“Uşaqlar sizə yaxınlaşacaqlar! - Telefon xuliqanlarının NÖVBƏTİ QURBANI
Bizi izləyin

MDB

“Uşaqlar sizə yaxınlaşacaqlar! - Telefon xuliqanlarının NÖVBƏTİ QURBANI

Ukraynanın Təhlükəsizlik Xidmətinin başçısı Vasiliy Qrisak Rusiya prankerləri Vladimir Kuznetsov (“Vovan”) və Aleksey Stolyarovun (“Leksus”) növbəti qurbanı olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, telefon xuliqanları Qrisakla Rusiya jurnalisti Arkadi Babçenkonun adından danışıblar.

Agentliyə verilən audioyazıya əsasən “Babçenko” Kiyevin mərkəzində hücuma məruz qaldığı barədə Təhlükəsizlik Xidmətinin “başçısı”na məlumat verib. “Jurnalist” bildirib ki, hücum dəqiqəsində barda futbol üzrə dünya çempionatı çərçivəsində keçirilən Rusiya-İspaniya matçına baxırdı. “Babçenko” fərz edib ki, görünür, bu, bəzilərinin xoşuna gəlməyib.

“Bizim uşaqlarımız bunu gördülər?” – Qrisak” soruşub.

“Babçenko” ona hadisənin baş verdiyi ünvanı deyib. İdarənin başçısı hadisə yerinə növbətçi əməkdaşları göndərəcəyinə söz verib.

“Mən indi sizə bacardığım köməyi edəcəyəm. Uşaqlar sizə yaxınlaşacaqlar”, - Qrisak söyləyib.

Qeyd edək ki, “Vovan” və “Leksus” bir çox məşhurlarla etdiyi telefon zarafatı ilə əlaqədar zaman-zaman gündəmə gəliblər. Son olaraq mayın sonunda “Vovan” Böyük Britaniyanın xarici işlər naziri Boris Consonla Ermənistanın baş naziri Nikol Paşinyanın adından zəng edib.

Kuznetsovun sözlərinə görə, “bütün işlərə Rusiyanın müdaxiləsi haqqında” söhbət edərək Consonla zarafat etməyə qərar veriblər.

“Consonun danışığı diplomatik idi. Fikrimcə, ona görə ki, Ermənistanın baş naziri ona yad şəxs idi və onunla necə davranmaq barədə dəqiq fikir yox idi: o, Rusiyanın yanında və ya ona qarşı olacaq”, - “Vovan” bildirib.

İngiltərənin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, nazir onun zarafat edildiyini anlayıb və söhbəti kəsib.

“Vovan” 2016-cı ilin noyabrında yutubda Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon söhbətinin 15 dəqiqəsini yayıb. Kuznetsov özünü Qırğızıstan prezidenti Almazbek Atambayev kimi təqdim edib.

O, söhbətin gedişatında Poroşenkodan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvlüklə bağlı Kiyevin mövqeyini soruşub. “Rusiyanın aparıcı rol oynadığı MDB-də əməkdaşlıq sağlam düşüncəyə ziddir. Mən hələ ki, birliyin ən ali orqanlarında Ukraynanın təmsilçilik səviyyəsini azaltmışam, təhlükəsizlik sferasında qarşılıqlı əlaqələri dayandırdıq”, - Poroşenko deyib.

Pranker həmçinin Lipetskdə “Roshen” fabrikini qorumaq üçün “öz adamları”nın adına rəsmiləşdirməyi təklif edib. Poroşenko təkliflə razılaşır və deyir ki, danışmaq üçün adamlarını göndərsin.

Siyasətçilərin telefon danışıqları haqqında xəbər noyabrın 2-də Ukrayna prezidentinin mətbuat xidməti tərəfindən dərc edilib. Qeyd edilirdi ki, dövlət başçıları ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər. Noyabrın 3-də Poroşenkonun rəsmi saytından telefon söhbəti haqqında xəbər yoxa çıxdı.

Qırğızıstan prezidentinin administrasiyası da ölkənin liderlərinin söhbəti haqqında məlumatları təkzib edib. “Bu informasiya mötəbər deyil”, - prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Sapar İsakov deyib.

Rusiyalı telefon xuliqanları həmin ilin əvvəlində telefon vasitəsilə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı aldadıblar. “Vovan” və “Leksus” kimi tanınan rus prankerləri Ərdoğana zəng vuraraq özlərini Ukrayna baş naziri Arseni Yatsenyuk və prezident Pyotr Poroşenko kimi təqdim ediblər.

İddia olunur ki, telefon xuliqanlarının hiyləsinə aldanan Ərdoğan Poroşenkonu “dəyərli dostum” adlandırıb. “Ukrayna tərəfi” Ərdoğana Rusiya sanksiyalarından əziyyət çəkdikləri üçün birgə fəaliyyət planı cızmağı təklif edir. “Böyük məmnuniyyətlə. Bu mövzuda heç bir şübhəniz olmasın”-deyə Ərdoğan telefonda deyib (2015-ci ilin noyabrında Türkiyənin Suriyada Rusiyaya məxsus Su-24 təyyarəsini vurması ilə əlaqədar Ankara və Rusiya arasında münasibətlər pisləşmiş, nəticədə Türkiyə və Ukrayna arasında yaxınlaşma baş vermişdi –red.).

“Vovan” və “Leksus” daha əvvəl digər məşhurlarla - Elton Con, Mixail Saakaşvili, Vitali Klçiko, Arsen Avakovu da telefon zəngləri vasitəsilə aldatmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm