APALLON: Antik dünyanın üçüncü kahin MƏRKƏZİ
Bizi izləyin

Maraq dünyası

APALLON: Antik dünyanın üçüncü kahin MƏRKƏZİ

Türkiyənin Aydın rayonunun Didim qəsəbəsində yerləşən Apollon məbədi İoniya dövlətinin paytaxtı olmuş Miletin ziyarətgahı, Efes və Priene kimi görkəmli şəhərlər üçün müdriklik mərkəzi hesab olunub.

Publika.az xəbər verir ki, onun tikintisi bir neçə yüz ili əhatə edib.

Antik dövrün tanınmış coğrafiyaşünası Strabonun sözlərilə desək, “Nəhəngliyinə görə onun üstünün örtülməsi mümkün olmayıb”.

Müharibələr və yanğınlar nəticəsində dağılan məbəd Makedoniyalı İskəndər, daha sonra Roma imperatorları tərəfindən yenidən inşa edilib.

Yunan mifologiyasının aparıcı tanrılarından olan Apollon incəsənət, musiqi, ilham, həm də gələcəyioxuma tanrısıdır.

Antik dünyanın bu hikmət mərkəzi zamanla o qədər əhəmiyyət kəsb edib ki, padşahlar başqa ölkələrə müharibə elan etməmişdən və tacirlər dənizə çıxmamışdan əvvəl gələcəyi öyrənmək üçün bu məbədə gəliblər. Yəni, Apollondan soruşmadan heç kim vacib qərarlarını verməzdi.

Qazıntılar zamanı tapılan peyğəmbərlik mətnlərinə görə, gələcəkdə nə olacağını öyrənmək istəyənlər əvvəlcə müəyyən haqq ödəyir, maddi vəziyyəti yaxşı olanlar isə məbədə qurban kəsirdilər.

Kahin gələcək haqqında fikir söyləməzdən əvvəl 3 gün oruc tutur, müqəddəs suda yuyunur və eyni şəkildə də qurbanı hazırlayırdı.

Hündürlüyü 25 metr olan Apollon məbədi günümüzə qədər gəlib çatmış, möhtəşəm sütunları, dövrünün ən böyük tək parçası olan nəhəng mərmər bloku və bənzərsiz planı ilə son dərəcə təsiredici bir ziyarətgahdır.

Alimlərin fikrincə, bəlkə də o tamamlansaydı, antik dünyanın 7 möcüzəsindən biri olardı.

Əsrlər keçsə də, sənətkarlığı, ölçüsü, texniki yenilikləri və materialların keyfiyyəti ilə insanı özünə heyran qoyur bu məbəd.

Apollon məbədi girişindəki Meduza başı ilə ziyarətçilərini qarşılayır. Yunan mifologiyasına görə meduza yeraltı dünyadakı üç qardaşdan biridir. Bu ilan tüklü heyvanın baxışları ilə hər şeyi daşa çevirdiyinə inanılıb.

Ona görə qədim yunanlar qorumaq istədikləri bina və ziyarətgahlarda meduzanın heykəlini, büstünü yerləşdirmiş, qalxan və zirehlərinə onun əksini vururmuşlar. Apollonun girişində isə meduzanın başı məbədi pislikdən qorumaq üçün qoyulubmuş.

Apollon məbədindəki bulaq suyu və dəfnə ağacı qədim zamanlardan müqəddəs sayılıb. Bu içməli su mənbəyi həm də ziyarətgahın əsasını təşkil edərək falçılıq, gələcəyigörmə çeşməsi kimi istifadə olunub.

Məbəddəki 120 sütun təkcə Anadolunun deyil, bütün Roma imperiyasının ən diqqətçəkən sütunları olub.

Əhəngdaşı və mərmərdən hazırlanmış sütunları, zəngin qabartmaları və heyrətamiz gözəl quruluşu ilə məbəd memarlıqda estetik qayğının təxminən 2500 il əvvəl mövcud olduğunu göstərir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm