MDB
Rusiya Ermənistana qarşı siyasətini dəyişir - Moskva Paşinyana necə təzyiq edəcək?
Rusiya Ermənistanla münasibətlərdə sərt cəza tədbirləri əvəzinə daha seçici iqtisadi və siyasi təzyiqdən istifadə edə bilər. Kreml bununla həm Ermənistana təsir imkanlarını qorumağa, həm də İrəvanın Qərbə doğru daha sürətli getməsinin qarşısını almağa çalışır.
Publika.az xəbər verir ki, bu barədə "The National Interest" yazıb.
Bildirilib ki, Rusiyanın əsas təsir rıçaqlarından biri Ermənistanın iqtisadiyyatının Rusiya bazarından asılılığıdır. 2025-ci ildə Ermənistanın Rusiyaya ixracı təxminən 3 milyard dollar təşkil edib ki, bu da ölkənin ümumi ixracının üçdə birindən çoxudur.
2026-cı il ərzində Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarına məhdudiyyətləri sərtləşdirib. Pomidor, xiyar, bibər, göyərti və çiyələkdən sonra siyahıya balıq, gül, mineral su, alkoqollu içkilər və digər məhsullar da əlavə olunub. Nəşrə görə, Moskva bundan sonra da genişmiqyaslı embarqo əvəzinə idxalın müvəqqəti dayandırılması, gömrük yoxlamalarının artırılması və inzibati gecikmələr kimi tədbirlərdən istifadə edə bilər.
Moskvanın digər təsir imkanları Rusiyada çalışan erməni əmək miqrantları və Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyüdür. Aİİ çərçivəsində Ermənistan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan bazarlarına gömrüksüz çıxış əldə edir. Buna görə də Kreml Ermənistanın Aİİ-dən çıxmasına çalışmaya bilər. Belə bir addımın İrəvanı Avropa, Türkiyə və Azərbaycanla iqtisadi əlaqələri sürətlə genişləndirməyə sövq edə biləcəyi düşünülür.
Qaz da əsas rıçaqlardan biridir
Energetika da Rusiyanın Ermənistana təsir imkanlarını qoruduğu sahələrdəndir. Ermənistanın təbii qaz idxalının təxminən 80 faizi Rusiyanın payına düşür.
Nəşr hesab edir ki, qaz tədarükünün tam dayandırılması ehtimalı azdır. Lakin Ermənistan Rusiyanın rəhbərlik etdiyi inteqrasiya strukturlarından daha da uzaqlaşarsa, Moskva İrəvanın güzəştli qaz qiymətlərindən məhrum edilə biləcəyinə işarə edib. Qazın qiymətində hətta kiçik artımın belə əhali, sənaye və nəqliyyat üçün ciddi iqtisadi nəticələri ola bilər.
Moskvanın seçkilərə müdaxilə cəhdi
Məqalədə Rusiyanın Ermənistanın daxili siyasi proseslərinə mümkün müdaxiləsindən də bəhs olunur. "The Insider"in məlumatına görə, Rusiya prezident administrasiyasının bölmələrindən biri xüsusi xidmət orqanlarına Nikol Paşinyanın seçkilərdə mövqeyini zəiflətməyə yönəlmiş təsir kampaniyası aparmağı tapşırıb.
May ayında OCCRP tərəfindən yayımlanan sənədlərdə Rusiyanın “Sosial layihələr agentliyi”nin bu kampaniyanın informasiya hissəsində iştirak etdiyi bildirilib. Sənədlərdə Rusiyada yaşayan ikili vətəndaşlığı olan ermənilər potensial olaraq həlledici seçici qrupu kimi nəzərdən keçirilirdi.
Ermənistanın Rusiyadan alternativləri artır
Bununla belə, Ermənistanın xarici siyasət və iqtisadiyyat sahəsində alternativləri genişlənir. Türkiyə ilə münasibətlərin normallaşdırılması, Azərbaycanla əlaqələrin yaxşılaşması və yeni nəqliyyat marşrutlarının yaradılması Ermənistanın Rusiya bazarından asılılığını azalda bilər.
Türkiyə Ermənistanla dəmir yolu əlaqəsinin bərpası üzrə işlərə başladığını açıqlayıb. Bakı ilə İrəvan arasında da sülh sazişinin imzalanmasına yönələn proses davam edir. Eyni zamanda, TRIPP layihəsi üzrə işlər irəliləyir və Ermənistan iyulun 16-da layihədəki rolunu rəsmiləşdirən qanun layihəsini təsdiqləyib.
Avropa İttifaqı da Ermənistanın iqtisadi diversifikasiyasını dəstəkləyir. Brüssel Ermənistan ixracının bir hissəsinin Aİ bazarına gömrüksüz çıxışının genişləndirilməsi, ixracın şaxələndirilməsi və sərhəd infrastrukturunun inkişafı üçün maliyyə və texniki dəstək təklif edib.
"The National Interest" isə hesab edir ki, bu şəraitdə Moskva Ermənistana qarşı siyasətini daha ehtiyatlı qurmağa məcbur olacaq. Həddindən artıq təzyiq isə əks nəticə verərək Ermənistanı Qərbə və Türkiyəyə daha da yaxınlaşdıra bilər.
Müəllif: Adəm
-
ABŞ17:02ABŞ-İsrail ittifaqında çatlar: Tramp Netanyahudan üz döndərir?
-
Rəsmi xronika15:56Prezident fərman imzaladı
-
ABŞ15:54İran ABŞ-ın ən həssas nöqtəsini hədəfə aldı - Siyahıda nəhəng şirkətlər var
-
Rəsmi xronika13:49Özbəkistanlıların Azərbaycana axını: Prezident rəqəmləri açıqladı
-
Yaxın Şərq13:26İsrail Türkiyəyə qarşı hərəkətə keçdi: Suriyada təhlükəli qarşıdurma
-
Nəqliyyat10:25Bu marşrutun hərəkət sxemi dəyişdirildi
-
ABŞ09:43Tramp meydan oxudu: İran böhranı bu ölkə ilə savaşa səbəb olacaq
-
Sosial08:36Bakı və Sumqayıtın bir sıra əraziləri işıqsız qalacaq


































