Atambayevin iqamətgahına hücum: 1 ölü, 52 yaralı - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

MDB

Atambayevin iqamətgahına hücum: 1 ölü, 52 yaralı - FOTO - (YENİLƏNDİ)

Avqustun 7-də Almazbek Atambayevi tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına respublikanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum zamanı Qırğız Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” xüsusi dəstəsinin döyüşçüsünün ölüm faktı qeydə alınıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, məlumatı Qırğızıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, “Alfa” xüsusi dəstəsinin döyüşçüsünün ölümü və hüquq-mühafizə orqanları əməkdaşlarının yaralanması faktları üzrə nazirlikdə cinayət işi başlanılıb: “Faktlar Cinayət Məcəlləsinin “qətl” və “qətlə cəhd” maddələrinə əsasən qeydə alınıb.

Hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlara qarşı odlu silahdan atəş açılmayıb. Keçmiş prezident Almazbek Atambayevin evi tərəfdən odlu silah tətbiq edilib”, - mətbuat xidməti vurğulayıb.

***

09:52

Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı yaranmış qarşıdurmada 52 nəfər xəsarət alıb.

Qırğızıstan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, xəstəxanaya 52 nəfər müraciət edib. Onlardan 20 nəfər xəstəxanada, daha 11 nəfər güc strukturlarının tibb müəssisələrində müalicə olunur.

***

Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı 48 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, xəstəxanaya 48 nəfər müraciət edib. Onlardan 9 nəfəri ambulator müalicəyə buraxılıb. Ümumilikdə isə 38 nəfərin stasionar müalicədə olduğu bildirilir.

***

01:36

Almazbek Atambayevin iqamətgahında xüsusi təyinatlı dəstənin altı döyüşçüsü saxlanılır.

Publika.az xəbər verir ki, bu haqda "İnterfaks" agentliyi bildirib.

Ölkənin Daxili İşlər Nazirliyi keçmiş dövlət başçısının tərəfdarlarından onların azad edilməsini tələb edib. Nazir müavini xüsusi təyinatlıların azad edilməsi üçün Atambayevin nümayəndələri ilə danışıqlar aparır.

Səhiyyə Nazirliyinin məlumatına görə, Atambayevin tərəfdarları ilə təhlükəsizlik əməkdaşlarının qarşıdurmasında zərər çəkənlərin sayı 42 nəfərə qədər artıb. Xəstəxanaya daha əvvəl çatdırılmış xüsusi təyinatlı dəstənin bir döyüşçüsü ölüb.

***

23:29

Qırğız xüsusi təyinatlı dəstəsi Almazbek Atambayevin iqamətgahına hücumun ikinci cəhdinə başlayıb.

Publika.az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu haqda "Aprel" televiziya şirkəti bildirib.

Eyni zamanda, Atambayevin tərəfdarları təhlükəsizlik əməkdaşlarının hücumunu daşlarla dəf edirlər. Qeyd edilir ki, xüsusi əməliyyat nəticəsində zərər çəkənlərin sayı 36 nəfərə çatıb.

Rəsmi informasiyaya görə, keçmiş prezidenti saxlamaq hələ mümkün olmayıb. Qeyd edək ki, daha əvvəl sabiq dövlət başçısının qərargahı Atambayevin saxlanılaraq naməlum istiqamətə aparıldığını açıqlamışdı.

***

22:24

Qırğızıstanın sabiq prezidentinin iqamətgahına hücum zamanı zərər çəkənələrin sayı 15-ə çatıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

***

19:38

Qırğızıstanda sabiq prezident Almazbek Atambayev saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi sabiq dövlət başçısının qərargahına istinadla məlumat yayıb.

Qərargahdan verilən son məlumata görə, Atambayev naməlum istiqamətdə aparılıb.

Məlumatda bildirilir ki, Atambayevin tərəfdarları hüquq mühafizə orqanları əməkdaşlarının onun Bişkek şəhəri yaxınlığında yerləşən evinə girməsinə mane olmağa çalışıblar. Sabiq prezidentin evinə gedən bütün yollar bağlanıb. Xüsusi təyinatlılar rezin güllələrdən və səs qumbaralarından istifadə ediblər. Əməliyyatın gedişində təxminən 10 nəfər, o cümlədən yerli nəşrlərdən birinin jurnalisti yaralanıb.

Xatırladaq ki, iyunun 27-də Qırğızıstan parlamenti Almazbek Atambayevin toxunulmazlıq statusunu ləğv edib. Onun adı qanun pozuntusu ilə bağlı bir neçə epizodda hallanır. Qırğızıstanın sabiq rəhbəri torpaq sahələrinin təyinatlarının dəyişdirilməsinə kömək göstərməkdə, Bişkek İstilik Elektrik Stansiyasının yenidən qurulması zamanı korrupsiya hallarına yol verilməsində, kriminal avtoritet Əziz Batukayevin həbsdən qanunsuz buraxılmasında, həmçinin Çuy vilayətinin Koy-Taş kəndində ev tikdirmək üçün qanunsuz olaraq torpaq sahəsi almaqda ittiham edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm