İlk döymələr Misirdə yaranıb? - Arxeoloqlardan maraqlı İDDİALAR
Bizi izləyin

Maraq dünyası

İlk döymələr Misirdə yaranıb? - Arxeoloqlardan maraqlı İDDİALAR

Britaniyalı alimlər döymələrin (tatuaj) çox uzun illər əvvəl Misirdə tətbiq edildiyini sübut etmək məqsədilə 5 min illik tarixi olan 2 qədim Misir mumiyası üzərində tədqiqatlar aparıb.

Publika.az xəbər verir ki, Oksford Universitetindən olan alimlər 2 mumiyadan birinin kişi, digərinin qadın olmasına diqqət ediblər. İncələmə nəticəsində kişi mumiyanın qol nahiyəsində öküz və qoçu xatırladan rəsmə, qadın mumiyanın isə çiyin nahiyəsində xüsusi işləmələrə bənzər naxışlara rast gəliblər.

Mütəxəssislər döymələri aşkarlamaq və daha yaxından incələmək üçün kompyuter tomoqrafiyasından istifadə ediblər. Müasir texnologiyaların son nailiyyətlərindən olan “3D” fotoşəkillər döymələrin daha yaxından görülməsinə imkan yaradıb.

Britaniya Muzeyinin fiziki antropologiya bölməsinin rəhbəri Deniel Antuan tədqiqatlar haqqında danışarkən qeyd edib ki, bu döymələrin ən qədim tarixi haqqında ilkin fikirlər söyləməyə imkan verir. Min il bundan əvvəl Afrikanın şimal hissəsində yaşayan əhalinin bədənlərində müxtəlif heyvanları xatırladan döymələrin aşkarlanması o dövrün araşdırılmasına da çox faydalı ola bilər.

Ən müasir texnologiyaların köməyi ilə tarix, etnoqrafiya, biologiya, zoologiya və tibb sahələrində aparılan araşdırmalar üçün yeni faktlar əldə etmək mümkündür. Gebelein yaşayış məntəqəsində aşkar edilmiş “Gebelein Man” adlı mumiya Misirin ilk fironlarının hakimiyyətindən də əvvəlki dövrə aiddir. Onun kürək nahiyəsinə vurulmuş bıçaq zərbəsindən öldüyü təsbit edilib. Tədqiqatçıların fikirlərinə görə isə vəhşi öküzü xatırladan döymə insanlar tərəfindən güc, əzəmətliliyin simvolu sayılıb. Qadın mumiyaların bədənlərində aşkarlanan naxışların mənası isə cəmiyyətdə magiya və onun sirləri ilə əlaqələndirilir. Arxeoloqlar isə iddia edir ki, söhbət qədim Misir mumiyalarından gedirsə, döymələr yalnız qadın mumiyalarda aşkarlana bilər. Misirli kişilər döymə etdirməyiblər.

Ümumilikdə isə araşdırmaya münasibət bildirən bir çox tarixçilər döymələrin heç də dünyanın ən qədim nümunələri olduqları fikirləri ilə razılaşmır. Elmə məlum olan ən qədim döymənin “Otzi” adlı insanın bədənində 5300 il əvvəl aşkarlandığı bildirilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm