İki gün sonra Marsla Yerin qarşıdurması olacaq - Adi gözlə müşahidə edə biləcəyik
Bizi izləyin

Maraq dünyası

İki gün sonra Marsla Yerin qarşıdurması olacaq - Adi gözlə müşahidə edə biləcəyik

İyulun 28-də Marsla Yer arasında böyük qarşıdurma yaşanacaq, iyulun 31-də isə Qırmızı planet Yerə ən yaxın məsafədə olacaq.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Publika.az-a verilən məlumatda bildirilib ki, Yerə ən yaxın planet olan Marsın Günəş ətrafında dolanma periodu təxminən 2 Yer ilinə, 686.98 Yer sutkasına və 1.88 tropik ilə bərabərdir. Bu vaxt ərzində Yer müəyyən anlarda Günəşlə Mars arasında olur. Bu anı astronomlar Qarşıdurma adlandırırlar. Bu anda Mars Yerə daha yaxın olur və bu vəziyyətdə onun səthini öyrənmək tədqiqatçılar üçün daha əlverişlidir.

“Marsı digər planetlərdən daha yaxşı öyrənilməsinə baxmayaraq bu planetə olan maraq heç vaxt azalmır. Kosmosla maraqlananlar bu hadisəni səbirsizliklə gözləyirlər. Günəşlə Mars arasında məsafə 1.52 a.v.-dır. Bu hadisə zamanı Qırmızı planet Günəşlə bir düz xətt boyunca yerləşəcək. Bu zaman məsafə 0.39 a.v. və ya 57.8 mln. km-ə qədər qısalacaq. Belə ki, Marsı adi gözlə də müşahidə etmək mümkün olacaq. Qırmızı planet səmada adi gözlə çox parlaq, ulduz ölçüsü -2.8 olan qırmızı ulduz kimi görünəcək. Qeyd edək ki, hər qarşıdurmada Yerlə Mars arasında məsafə eyni olmur. Qarşıdurma qışda baş verirsə planetlərarası məsafə 100 mln km, yayın sonlarında baş verərsə 50-60 mln km-ə qədər qısalır”.

Rəsədxanadan bildirilib ki, Marsın belə qarşıdurması orta hesabla 15-17 ildən bir baş verən hadisədir.

“Bu vəziyyətdə onun ulduz ölçüsü və bucaq diametri dəyişir. Sonuncu böyük qarşıdurma 2003-cü il avqustun 28-də baş verib. O zaman yaxınlaşma 55.8 mln km-ə çatıb. Elmə məlum olan ən böyük qarşıdurma isə 5 sentyabr 1877-ci ildə baş verən qarşıdurmadır. Bu zaman ABŞ astronomları Marsın Foboz və Deymos adlı iki peykinin olduğunu açıqladı. Bu hadisə zamanı Marsı professional teleskop olmadan da müşahidə etmək mümkündür. Müşahidə üçün ən ideal vaxt səhərə yaxındır. Bu zaman onun bütün detalları daha yaxşı görünür. Detalları ilə müşahidə etmək üçün əlbəttə ki, teleskop lazımdır. Bunun üçün 150 mm-lik reflektor kifayət edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm