"Mənə anonim zəng gəldi və..." - Prezidentlərə sui-qəsd hazırlığı haqqında SENSASİYALI İDDİA
Bizi izləyin

MDB

"Mənə anonim zəng gəldi və..." - Prezidentlərə sui-qəsd hazırlığı haqqında SENSASİYALI İDDİA

Ukraynanın birinci prezidenti Leonid Kravçuk sensasiyal iddia ilə çıxış edib.

Publika.az xəbər verir ki, Kravçukun sözlərinə görə, Maydan hadisələrinə (2013-cü ilin sonu-2014-cü ilin əvvəli –red.) az qalmış ona və keçmiş prezident Viktor Yanukoviçə qarşı sui-qəsdə hazırlıq gedirdi.

“Məlum Maydan hadisələrinə az qalmış mobil telefonuma anonim nömrədən zəng gəldi. Telefon zənginin müəllifi bildirdi ki, mənim və Yanukoviçin qətli hazırlanır. “Çauşesku qrupu” yaradılmışdı və onlar Yanukoviçlə vaxtilə Rumıniya prezidenti Nikolay Çauşesku ilə davrandığı kimi davranmaq istəyirdilər”, -Kravçuk “Strana.ua” nəşrinə müsahibəsində bildirib.

Ölkənin birinci prezidentinin sözlərinə görə, anonim zəngin müəllifindən bu haqda məlumatı haradan aldığını öyrənməyə çalışıb, ancaq həmsöhbət bildirib ki, öz mənbələrini açıqlaya bilməz. Kravçukun növbəti sualı onun telefon nömrəsinin necə əldə edilməsi barədə olub. Həmsöhbət keçmiş prezidentə bildirib ki, bu, onun üçün problem deyil.

Kravçuk bu telefon söhbətindən sonra Viktor Yanukoviçlə əlaqə saxlamağa çalışıb, lakin o zənglərə cavab verməyib. Bundan sonra isə o vaxtkı prezident adminitrasiyasının başçısı Andrey Klüyevə zəng vuraraq sui-qəsd təhlükəsi barədə danışıb.

Xatırladaq ki, Ukraynada hakimiyyət dəyişikliyi 2014-cü il fevralın 22-də baş verib. Ali Rada prezident Viktor Yanukoviçi hakimiyyətdən kənarlaşdırıb, sonuncu isə həyatı üçün təhlükəni əsas gətirərək Rusiyaya qaçıb.

Əlavə edək ki, Kravçukun haqqında danışdığı Nikolay Çauşesku 1974-1989-cu illərdə Rumıniya Sosialist Respublikasının prezidenti olub. Dekabrın 25-də cəmi iki saat davam edən məhkəmə prosesində Nikolay və Yelena Çauşeskular soyqırım ittihamıyla ölüm hökmünə məhkum edildilər. Şikayət üçün formal olaraq 10 gün vaxt verilsə də, hökm televiziya translyasiyası başa çatan kimi həyata keçirildi.

Güllələnməni həyata keçirmək üçün yüzlərlə könüllü hazır olsa da, yalnız 4 nəfər - bir zabit və üç əsgər seçildi. Keçmiş diktator və xanımının meyiti bir neçə gün stadionda qalandan sonra Buxarestdə dəfn edildi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm