Prezidentdən SƏRT MESAJ: “Müharibə bizim qələbəmizlə bitəcək”
Bizi izləyin

MDB

Prezidentdən SƏRT MESAJ: “Müharibə bizim qələbəmizlə bitəcək”

Ukraynanın şərqində terrorçuluğa qarşı əməliyyat mayda başa çatacaq.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko Vinnitsa vilayətində regional KİV-in nümayəndələri ilə görüşündə bildirib.

“Biz qəbul edilmiş qanuna uyğun olaraq ölkənin müdafiəsinin başqa formatına keçirik. Parlament Donbasın reinteqrasiyası haqqında təklif etdiyim qanun layihəmi dəstəklədi. Biz Silahlı Qüvvələrin tətbiqi üzrə tamamilə yeni, daha effektiv ölçüləri daxil edirik. Çünki dövlətimizin şərqində təhlükənin səviyyəsinin kəskin artdığını görürük. Və barıtı quru saxlamaq lazımdır”, - Poroşenko vurğulayıb.

Dövlət başçısı xatırladıb ki, general-leytenant Sergey Nayev birləşmiş güclərin əmliyyat komandanı təyin edilib. Poroşenko onu çox təcrübəli, qətiyyətli və unikal döyüş təcrübəsi olan hərbçi adlandırıb: “Antiterror formatı general Nayevin rəhbərliyi altında hərbi formata keçiriləcək”.

Müharibənin nə zaman bitəcəyinə gəlincə, dövlət başçısı bunun çox mürəkkəb sual olduğunu vurğulayıb.

“Amma mən dəqiq deyə bilərəm: müharibə bizim qələbəmizlə bitəcək. Bu barədə heç bir şübhəm yoxdur. Yalnız ona görə ki, biz ən yaxşı Silahlı Qüvvələrə malikik, yalnız ona görə deyil ki, biz doğma torpağımızı müdafiə edirik, yalnız ona görə deyil ki, ukraynalılar bu gün Putinin (Rusiya prezidenti Vladimir Putin –red.) “Novorossiya”, “Malorossiya” və dövlətin parçalanması layihələri üzrə bütün ssenarilərini dağıtdılar, həm də ona görə ki, həqiqət bizimlədir, Allah bizimlədir. Biz dəqiq qalib gələcəyik”, - Poroşenko söyləyib.

Prezidentin sözlərinə görə, yaxın vaxtlarda məlum oldu ki, Rusiya Zaporojye vilayətində “Zaporojye Xalq Respublikası”nı yaratmaq niyyətində idi.

“Kiyevdə hadisələrin ssenarisi açılıb. Xaos yaratmaq üçün 1000-ə qədər vətəndaşı öldürməyi planlaşdırırdılar”, - Poroşenko deyib.

Xatırladaq ki, cari il yanvarın 18-də Ukrayna Ali Radası “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal edilmiş ərazilərdə Ukraynanın dövlət müstəqilliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında” qanunu qəbul edib. Qanunun mətnində Rusiya işğalçı ölkə, Kiyevin nəzarətindən çıxan ərazilər isə işğal olunmuş adlandırılıb.

Qanun ölkənin suverenliyinin müdafiəsi naminə prezidentə dinc vaxtı ordudan istifadə etmək hüququ verib. Bu, ölkənin şərqində müharibə elan edilmədən ordudan istifadəni qanuniləşdirəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm