Ən təhlükəsiz nəqliyyat bəlli oldu: Həyatımız üçün qorxu göydə yox, yerdədir
Bizi izləyin

Maraq dünyası

Ən təhlükəsiz nəqliyyat bəlli oldu: Həyatımız üçün qorxu göydə yox, yerdədir

Ən təhlükəsiz nəqliyyat bəlli oldu: Həyatımız üçün qorxu göydə yox, yerdədir

İnsanların təxminən hər altıncısı uçuş qorxusu yaşasa da, yeni araşdırma sərnişinlər üçün havada deyil, yerdə olmağın daha təhlükəli olduğunu ortaya qoyub. ABŞ-da aparılan araşdırmada müxtəlif nəqliyyat vasitələrində ölüm riski müqayisə edilib. Məlum olub ki, eyni məsafə nəzərə alındıqda avtomobil və ya yük maşını ilə səfər kommersiya təyyarəsi ilə uçuşdan 626 dəfə daha təhlükəlidir.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Embr-Riddl Aeronavtika Universitetinin alimləri 2016-2025-ci illərdə ABŞ kommersiya aviasiyasında ölüm halları ilə bağlı məlumatları təhlil edərək onları digər nəqliyyat vasitələri, eləcə də bəzi istirahət və peşə fəaliyyətləri üzrə göstəricilərlə müqayisə ediblər.

Nəticələrə görə, kommersiya aviasiyası araşdırmaya daxil edilən əsas nəqliyyat növləri arasında ən təhlükəsizidir. Uçuş zamanı ölüm riski şərti olaraq 1 qəbul edildikdə, avtomobil səfərlərində bu göstərici 626, bütün avtomobil nəqliyyatında isə 674 olub. Qatarla səyahətdə risk 239 dəfə yüksək qiymətləndirilib.

Motosiklet və velosipedlə bağlı rəqəmlər daha dəhşətlidir

Motosikletlə səfərdə ölüm riski kommersiya təyyarəsi ilə uçuşdan 22 279 dəfə, velosipedlə hərəkətdə isə təxminən 12 min dəfə yüksək olub.

Hətta şəhərlərarası avtobusla səyahət də kommersiya aviasiyasından təxminən 9 dəfə təhlükəli hesablanıb.

Alimlər uçuş riskini bəzi aktiv istirahət növləri ilə də müqayisə ediblər. Xizək və snoubord sürərkən ölüm riski təyyarə ilə uçuşdan 73 dəfə, dalğıclıq zamanı 180 dəfə, marafonda 202 dəfə, paraşütlə tullanarkən isə 422 dəfə yüksək olub.

Təyyarə qəzaları niyə daha təhlükəli görünür?

Tədqiqat müəlliflərinin fikrincə, nəqliyyat vasitələrinin təhlükəsizliyi ilə bağlı insanların təsəvvürü çox vaxt real statistikadan deyil, nadir, lakin emosional təsiri böyük olan hadisələrdən formalaşır.

Təyyarə qəzaları mediada geniş işıqlandırıldığı üçün uçuşların xüsusilə təhlükəli olduğu barədə davamlı təsəvvür yarana bilər. Halbuki avtomobillə adi səfərlər zamanı baş verən çoxsaylı qəza və ölüm halları ictimaiyyətin diqqətini daha az cəlb edir.

Alimlər bildiriblər ki, heç bir fəaliyyət tamamilə risksiz deyil. Bununla belə, ABŞ-ın kommersiya aviasiyası ciddi şəkildə tənzimlənən və təhlükəsizlik səviyyəsi son dərəcə yüksək olan yetkin nəqliyyat sistemidir.

Araşdırma müəlliflərinin qiymətləndirməsinə görə, müasir kommersiya aviasiyası ABŞ-da avtomobil səfərlərindən əhəmiyyətli dərəcədə təhlükəsiz olmaqla yanaşı, ümumilikdə həyat üçün olduqca aşağı risk daşıyan fəaliyyətlər sırasındadır.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm