Azərbaycanda ilk: mükafatı 40 min manat olan müsabiqə başlayır - FOTO
Bizi izləyin

Maraq dünyası

Azərbaycanda ilk: mükafatı 40 min manat olan müsabiqə başlayır - FOTO

Bu gün “Xəzər Media Mərkəzi”ndə Azərbaycanın “Central Asia Got Talent“ (“Talant Mərkəzi Asiya”) müsabiqəsindəki iştirakı ilə əlaqədar mətbuat konfransı keçirildi.

Publika.az-ın məlumatına görə, mətbuat konfransında “Xəzər Media Mərkəzi”nin Baş direktoru Murad Dadaşov, layihənin rəhbəri və münsiflər heyətinin üzvü Serik Akişev, məşhur teleaparıcı, eyni zamanda layihənin də aparıcısı olacaq Leyla Quliyeva, münsiflər heyətində Azərbaycanı təmsil edəcək Oksana Rəsulova iştirak edib. Oksana Rəsulova münsiflər heyətinin tərkibində Azərbaycanı təmsil edəcək yeganə rəqqasə olmaqla yanaşı, çoxşaxəli fəaliyyəti ilə (aktrisa, prodüser, teleaparıcı) təşkilatçıların xüsusi marağına səbəb olub.

“Xəzər Media Mərkəzi”nin Baş direktoru Murad Dadaşov Azərbaycandan seçilən iştirakçılara uğurlar arzulayıb, onların bu yarışda qalibiyyət şanslarını yüksək dəyərləndirib.

M.Dadaşov bu müsabiqənin türkdilli dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə, ideyaların həyata keçirilməsinə, mədəni münasibətlərin yeni mərhələyə qədəm qoymasına töhfə verəcəyini vurğulayıb.

24-25 noyabr tarixlərində “Xəzər Media Mərkəzi”ndə keçirilən seçimlərdə 100-dən artıq iştirakçı şansını sınayıb. Müxtəlif sahələrdə qeyri-adi bacarıq, istedad sərgiləyərək münsiflər heyətinin rəğbətini qazananlar 1 həftə ərzində elan olunacaqlar. Həmin şəxslər dekabr ayının 21-22-də keçiriləcək növbəti seçim mərhələsinə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, müsabiqə 2022-ci ilin yanvar ayından etibarən bütün iştirakçı dövlətlərin – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, o cümlədən Azərbaycanın yayım hüququ qazanmış telekanallarında hər həftə yayımlanacaq. Yarışın Azərbaycan üzrə media tərəfdaşı və eksklüziv yayımçısı “Xəzər Media Mərkəzi”dir.

Azərbaycanın ilk dəfə iştirak edəcəyi müsabiqənin uduş fondu 40000 AZN təşkil edir. Müsabiqənin final mərhələsi 2022-ci ilin may ayında Qazaxıstanın Türküstan şəhərində baş tutacaq və canlı yayımlanacaq.

Tural Turan,

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm