Zelenski xalqa müraciət etdi: Ukraynanı təslim... - VİDEO
Bizi izləyin

MDB

Zelenski xalqa müraciət etdi: Ukraynanı təslim... - VİDEO

Ukrayna Prezidenti Vladimir Zelenski “Ştaynmayer formulu”na qarşı etiraz aksiyası keçirənlərə video müraciət edib.

Publika.az xəbər verir ki, V.Zelenski müraciətində etiraz edən Ukrayna vətəndaşlarının konstitusiya hüquqlarını tanıdığını bildirib və Ukraynanı təslim etməyə hazırlaşmadığını söyləyib.

“Hər bir vətəndaşın etiraz hüququna hörmət edirəm. Sizi eşidirəm və inanın, heç vaxt Ukraynanı təslim etməyəcəyəm. Eyni zamanda, hamıdan xahiş edirəm ki, vəziyyətə sakit və diqqətlə yanaşsın və bəzi insanların manipulyasiyalarına və təxribatlarına yol verməsinlər. Həqiqətən də sizlərdən istifadə etmək istəyirlər, onların siyasi təqiblərinin qurbanına çevrilməyin və cinayət məsuliyyətindən yayının”, - deyə V.Zelenski müraciətində vurğulayıb.

Ukrayna Prezidenti əlavə edib ki, “Normand formatı” çərçivəsində keçiriləcək görüşdə Donbasın statusuna dair hər hansı sənəd imzalanmayacaq. Donbasın statusu haqqında qanun 2019-cu il dekabrın 31-nə qədər qüvvədədir. “Donbasın statusu haqqında yeni qanun isə Ukrayna ictimaiyyətinin birgə müzakirəsi ilə hazırlanacaq. Ukraynanın milli maraqlarından kənar hər hansı hadisə baş verməyəcək”, - deyə V.Zelenski deyib.

Onun sözlərinə görə, Fransa, Almaniya və Rusiya liderlərinin iştirakı ilə keçiriləcək “Normand formatı” görüşündə Donbasda müharibənin dayandırılması müzakirə ediləcək. “Donbasda tam atəşkəs bərpa edilməlidir və xarici ölkələrin ordusu vəziyyətə nəzarət etməlidir. Mənim mövqeyim dəqiq və aydındır, bu bütün ukraynalıların mövqeyidir. Biz hamımız başa düşürük ki, Donbas Ukraynanındır. Ukrayna Luqansk və Donbas “xalq respublikalarının” nümayəndələri ilə hər hansı saziş imzalamayacaq”, - deyə V.Zelenski qeyd edib.

Xatırladaq ki, Almaniyanın sabiq Xarici İşlər naziri Frank-Valter Ştaynmayer 2015-ci ildə Ukraynanın cənub-şərqindəki münaqişə ilə bağlı təklif irəli sürüb. Həmin təklifə görə, Donbas regionuna orada növbədənkənar seçkilər keçirilən gün xüsusi status veriləcək. Ukrayna münaqişənin nizamlanmasına dair “Ştaynmayer formulu”na razılıq verib. Bundan sonra Ukraynanın bir çox bölgələrində, o cümlədən paytaxt Kiyevdə etiraz aksiyaları keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm