Məşhur 5 bacının dəhşət dolu həyatı: Hökumət 3 milyon verdi, heç nə dəyişmədi - - FOTOLAR - VİDEO
Bizi izləyin

Maraq dünyası

Məşhur 5 bacının dəhşət dolu həyatı: Hökumət 3 milyon verdi, heç nə dəyişmədi - - FOTOLAR - VİDEO

Dünyanın tanıdığı beşəmlərin acı taleyini çox adam bilmir. Kanadanın dünyaca məşhur əkizləri 1934-cü il may ayının 28-də kasıb fermer ailəsində dünyaya gəliblər. Kanada şirkətləri üçün çox böyük gəlir mənbəyi olan əkizlərin şəxsi həyatları demək olar ki, olmayıb. Onların taleyi dünyaya gələndən ölənə qədər ictimaiyyətin və ölkə mediasının diqqətində olub. Amma nə qazanılan pullar nə də şöhrət bu qızlara xoşbəxtlik gətirməyib.

Əkizləri Annet, Emili, İvon, Mari və Sesil Dion adlandırıblar. Daha əvvəl 3 uşaq sahibi olan ailə üçün beşəmlərin doğulması tam bir faciə idi. Hamiləliyin 7-ci ayında dünyaya gələn bacıların çəkisi 600 qram olub. Həkimlər onların yaşayacağına dair heç bir ümid verməsələr də uşaqlar uzun və acınacaqlı həyat yaşadılar.

Publika.az sizə məşhur beşəm bacıların taleyi haqqında maraqlı faktları təqdim edir:

Uşaqların doğulduğu evdə elektrik və su xətləri olmayıb. Şəraitsiz vəziyyətdə hər iki saatdan bir süd və suyun içərisinə qatılmış qarğıdalı sirobundan ibarət qarışıqla qidalanırlar. Həkim çətin doğuşdan sonra həm ananın, həm də uşaqların sağ qalacağına inanmırdı.

Qeyri-adi əkizlərin dünyaya gəlməsi haqqında xəbər ölkədə çox sürətlə yayıldı. Valideynlər cəmiyyətin beşəmlərə qarşı marağından istifadə edərək bacıları səhnəyə nümayişə çıxardılar. Ölkə rəhbərliyi bu işin üzərinə ciddi şəkildə düşdü. Hətta beşəmlərin nümayiş olunacağı xüsusi pavilyon tikdirildi.

Hər gün beşəmlərə baxmaq üçün minlərlə insan bu pavilyona axışırdı. Dion bacıları dayələrin nəzarəti altında xüsusi otaqlarda saxlanılırdı. Uşaqların şəkilləri, aksesuarları üzərindən ticarət inkişaf etməyə başlamışdı. Dükanlarda bacıların şəkilləri yüksək qiymətdə satışa çıxarılırdı.

Hökumət uşaqların geyim-keçiminə xəsislik etmirdi. Nə də olsa, beşəmlər dövrün ən məşhur brend markalarının simaları olublar. Qızların geri qalan həyatını o qədər də uğurlu adlandırmaq olmaz.

Bacılar heç vaxt öz yaşıdları ilə ünsiyyət saxlamayıblar. Onlara kiminləsə ünsiyyət yaratmağa icazə verilmirdi. Hətta özlərindən böyük doğma bacı-qardaşları belə onları qəbul etmirdilər. Bir müddətdən sonra uşaqlar valideynlərini belə çox nadir hallarda görə bilirdilər.

Beşəmlərin 9 yaşı tamam olandan sonra onların ailəsi üçün xüsusi ev tikildi. Lakin bədbəxt uşaqlara o evdə xoşbəxt yaşamaq nəsib olmadı. Ailədə böyük uşaqların bacıları qəbul etməməsi, atanın ailə problemlərinin öhdəsindən gələ bilməməsi və bir sıra başqa çətinliklər səbəbindən 16 yaşlı bacılar internat məktəbinə verilir.

İnternat məktəbindən bacılar heç vaxt tək qalmadılar. Onlara hər il təmtəraqlı doğum günü keçirirdilər. Media nümayəndələri və yerli əhali bacıları görməyə gəlirdi. Artıq bacılar bir-birindən uzaqda həyat təsəvvür edə bilmirdilər. Ailə isə onların üzərindən böyük məbləğdə pullar qazanmağa davam edirdi. Təəccüblü deyil ki, 18 yaşdan sonra beşəmlər ailələri ilə bütün əlaqələri kəsdilər.

Bacılarından ayrılaraq monastra gedən Emili çox keçmədən 20 yaşında epilepsiyadan vəfat edir. Bacısının ölümündən 10 il sonra Mari də eyni xəstəlikdən dünyasını dəyişir.

Sesil və Annet normal həyat yaşaya bilmək üçün ailə həyatı qurdular. Övlad sahibi oldular. Bütün bunlara baxmayaraq, illərin alışqanlığı onlara rahatlıq vermirdi. Bir-birlərindən ayrı qala bilməyən bacılar hətta monastra üz tutmaq istəsələr də, digər bacılarının başına gələn hadisələr onları fikirlərindən daşındırdı.

2001-ci ildə 67 yaşlı bacılardan İvon vəfat edib. Geridə bacılardan Sesil və Annet qalmışdı. Bacılar həyatlarının sonuna qədər birlikdə yaşayıblar. Mütəxəssislərin, həkimlərin fikrincə, beşəmlərin psixologiyası uşaq vaxtlarından ciddi zədə alıb. Bu səbəbdən onların özlərinə aid həyatı olmayıb. Az qala sirkdə oynadılan heyvanların həyatını yaşayan bacılar daim onlardan qazanc üçün istifadə etmək istəyən insanlardan qaçaraq yaşayıblar.

Bacılar 1998-ci illərdə məhv edilmiş uşaqlıq illərinə görə Kanada hökumətindən 3 milyon dollar təzminat alsalar da, bu pul onların itirdiklərini geri gətirmədi. Sağ qalmış bacılar öz acı həyatlarından bəhs edən kitab yazıblar. Yaşadıqları həyatı ən qatı düşmənlərinə belə arzulamayan bacılar kitabı övladlarına vəsiyət olaraq qoyublar.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm