• USD 1,7000 0,00% EUR 2,0120 -0,37%
    • GBP 2,2300 -0,13% RUB 0,0232 -0,43%

Qorxunu qorxu ilə sağaltmağın yolları

Qorxunu qorxu ilə sağaltmağın yolları

Qorxunu qorxu ilə sağaltmaq üsulu şərqdə çoxdan var. Elə özümüzün “Çildağ” müalicəsini götürək. Ta qədimdən qorxulardan qurtulmaq, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün insanlar “Çildağ müalicəsi”nə üz tutublar. Bu, közlə müalicə, adı üstündə insanların müəyyən nöqtələrinə yüngülcə dağ çəkməklə həyata keçirilir. Bədənə yaxınlaşdırılan közdən isə xəstə istər-istəməz qorxur, diksinir. Bunu xatırlatmağımın səbəbi odur ki, amerikalılara indi məlum olub ki, qorxunu qorxu ilə müalicə etmək olar. Əgər bir insanın nəyəsə fobiyası varsa, elə onun vasitəsilə də qorxunu aradan qaldırmaq mümkündür. Başqa sözlə, hündürlükdən qorxursa, onu hündürlüyə çıxarmaq lazımdır, ev heyvanından qorxursa, onların arasına buraxmaq işə yarayır və s.

Publika.az xəbər verir ki, indi ABŞ-ın Nyu-York Universitetinin alimləri dəhşətli kompüter şəkilləri ilə qorxmuş insanları müalicə etməyin mümkünlüyünü irəli sürüblər. Amerikalılar bu müalicəni “emosional-stress psixoterapiyası” adlandırırlar. Bu terapiya şüuraltı olaraq həyata keçirilir. Yəni əgər xəstə ölümdən qorxursa, onunla mütamadi olaraq, amma tədricən ölüm haqqında danışmaq lazımdır ki, buna alışsın. Beyin qorxu ilə bağlı informasiyaları dəhşətli deyil, izahlı şəkildə toplayarsa, zamanla onu “əridər” və ya adiləşdirər. Sadəcə, bir şərqli olaraq adama təsir edən nədir: istənilən azərbaycanlı həkimə “çildağ” deyəndə, qətiyyətlə rədd edir. Guya əsas tibb olan yerdə alternativi lüzumsuz sayır. Amma məsələnin tibbdə deyil, qazancda olduğunu bilmək üçün xüsusi ağıla ehtiyac yoxdur. Sadəcə, əsas tibb alternativ tibblə qazancını bölüşmək istəmir. Lakin qərblilər xalq inancı, müalicə üsulları vasitəsilə tibbdə maraqlı yeniliklər edirlər. Odur ki, Amerikadan təkcə tibbi aparatlar gətirməklə deyil, təşəbbüsləri, üsulları da “idxal” etmək gərək...

Bundan başqa, ABŞ alimləri çoxdan məlum olan “25-ci kadr effekti” üsulu ilə də qorxu müalicəsini həyata keçirməyi təklif edirlər. Bu üsul kinomatoqrafiya yaranandan bəri ortaya atılıb. Belə ki, bir saniyə ərzində kinokadrlar 24 dəfə bir-birinin ardınca dəyişir. Bu zaman kadrlardan biri qətiyyən filmə aid olmur. Amma sürətli baxış zamanı tamaşaçı bunun fərqində olmur. Onun şüuru isə bunu yadda saxlayır. İnsanın hafizəsinin necəliyindən, dünyagörüşündən, təfəkküründən, maraqlarından asılı olmayaraq bu 25-ci kadr onun beyninin bir küncündə özünə yer edir. Bunu təcrübədən belə keçiriblər: tamaşaçılara sürətli kadr dəyişikliyi ilə görüntülər təqdim ediblər. Arada 25-ci kadr kimi popkorn göstərilib. Onlardan nə gördüklərini soruşanda heç kim popkornu qeyd etməyib. Amma təsvirlər bitən kimi küçəyə çıxan insanlar ilk olaraq popkorn almağa gediblər.

İndi həmin üsulla qorxu ilə bağlı fikirlərin ümumi söhbət zamanı xəstə özü də hiss etmədən ona beləcə yeritmək mümkünküyü müzakirə mövzusudur. İstənilən halda bunu çox peşəkar mütəxəssis etməlidir. Əks təqdirdə fobiya azalmaq əvəzinə güclənə bilər. Çünki psixoloq anlamalıdır ki, fikir yeritdiyi şüur altında müxtəlif səbəblər gizlənir. Məsələn verminofobiya – yəni tez-tez əlini yumaq istəyi, loru dillə desək, vasvasılıq. Belə xəstəyə çirkli qablar və ya yalın əllə kanalizasiya təmizləmə kadrları göstərməklə onu sağaltmaq ağlabatan deyil. Axı bilmək olmaz adam vasvasılıq bəlasına necə düşüb? Bəlkə cinayət işləyib əlini qana batırıb. Və şüurunun altında əlinin daimi qanlı olması düşüncəsi onu tez-tez su kranına aparır?! Vaxtilə pop kralı Maykl Ceksonu da bu xəstəlikdən müalicə etməyə çalışdılar, ancaq dünyanın ən yaxşı həkimləri işin öhdəsindən gələ bilmirdi. Sonradan işin əsli bəlli oldu. Yəni özü səbəbini etiraf elədi. Bir dəfə uşaqkən kimsə qaradərili Maykla deyib ki, əllərini, bədənini tez-tez yusan, ağaracaqsan. Uşaq ağlı ilə Maykl deyiləni edir, amma təbii ki, nəticə əldə etmir. Bu isə getdikcə uşaqda hiddətə çevrilir. Hər dəfə ağaracağı ümidilə əllərini dayanmadan yuyur, getdikcə xəstəlik halını alır. Düzdür, Maykl Cekson ağarmağına ağardı, lakin sabunla yox, piqmentlərinin plastik cərrahiyə yolu ilə dəyişməsi sayəsində...

Şəfiqə ŞƏFA

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR