənməsəm bu sirri heç vaxt bilməyəcəyəm. Amma özümün də belə bir xəlvət guşəm olduğunu başa düşəndə təəccübümü təsəvvür edə bilərsiniz. Bəlkə də bu xəlvət guşə deyildi. Bəlkə də bu guşəni məndə fransız dili yaratmışdı". (BBC)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm