Vizit kartını iki əllə təqdim et, başına toxunma, bərkdən danış - QƏRİBƏ ADƏTLƏR
Bizi izləyin

Maraq dünyası

Vizit kartını iki əllə təqdim et, başına toxunma, bərkdən danış - QƏRİBƏ ADƏTLƏR

Dünyada ən çox səyahət edən insanlar belə bəzən getdikləri ölkələrdə onlardan gözlənilən davranışı sərgiləməkdə səhv edə bilər.

Məsələn, səyahət paketləri satan bir saytın qurucusu olan Sem Bryus Honqkonqda böyüməsinə rəğmən, birinə vizit kartını verən zaman onun iki əllə təqdim edilməsi lazım olduğunu çox sonralar öyrənib:

“Bir toplantıda vizit kartımı tərs çevrilmiş formada masanın digər tərəfində oturan adama sürüşdürərək atmışdım. Onlar da eyni anda öz kartlarını mənə uzatdılar: iki əlləri ilə tutmuş və əyilib salamlayacaq bir formada. Etdiyim hərəkətin hörmətsizlik olduğunu o an öyrəndim”.

Publika.az müxtəlif ölkələrdə yanlış anlaşılacaq ənənələri təqdim edir.

Rəqəmlər tələsi

Bəzi ölkələrdə bir şeyi yanlış sayda vermək heç verməməkdən daha pisdir. Kateriana Makalova birinə çiçək verərkən onun cüt sayda olmamasına diqqət etməyin Rusiyada vacib bir ənənə olduğunu deyib. Çünki Rusiyada tək sayda olan çiçəklər xoş günlər üçün, cüt sayda olan çiçəklər isə yas mərasimləri üçün təqdim edilir.

Digər ölkələrdə də hansı sayların şans, hansıların şanssızlıq olaraq qavranıldığını bilmək sizin üçün önəmli ola bilər. Terri Morisson adlı bir yazıçı fərqli ölkələrə xas etiket qaydalarını bir araya gətirib və “Öpməkmi, əyilməkmi, salamlaşmaqmı?” (Kiss, Bow, or Shake Hands) adlı bir kitab yazıb. O, bu kitabında sayların daşıdığı anlamlara da aydınlıq gətirib. Kitabda bildirilir ki, çin dilində 4 rəqəmi ilə “ölüm” sözünün tələffüzləri bir-birinə olduqca bənzəyir. Ona görə də birinə bir əşya verdikdə onun 4 ədəd olmamasına diqqət etməlisiniz.

Yaponiyada isə evlənən cütlüklərə hədiyyə olaraq verilən pulun bərabər sayda bölünməməsinə diqqət edilməlidir. Əks halda, evliliyin boşanma ilə nəticələnəcəyinə inanılır.

Başa toxunmayın

Tailand və Malayziya kimi şərq ölkələrində insanların vücuduna toxunarkən son dərəcə diqqətli olmaq lazımdır.

Kuala Lumpurda yaşayan Nəha Kariyaniya ölkəsində başın insan vücudunun ən müqəddəs parçası kimi qəbul edildiyini deyib. Buna görə də bu ölkələrdə kiminsə başına toxunmaq, yaxud onun başı üzərindən bir şey keçirmək hörmətsizlik hesab edilir. Bu qadağa kiçik uşaqların başlarını sığallamaq kimi vərdişlər üçün də keçərlidir. Bu inancın qaynağında isə Buddizm fəlsəfəsi dayanır.

Hamı ilə ünsiyyət qurmaq

Qərbi Avropada yaşayanlar yad adamlarla danışmaq mövzusunda çox radikaldırlar. Londonda yaşayan Tomas Qudvin bir hadisənin və ya əşyanın nə qədər pis olduğundan, hava haqqında müzakirədən başqa yad adamlarla söhbət etməyin nəzakət qaydalarına uyğun olmadığını deyib. İngilislər, hətta, ictimai nəqliyyatda təsadüfən göz-gözə gəlməyin də yanlış olduğunu düşünürlər.

Qərbi və şimali Avropanın böyük şəhərlərində işdən başqa digər mövzularda söhbət etmək avaralıq olaraq qəbul edilir. Onlar hadisələrin mərkəzinə öz işlərini qoyur. Digər mövzuları müzakirə etməyi isə diqqət yayındırmaq kimi başa düşürlər.

Latın Amerikasının zarafatları

Meksikada yaşayan Alexandro Suarez ölkəsində insanların onlar haqqında edilən zarafatlara görə küsməmələri, bunun əksinə, həmin zarafatlara ürəkdən gülmələrinin vacib olduğunu deyib: “Bizim ölkədə sırf əyləncə olsun deyə birinə sataşmaq, onu lağa qoymaq, alçaltmaq kimi ənənələr vardır. Ailədə yemək yeyərkən belə hər kəs bir-birilə zarafatlaşıb gülür”.

Fransada sizi hamı dinləyir

Terri Morisson yazdığı kiatbda Fransa haqqında çox qəribə məlumat verib. O, bildirib ki, digər ölkələrdə yüksək tonlu səslə danışmaq hörmətsizlik kimi qəbul edilsə də, Fransada bunun əksinə davranılır. Belə ki, bu ölkədə alçaq tonla danışmaq tam bir laqeydlik kimi başa düşülür.

Lakin Morrison bu ənənənin məkana görə dəyişdiyini qeyd etməyi də unutmayıb. Siz Fransada kiçik bir kafedə oturarkən masaların bir-birinə çox yaxın olmasına rəğmən, digər insanların nə danışdıqlarını eşitməyəcəksiniz. Buna görə də Fransada biri ilə söhbətləşərkən səs tonu məsələsində olduqca diqqətli olmalısınız.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm