Dövlət səviyyəsində DƏLƏDUZLUQ və RÜŞVƏTXORLUQ – almazlar, rəqqasələr, çamadanlarla pul
Bizi izləyin

Maraq dünyası

Dövlət səviyyəsində DƏLƏDUZLUQ və RÜŞVƏTXORLUQ – almazlar, rəqqasələr, çamadanlarla pul

Cənubi Koreyada ölkə prezidenti Pak Kın Henin postundan məhrum olması ilə nəticələnən böyük qalmaqal hələ də səngimək bilmir. Hüquq mühafizəçiləri ilə KİV-lərin diqqət mərkəzinə təkcə siyasətçilər deyil, həm də rəhbərlərinin ölkənin öndər simalarını hər cür "yağlamaqdan" çəkinmədiyi "Samsung" və "Lotte Group" kimi nəhəng korporasiyalar da tuş gəlib.

Keçmiş ölkə başçısının rəfiqəsi geniş ittiham siyahısındakı ittihamlardan biri üzrə artıq üç il həbs cəzasına məhkum olunub, "Samsung"un vitse-prezidentini isə 12 ilədək həbs cəzası gözləyir.

Publika.az Cənubi Koreya hadisələrinin fonunda dünyanın digər qabaqcıl ölkələrində səs-küylü dələduzluq və rüşvətxorluq hadisələrini, o cümlədən məmurlardan tutmuş, prezidentə qədər – ali vəzifəli şəxslərin rüşvətlə ələ alınması hallarını təqdim edir.

Cənubi Koreya sindromu

Cənubi Koreyanın ali dairələrində baş verənlər tam şəkildə korrupsiyalaşmış siyasətçilər və qüdrətli korporasiyalar haqqında bir Hollivud filminin süjeti ola bilərdi. 2017-ci ilin mart ayında Respublikanın Konstitusiya Məhkəməsi Parlamentin təkidi ilə öllkə prezidentinə qarşı impiçmentin (cinayətlərdə ittiham olunaraq hakimiyyətdən kənarlaşdırma) qanuniliyini təsdiqlədi. Bu hadisədən sonra Pak Kın He prezident kürsüsündən birbaşa istintaq təcridxanasına aparıldı. Çox keçmədən, onun yaxın rəfiqəsi Çxve Sun Sil də oraya gətirildi.

Keçmiş ölkə başçısı külli miqdarda rüşvətin tələb edilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, məxfi informasiyanın yayılması və s. bu kimi çoxsaylı cinayətlərdə şübhəli bilinir. Pak Kın Heni 45 ilədək həbs cəzası gözləyir. O və rəfiqəsi Cənubi Koreyanın nəhəng biznes təmsilçilərinin milyonlarla dollarlar köçürdüyü bir sıra qeyri-hökumət xeyriyyə fondlarının yaradılmasında təqsirləndirilirlər. Sözügedən məsələdə, əsasən, «Samsung» və «Lotte Group» kimi iki nəhəng korporasiyanın adı hallanır.

«Samsung» qrupunun faktiki başçısı adlandırılan vitse-prezidenti Li Ce Yona qarşı rüşvətalma və korrupsiya sxemlərinin yaradılması kimi ittihamlar irəli sürülüb. Maraqlıdır ki, Pak Kın He Cənubi Koreyanın istintaqa cəlb olunmuş üçüncü prezidentidir. Sələflərindən birinin ölüm cəzasına, digərinin isə ömürlük həbs cəzasına məhkum olunduğuna baxmayaraq, nəticədə hər ikisi amnistiya ilə azadlığa buraxılaraq, yüngül sarsılma ilə cənlarını qurtarıb.

Kriminal karnaval

2017-ci ilin yazında Braziliyada korrupsiya sxemləri, dövlət səlahiyyətliləri və iri sahibkarlar olan Batista ailəsi ilə bağlı növbəti siyasi böhran vüsət aldı. Hüquq-mühafizə orqanlarının əlinə aşağıdakı tərkibli bir videoyazı keçib: Braziliyanın qüvvədə olan prezidentinin müşaviri Rodriqo Lures San-Pauludakı restorandan əlində pulla dolu çamadanla çıxır. Müstəntiqlər Luresin Batista qardaşlarının dövlət başçısına göndərdiyi rüşvətin çatdırılmasında vasitəçi rolunu oynadığını hesab edir.

İşin üstü açılanda, Braziliya biznesinin başçıları boyun qaçırmadan, vergilərdən yayınmaq, müəssisələri üçün müxtəlif cür imtiyazlar və ucuz kreditlər almaq üçün iyirmi beş il ərzində yüksək çinli siyasətçilərə rüşvət ödədiklərini etiraf etdilər. Araşdırma zamanı Batista ailəsinin nümayəndələri polislə daha maraqlı bir video ilə də bölüşdülər. Videodakı görüntülərə əsasən, Braziliyanın prezidenti Mişel Temer Deputatlar Palatasının sabiq spikeri Eduardo Kunyeyə müəyyən bir məlumatın yayımlanmaması üçün rüşvət verilməsinə icazə verir. Yəqin ki, Kunyenin polisə söyləyəcəkləri vardır: müxalfət hərəkatının lideri, Temerin sələfinə qarşı impiçmentin tətbiq olunmasının təşəbbüskarı korrupsiya cinayətlərinə görə 15 illik həbs cəzasını çəkməkdədir.

Braziliyanın hazırkı prezidenti isə çoxmilyonlu rüşvətlərin alınmasında təqsirləndirilir, ölkənin nazirləri ilə digər yüksək vəzifəli məmurları da istintaqa cəlb olunub.

Havanı korladılar

Avtomobillərin ekoloji test nəticələrinin saxtalaşdırılması dünyanın nəhəng avtomobil konsernlərindən biri olan «Volkswagen AG»dəki genişmiqyaslı istefalara səbəb olub. Belə ki, İdarə Heyəti konqlomeratının sədri Martin Vinterkorn vəzifəsindən məhrum olub. 2017-ci ilin avqustun əvvəllərində şirkətin icraçı direktoru Oliver Şmidt ABŞ-da keçirilən məhkəmə iclasında təqsirini etiraf edərək, məhkəmənin ona qarşı irəli sürdüyü hökmün maksimal dərəcədə yumşaldılmasını təmin etmişdir (onu yeddi ilə qədər həbs cəzası gözləyirdi). Cinayət işinin digər beş iştirakçısını isə almanlar İnterpola təhvil verməyə tələsmir.

Almaniyanın avtomobil nəhənginin rəhbərlərinin ekoloji testlərin nəticələrinin saxtalaşdırılması ilə məşğul olduğu 2015-ci ilin payızında məlum olub. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi VW-nin dizel avtomobillərinin toksikliyini aşkar edib: belə ki, işlənmiş qazın çıxdığı borudakı azot oksidinin qatılığının göstəricisi bəzi hallarda yolverilən göstəricilərdən 40 dəfə çox olmuşdur. Araşdırma nəticəsində konsernin rəhbərliyin tapşırığı ilə təqribən 11 milyona yaxın «Volkswagen», «Audi», «Skoda» və «Seat» markalı avtomobilləri testlərinin keçirilməsi zamanı laboratoriya göstəricilərinin təhrif olunmasına səbəb olan saxta proqram təminatı ilə təchiz etdiyi aşkar edilmişdi. Avtomobil sənayesində artıq ən böyük qalmaqal adını qazanmış bu hadisə nəinki «Volkswagen AG»nin nüfuzunu, həm də maliyyə vəziyyətini də əhəmiyyətli dərəcədə sarsıtmışdı.

Amerikalı məmurların sui-qəsddə iştirak edib-etmədiyi məlum deyil (ABŞ-da rəsmi olaraq onların heç biri təqsirli bilinmir), lakin belə geniş miqyaslı saxtalaşdırılmaların uzun illər VW-nin kənardan dəstək almadan həyata keçirdiyi inandırıcı görünmür.

Almazlardan qamarladı

Bu ilin avqust ayının ortalarında İsrail polisi Afrika ölkələrində almaz alveri ilə dağ-mədən biznesində böyük pullar əldə etmiş milyarder Beni Şteynmetsi həbs edib. Sahibkar dələduzluqda, külli miqdarda rüşvət almaqda, ədalətin bərpa olunmasına əngəl yaratmaqda və bir sıra digər cinayətlərdə təqsirli bilinir. İş adamı artıq bir neçə ildir ki, Qvineyadakı daşınmaz əmlakla bağlı qeyri-qanuni əməliyyatlarla əlaqədar olaraq istintaq altındadır. Almaz maqnatına qarşı aparılan istintaqın gedişatında İsrail polisindən əlavə, həmçinin Böyük Britaniyanın, ABŞ-ın və İsveçrənin güc qüvvələri də iştirak edir.

Hüquq mühafizəçiləri Şteynmetsin və bir sıra İsrail sahibkarlarının müntəzəm olaraq Qvineyanın vəzifəli şəxslərinə rüşvət ödədiklərini iddia edir. Korrupsiyalaşmış məmurların cibinə on milyonlarla pullar axıdılıb. Ötən ilin dekabr ayında iş adamını ona məxsus «BSG Resources» şirkətinin fəaliyyətinin təmin olunması məqsədilə rüşvət ödəməkdə ittiham edərək, ev dustaqlığına məhkum etməyə cəhd etsələr də, nəticədə iş adamı zaminə buraxılıb.

İpotekaya aldandı

Kristian Vulf Almaniyanın prezidenti postunda iki ildən az müddət xidmət etdi. 2012-ci ilin fevral ayında siyasətçi korrupsiya qalmaqalı fonunda istefaya çıxmaq məcburiyyətində qaldı.

Onu pis vəziyyətdə qoyan maliyyə başçıları və şou-biznes xadimləri, xüsusilə də kino prodüsseri David Qrenevoldla yaxın dostluq əlaqələri olub. İstintaq versiyasına görə, eks-prezidentin imkanlı bir tanışı Vulfun «Oktoberfest-2008» adlı pivə festivalının keçirildiyi vaxtda mehmanxana xərclərini (həmin vaxt Vulf Aşağı Saksoniyanın baş naziri postunda çalışırdı), o cümlədən 2007-ci ildə Zyult adasındakı bir villadakı istirahətinin xərclərini qarşılamışdı.

Mətbuatın diqqətini siyasətçinin digər səxavətli tanışları da cəlb edib. «Bild»də, əsas etibarilə, Vulfun çoxdankı tanışı – iş adamı Eqon Gerkensin həyat yoldaşına ev almaq üçün buraxılmış kreditdən bəhs olunub. Sözügedən dərgi yarım milyard avronun imtiyazlı əsaslarla təqdim olunduğunu iddia edirdi. Vulfun mətbuatla münasibətləri baş tutmadı: dərgi ilə anlaşmaya nail olmaq əvəzinə, siyasətçi redaktorun telefonundakı səsyazmada redaktorun ünvanına hədə-qorxu ilə müşayiət olunan kifayət qədər kəskin məlumat qoymuşdu.

Sonradan məhkəmənin Vulfa bütünlüklə bəraət qazandırmasına baxmayaraq, onun ictimaiyyət yanındakı nüfuzu əsaslı surətdə korlanmışdı.

Silvio Korrupsione

Multimilyoner və görkəmli siyasət xadimi Silvio Berluskoni barrikadaların hər iki cəhətində – həm biznes meydanında, həm də məmur kabinetlərində olmuş simalardan biridir. Qalmaqallar və məhkəmə araşdırmaları media maqnatını bütün siyasi karyerası boyunca muşayiət edib. Berluskoni siyasətə 1994-cü ildə, artıq inşaat və media biznesində başgicəlləndirici uğurlara nail olmuş, kifayət qədər imkanlı biri olaraq gəlmişdi. Berluskoni Avropada kommersiya televiziyasının ilk iri şəbəkəsinin əsasını 1970-ci illərdə qoyub. 1990-ların əvvəllərində isə özünəməxsus siyasi bir rekord müəyyənləşdirib: belə ki, əsasını qoyduğu «İrəli, İtaliya!» adlı partiya fəaliyyətə başladığından cəmisi 60 gün sonra parlament seçkilərində qalib gəlib. Bundan əlavə, digər italyan siyasətçilərə nisbətən, baş nazir vəzifəsində daha uzun müddət çalışmış Berluskoni bu posta dörd dəfə təyin olunub.

Eyni zamanda, Berluskonini təqsirləndirilən şəxs qismində iştirak etdiyi səs-küylü məhkəmə prosesləri baxımından rekordçu adlandırmaq olar. Söhbət təqribən 50-yə yaxın korrupsiya, siyasi partiyaların gizli maliyyələşdirilməsi, maliyyə sənədlərinin saxtalaşdırılması və s. bu kimi cinayət işlərindən gedir. Ən qalmaqallı məhkəmə işlərindən biri də yetkinlik yaşına çatmamış Rubi ləqəbli bir rəqqasənin iştirakı ilə baş verən hadisə olub. Cinayət işinin istintaqı çərçivəsində Berluskoni yetkinlik yaşına çatmamış şəxslərin fahişəliyə sürüklənməsində və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilirdi. Sözügedən məhkəmə işinin baxılmasının yekunlarına görə, məhkəmə siyasətçinin dövlət vəzifələrində çalışmasını qadağan edib. Siyasi karyerasının qürub çağında rüşvətxor damğası Berluskoninin nüfuzunda o qədər dərin kök salmışdı ki, məşhur musiqiçi və aktyor Adriano Çelentano teleşouların birində ona «Silvio Korrupsione» ləqəbi verib.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm