Rusiyadan Kiyev sakinlərinə bayram “TƏBRİKİ”
Bizi izləyin

MDB

Rusiyadan Kiyev sakinlərinə bayram “TƏBRİKİ”

Rusiya ordusu gecə boyunca Ukraynanın paytaxtı Kiyevə çoxsaylı hava zərbələri endirib.

Publika.az xəbər verir ki, hava hücumundan müdafiə sistemləri Kiyevə doğru hərəkət edən ən azı 40 pilotsuz uçan aparatını vurub.

Bu, may ayında Rusiyanın Kiyevə həyata keçirdiyi 14-cü hücumdur. Kiyev Günü həyata keçirilən hücum zamanı 1 nəfərin həlak olduğu, 2 nəfərin yaralandığı bildirilir.

Kiyevlilər bu gün 1541 il əvvəl şəhərin qurulmasını qeyd edir. Kiyev Günündə müharibədən əvvəl şəhər sakinləri üçün küçə yarmarkaları, canlı konsertlər və xüsusi muzey sərgiləri təşkil edilirdi. Bu il də müəyyən tədbirlər olacaq, ancaq daha kiçik miqyasda...

Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermak "Telegram" kanalında yazıb ki, ölkənin tarixi özünə güvənməyən ruslar üçün qıcıqlandırıcıdır.

Kiyevin hərbi administrasiyasının rəhbəri Sergey Popko isə bildirib ki, ilkin məlumatlara görə, hava hücumu Rusiyanın 2022-ci ilin fevralında işğalı başlayandan bəri Kiyevə edilən ən böyük dron hücumu olub. O, əlavə edib ki, Rusiya hücumda İran istehsalı olan “Şahed” dronlarından istifadə edib.

“Bu gün düşmən öz ölümcül PUA-larının (pilotsuz uçuş aparatlarının) köməyi ilə Kiyev əhalisini Kiyev Günü münasibətilə “təbrik etmək” qərarına gəlib”, - deyə Popko "Telegram" kanalında yazıb.

Bildirilib ki, hücum bir neçə dalğada həyata keçirilib və hava xəbərdarlığı beş saatdan çox davam edib. Şəhər meri Vitali Kliçko vurğulayıb ki, hücum zamanı 41 yaşlı şəxs həyatını itirib. Hərbi administrasiya ən azı iki nəfərin yaralandığını açıqlayıb.

Rəsmilərin bildirdiyinə görə, Kiyevin bir sıra rayonları, o cümlədən tarixi Peçerski məhəlləsi gecə ərzində həyata keçirilən hücumlar zamanı zərər görüb. Peçerskidə pilotsuz uçan aparatlarının qalıqlarının düşməsi nəticəsində doqquz mərtəbəli binanın damında yanğın baş verib, Darnitski rayonunda isə mağazaya ziyan dəyib.

Kiyevin cənub-qərb hissəsində yerləşən Qolosivski rayonunda zərbələr nəticəsində üç mərtəbəli anbar yanıb, təxminən 1000 kvadratmetr tikinti konstruksiyası dağılıb. Şəhərin qərbindəki Solomyanski rayonunda 7 mərtəbəli qeyri-yaşayış binasının üzərinə düşən pilotsuz uçuş aparatının qalıqları yanğına səbəb olub. (modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm