Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Bizi izləyin

Maraq dünyası

Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI

Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI

Sevginin də öz riyaziyyatı ola bilər.

Publika.az xəbər verir ki, I Lyon Universitetinin professoru Loran Pujo-Menjuə beynəlxalq tədqiqatçılar qrupu ilə birlikdə münasibətlərin münaqişələr, stres və qarşılıqlı hissələrin təsiri altında necə dəyişdiyini göstərən modellər yaradıb. Bu modellər üzərində iş onilliklər boyu davam edib və "Sevgi! Rəşadət! Tənliklər!" kitabının əsasını təşkil edib.

"Heç bir sirli cazibə və ya sehirli eliksir mövcud deyil. İndiyə qədər bu, artıq məlum olmalıdır. Deməli, bütün ümidlər itib? Əlbəttə ki, yox. Əsl maraqlı olan məqam da məhz buradan başlayır", – deyə Pujo-Menjuə qeyd edir.

Heyvan populyasiyalarından insan münasibətlərinə

Sevgi elmini öyrənmək üçün riyaziyyatdan istifadə etmək ideyası psixologiyadan deyil, biologiyadan qaynaqlanıb. Tədqiqatçılar populyasiyaların artımını və növlərin qarşılıqlı əlaqəsini təsvir etmək üçün tənliklərdən uzun müddətdir ki, istifadə edirlər – məsələn, Maltus modellərində və yırtıcı-qurban münasibətlərini təsvir edən məşhur Lotka-Volterra tənliklərində.

Daha sonra bu yanaşmalar insan münasibətlərinin təhlili üçün tətbiq olunmağa başlayıb. Pujo-Menjuənin sözlərinə görə, riyazi modellər məhz kimin sizin həyat yoldaşınız olacağını müəyyənləşdirə bilmir, lakin çətinliklərə baxmayaraq bəzi cütlüklərin niyə yaxınlığı qoruyub saxladığını, digərlərinin isə tədricən uzaqlaşdığını anlamğa kömək edir.

"Əhali artımını və ya növlərin nəslinin kəsilməsini proqnozlaşdıra bildiyimiz kimi, cütlük daxilindəki duyğuların təkamülünü də modelləşdirə bilərik", – deyə alim izah edir.

Münasibətlərin "kritik həddi" var

Belə modellərdə mühüm anlayışlardan biri münasibətlərin dayanıqlığının minimum səviyyəsi olan kritik həddir. Əgər tərəfdaşların hiss və qarşılıqlı münasibəti uzun müddət bu səviyyədən aşağı qalarsa, sistem tədricən dağılmağa doğru hərəkət edir.

Evlilik münasibətlərinin ən tanınmış tədqiqatçılarından biri olan psixoloq Con Qottman cütlüklərin davranışının riyazi olaraq təhlil oluna biləcəyini nümayiş etdirib. O, öz tədqiqatlarında həyat yoldaşlarının söhbətlərini və reaksiyalarını qeydə alıb, daha sonra modellərin köməyi ilə münasibətlərin qorunub saxlanılması və ya dağılması ehtimalını qiymətləndirib.

Zaman keçdikcə modellər mürəkkəbləşib – məsələn, polşalı tədqiqatçılar Bilejik, Forış və Marek Bodnar hesablamalara təxirə salınmış reaksiya faktorunu əlavə edərək insanın münaqişəni düşünməyə sərf etdiyi vaxtın cütlükdəki gərginliyi həm gücləndirə, həm də azalda biləcəyini qəbul ediblər.

Müasir tədqiqatlar təkcə münaqişələrin özünü deyil, həm də tərəfdaşların onlardan sonra necə bərpa olunduğunu nəzərə alır. Əsas amil mübahisələrin olmaması deyil, cütlüyün sabit vəziyyətə qayıtmaq qabiliyyəti olur.

Sevkiyə təsir edən üç amil

Tədqiqatçıların modeli münasibətlərin uzunömürlülüyünün asılı olduğu üç əsas elementi ayırır:

  • tərəfdaşların qarşılıqlı cazibəsi;
  • zaman keçdikcə duyğuların tədricən zəifləməsi;
  • bir insanın digərinin emosiyalarına reaksiyası.

Məhz bu amillərin birləşməsi cütlüyün xarici problemlərin öhdəsindən – stres, xəstəliklər, maliyyə çətinlikləri və ya həyatdakı dəyişikliklərlə mübarizə aparmaq qabiliyyətini müəyyən edir.

Pujo-Menjuə münasibətləri "Üç donuzbalası" nağılındakı evə bənzədir:

"Həyat həmişə öz qurdlarını göndərəcək: stres, xəstəlik, iş, uşaqlar, maliyyə çətinlikləri. Riyaziyyat bizə saman ev deyil, kərpic ev tikməyi başa düşməyə kömək edir".

Münasibətlər üçün "GPS" kimi riyaziyyat

Gələcəkdə tədqiqatçılar cütlüklər üçün erkən xəbərdarlıq sistemi yaratmaq məqsədilə riyazi modelləri süni intellektlə birləşdirməyi planlaşdırırlar. Bu sistem münasibətlərin təhlükəli istiqamətdə dəyişməyə başladığını göstərə və vaxtında vəziyyəti dəyişməyə kömək edə bilər.

"Bunu münasibətlər üçün GPS naviqatoru kimi təsəvvür edin. O, harada olduğunuzu, hara getdiyinizi göstərir və arzulanan məqsədə çatmaq üçün marşrutlar təklif edir", – deyə alim bildirib.

Tədqiqatçılar vurğulayırlar ki, belə modellər konkret cütlüyün taleyini dəqiq proqnozlaşdıra bilməz. Onlar əsasən qərb cəmiyyətlərinin məlumatlarına əsaslanır və bütün mədəni və sosial fərqləri nəzərə almır.

"Riyaziyyat qanunauyğunluqları aşkar edə və göstərişlər verə bilər, lakin son nəticədə münasibətlərin uğuru hər iki şəxsin hər gün əlaqələrini gücləndirməyə nə qədər çalışmasından asılıdır. Tənliklər yolu göstərə bilər, lakin bu yolu yenə də birlikdə keçməlisiniz", – deyə Pujo-Menjuə fikrini yekunlaşdırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm